Bildirişlər
1. Müxaliflərlə də gözəl şəkildə mübahisə etmək lazımdır. Həssas suallarla müşayiət olunan dəlillər təsirlidir.
2. Düşmənlərin möminlərlə ixtilafı yalnız onların imanına xatirdir.
3. Müsəlmanların bütün səmavi kitaba inanması kitab əhlində kin-küdurət yaradan səbəblərdəndir.
4. Kitab əhlinin müsəlmanlarla düşmənçiliyinin tarixi keçmişi var.
5. Düşmənin yaratdığı problemlər qarşısında ədalət və insafı əldən verməyin. Elə düşünməyin ki, hamı günahkardır.
6. Haqqın inkarı və haqq ardıcıllarının əziyyətə salınması günahdır.
60. ﴿قُلْ هَلْ أُنَبِّئُكُم بِشَرٍّ مِّن ذَلِكَ مَثُوبَةً عِندَ اللّهِ مَن لَّعَنَهُ اللّهُ وَغَضِبَ عَلَيْهِ وَجَعَلَ مِنْهُمُ الْقِرَدَةَ وَالْخَنَازِيرَ وَعَبَدَ الطَّاغُوتَ أُوْلَـئِكَ شَرٌّ مَّكَاناً وَأَضَلُّ عَن سَوَاء السَّبِيلِ﴾
“De ki, sizə Allah hüzurunda bundan da ağır cəza (sahibləri) haqqında xəbər verimmi? Onlar Allahın lənət etdiyi, qəzəbinə gətirdiyi, bir qismini meymun və donuz şəklinə saldığı, tağuta pərəstiş edən kəslərdir. Onların Allah yanında yerləri çox pisdir. Onlar düz yoldan daha çox azmışlar.”
Nöqtələr
◘Ayədəki “məsubət” və “səvab” sözləri ilkin hala gediş və qayıdış, hər növ aqibət və cəza mənalarını bildirir. Amma adətən, bu sözlər yaxşı əvəz mənasında işlədilir.2
◘Dini, İslamı, müsəlmanların namazını məsxərəyə qoyanlar, müsəlmanları imanlarına görə incidənlər nə üçün öz qaranlıq keçmişlərinə nəzər salmırlar? Axı onlar məsx oldular və rüsvay edildilər. Peyğəmbər dövrünün yəhudiləri donuz və meymun şəklinə salınmasalar da, Bəni-İsrail özünü vahid qövm saydığından, keçmişdəkilərin əməlləri ilə fəxr etdiklərindən onların rüsvayçılıqları da sonrakı nəsil üçün alçaldıcıdır.
◘Bir çox təfsirçilərin fikrincə, şəri hiylə quraraq qadağan olunmuş şənbə günü ov edən yəhudilər meymun şəklinə salındılar. İsanın səmavi süfrəsini (“Maidə”) inkar edən məsihilər isə donuz şəklinə düşdülər.1
Bildirişlər
1. Allahın cəzaları ədalətlidir. Əgər kimlərsə meymun və donuz şəklinə salınmışlarsa, (məsx edilmişlərsə) bu onların öz əməllərinin əvəzidir.
2. Tağuta itaət edənlər də məsx olanların cərgəsindədir.
3. Bəşər tarixindəki fitnəkarların aqibətinin bəyanı Quranın təbliğ üsullarındandır.
4. Ehtiram saxlamayanın ehtiramı yoxdur.
5. Ağır cəza ağır azğınlıq üçündür.
61. ﴿وَإِذَا جَآؤُوكُمْ قَالُواْ آمَنَّا وَقَد دَّخَلُواْ بِالْكُفْرِ وَهُمْ قَدْ خَرَجُواْ بِهِ وَاللّهُ أَعْلَمُ بِمَا كَانُواْ يَكْتُمُونَ﴾
“Əgər (münafiqlər və ya kitab əhlindən bəziləri) sizin yanınıza gəlsələr, deyərlər: “İman gətirdik.” Halbuki onlar sizin yanınıza küfrlə gəlir və həmin küfrlə gedirlər. Allah onların gizlətdiklərindən daha çox xəbərdardır.”
Bildirişlər
1. İnsanların “imanlıyam” deməsi sizi aldatmasın. Dildə imanın izharı onun qəlbdə olması deyildir.
2. Allah insanların daxilindən onların özlərindən də çox agahdır.
3. Münafiqcəsinə “imanlıyam” deyənlər bilsinlər ki, Allah onların qəlbindən xəbərdardır.
62. ﴿وَتَرَى كَثِيرًا مِّنْهُمْ يُسَارِعُونَ فِي الإِثْمِ وَالْعُدْوَانِ وَأَكْلِهِمُ السُّحْتَ لَبِئْسَ مَا كَانُواْ يَعْمَلُونَ﴾
“Onların («imanlıyam» deyənlərin) çoxunun günah, zülm və haramxorluqda tələsdiyini görərsən. Doğrudan da, onların işi necə də çirkindir?!”
Nöqtələr
◘Ötən ayədə kitab əhlinin küfr və nifaq ruhiyyəsindən danışıldı. Bu ayədə isə onların əxlaqi, ictimai və iqtisadi fəsadları bəyan olunur.
◘“Suht” təbiri dərinin soyulması və ya şiddətli aclıq mənalarını bildirir. Bəzən qeyri-şəri mal, xüsusi ilə rüşvət də “suht” adlanır. Çünki bu sayaq mal-mülk cəmiyyətin səfa və təravətini puça çıxarır. Ağacın qabığının soyulması onun qurumasına səbəb olduğu kimi, haram mal da cəmiyyətin təravətini məhv edir. Beləcə, “suht” sözünün geniş mənası var. Ayələrdə isə bu sözün bəzi mənaları zikr olunmuşdur.2
Bildirişlər
1. Azğınları tənqid edərkən insaflı olmaq lazımdır. (Onların hamısı hədəfə alınmamalıdır.)
2. İslam cəmiyyətinin siması xeyir işlərə tələsməkdən ibarətdir.1 Küfr cəmiyyətinin siması isə fəsada tələsməkdən ibarətdir.
3. Əxlaqi, ictimai və idari fəsaddan da pisi fəsada adət və fəsada tələsməkdir.
4. «İmanlıyam» deyib günaha, təcavüzə, haramxorluğa tələsənlər nə çoxdur!
5. Günaha yol verməkdən də pisi günahda qərq olmaqdır.
6. Təcavüz, haramxorluq günah nümunələri olsa da, bu iki günah kitab əhli arasında daha çox yayıldığından ayrıca zikr olunur.
63. ﴿لَوْلاَ يَنْهَاهُمُ الرَّبَّانِيُّونَ وَالأَحْبَارُ عَن قَوْلِهِمُ الإِثْمَ وَأَكْلِهِمُ السُّحْتَ لَبِئْسَ مَا كَانُواْ يَصْنَعُونَ﴾
“Nə üçün məsihi və yəhudi alimləri onları günah sözdən və haram mal yeməkdən çəkindirmirlər? Onların işi necə də pisdir?!”
Nöqtələr
◘Həzrət Əli (ə) bir xütbəsində buyurur: “Allah ötən qövmləri yalnız əmr be məruf və nəhy əz münkəri tərk etdikləri üçün lənətlədi. Allah avamları günaha batdıqları üçün, alimləri nəhy əz münkəri tərk etdikləri üçün lənətlədi.
◘“Rəbbaniyyun” sözü məsihi alimlərinə, “əhbar” sözü yəhudi alimlərinə işarədir.
◘İmam Hüseyn (ə) hazırkı ayə haqqında buyurmuşdur: “Alimlərin susmasının, əmr be məruf və nəhy əz münkəri tərk etməsinin səbəbi ya zalımların mənafeyinə tamah, ya da onlardan qorxudur.2
◘Əvvəlki ayədə “yəməlun”, bu ayədə isə “yəsnəun” təbirləri işlənmişdir. Mərhum Feyz Kaşani deyir: “Bu iki söz arasındakı fərq ondan ibarətdir ki, “sane” işdə bişmiş və bir iş xarakterinə hopmuş adamdır.
Bildirişlər
1. Əmr be məruf və nəhy əz münkərin məsuliyyəti hamıdan qabaq alimlərin üzərinə düşür.
2. Alimlərin sükutu və biganəliyi fəsadın yayılması zəminəsidir.
3. Alimlər güclü olmalıdırlar ki, moizə və dəvətdən əlavə, fəsadın qarşısını da alsınlar.
4. Əgər nəhy əz münkər günahın qarşısını almasa, heç olmasa onun sürətini azaldar.
5. Kitab əhli alimləri öz vəzifələrinə ən aşağı həddə də əməl etmədilər. (Əvvəlki ayədə günah, zülm və haramxorluq kitab əhlinin günahları kimi sadalandı. Bu ayədə isə zülm kəlməsi işlədilməmişdir. Belə başa düşmək olar ki, alimlər zülmün qarşısını almaq gücündə deyillərsə də, günah və haramxorluğun qarşısını almalıdırlar.)
6. Elmin gözəlliyi onun izharında, çirkinliyi isə sükut və onu gizlətməkdədir.
7. Alimin sükutu xatakarın günahından daha pisdir.
8. Günahın aşkarlığı, günahkarların çoxluğu, günahın çeşidliliyi alimlərin sükutuna səbəb ola bilməz.
64. ﴿وَقَالَتِ الْيَهُودُ يَدُ اللّهِ مَغْلُولَةٌ غُلَّتْ أَيْدِيهِمْ وَلُعِنُواْ بِمَا قَالُواْ بَلْ يَدَاهُ مَبْسُوطَتَانِ يُنفِقُ كَيْفَ يَشَاء وَلَيَزِيدَنَّ كَثِيرًا مِّنْهُم مَّا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ طُغْيَانًا وَكُفْرًا وَأَلْقَيْنَا بَيْنَهُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاء إِلَى يَوْمِ الْقِيَامَةِ كُلَّمَا أَوْقَدُواْ نَارًا لِّلْحَرْبِ أَطْفَأَهَا اللّهُ وَيَسْعَوْنَ فِي الأَرْضِ فَسَادًا وَاللّهُ لاَ يُحِبُّ الْمُفْسِدِينَ﴾
“Yəhudilər dedilər: “Allahın əli bağlıdır.” Əlləri bağlansın və bu sözlərin cəzası olaraq Allahın lütfündən uzaq olsunlar. Əksinə, Allahın iki (qüdrət) əli açıqdır - istədiyi kimi infaq edir. Əlbəttə, Rəbbin tərəfindən sənə nazil olan şey onların bir çoxunun küfr və tüğyanını artırır. Biz onların arasında qiyamət gününədək düşmənçilik və kin salmışıq. Hər dəfə döyüş alovunu şölələndirəndə Allah onu söndürdü. Onlar daim yer üzündə fəsad və günaha çalışırlar. Allah fəsad əhlini sevməz.”
Dostları ilə paylaş: |