Nöqtələr
◘“Usirə” sözü casusluqdan xəbərdar olma mənasını bildirir.1
◘Qeyd etməliyik ki, meyit sahiblərinin şəhadəti və andı səfər və ya qeyri səfərdə, onun mülkü haqqında əvvəlcədən malik olduqları məlumatlara əsaslanır.
◘“Əvləyani” sözü iki cür mənalandırıla bilər:
a) Zərərlərinə şəhadət vermiş, amma varis olduqlarından meyitə yaxın sayılan iki nəfər;
b) İnsan ölərkən onun yanında olan və onun yanında olduqları üçün öndə sayılan iki şahid. Buna əsasən ayə belə tərcümə olunur: Əgər əvvəlki iki nəfərin günaha batdığı məlum olsa, onların yerinə şəhadət vermək üçün digər iki nəfər seçilsin və həmin iki nəfər əvvəlki iki nəfərin günahından ziyana düşənlər olsun.
◘Şahidliyi hər iki nəfər və mübarək Allah adı ilə etməlidir. Andın mahiyyəti ayədə deyildiyi kimi olsun. Deyilsin ki, əvvəla bizim andımız doğrudur və biz xalqın haqqını pozmaq məqsədində deyilik. İkincisi, əgər andımız yalandırsa, sitəmə yol verdiyimizi etiraf edirik.
Bildirişlər
1. Sizin kəşfiyyat və xırdaçılığa varmaq haqqınız yoxdur. Amma bir məlumat çatdıqda, vəzifə əvəz olur.
2. Yalan şəhadət xalqın haqqına təcavüz və zülm növüdür.
108. ﴿ذَلِكَ أَدْنَى أَن يَأْتُواْ بِالشَّهَادَةِ عَلَى وَجْهِهَا أَوْ يَخَافُواْ أَن تُرَدَّ أَيْمَانٌ بَعْدَ أَيْمَانِهِمْ وَاتَّقُوا اللّهَ وَاسْمَعُواْ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ﴾
“Bu yol (savaba) daha yaxındır. Bu məqsədlə ki, şəhadət düzgün şəkildə yerinə yetirilsin. Ya qorxalar ki, and içdikdən sonra andları qaytarılsın. Allahdan çəkinin və (Onun göstərişlərinə) qulaq asın. Allah günahkarları hidayət etməz.”
Nöqtələr
◘Bu ayə şəhadətin çətinliyi və ona diqqətin fəlsəfəsini, eləcə də əvvəlki ayədə haqqında danışılan şahid tutmaq məsələsini bəyan edir. Bildirilir ki, namazdan sonra haqq qarşısında verilən şəhadət həqiqətə daha yaxın olur. Çünki belə and və şəhadət düzgün olmadıqda şəxs cəmiyyət arasında rüsvay olur.
Bildirişlər
1. Xalqın hüquqlarının hifzinə və möhkəmlənməsinə xidmət edən mərasimlər və tədbirlər dəyərlidir.
2. Günahdan çəkindirən amillərdən biri cəmiyyətdə rüsvayçılıq qorxusudur.
3. Elə yaşayaq ki, özünü adil göstərənlər yalan andlarla zəhmətlərimizi bada verməsinlər və bilsinlər ki, onların yanlış bəyanatları üstün bir qrup tərəfindən rədd ediləcək.
4. Vəsiyyətdə, and və şəhadətdə təqvalı olaq.
5. Haqsız şəhadət (şahidlik) günah nişanəsidir.
109. ﴿يَوْمَ يَجْمَعُ اللّهُ الرُّسُلَ فَيَقُولُ مَاذَا أُجِبْتُمْ قَالُواْ لاَ عِلْمَ لَنَا إِنَّكَ أَنتَ عَلاَّمُ الْغُيُوبِ﴾
“Bir gün Allah peyğəmbərləri toplayar və deyər: “Sizin dəvətinizə nə cavab verildi?” Deyərlər: “Biz (işin mahiyyətindən) xəbərsizik. Həqiqətən, qeyblərdən xəbərdar Sənsən, Sən!”
Nöqtələr
◘İmam Baqir (ə) bu ayə haqqında buyurmuşdur: “Allah Öz peyğəmbərlərindən onların canişinləri haqqında soruşar. Onun rəsulları da öz növbələrində cavab verərlər ki, biz bizdən sonra canişinlərimizə münasibətdə görülən işlərdən xəbərsizik.”1
◘Həqiqi elm Allaha məxsusdur. Kimin elmi varsa, həmin elm Allahdandır. Necə ki, qeybi yalnız O bilir və bu elmi istədiyinə verir.
Bildirişlər
1. Qiyamətdə peyğəmbərlərdən soruşular ki, xalq onlarla necə rəftar etdi?
2. Peyğəmbərlərin elmi ilahi elmlə müqayisədə heç nədir.
110. ﴿إِذْ قَالَ اللّهُ يَا عِيسى ابْنَ مَرْيَمَ اذْكُرْ نِعْمَتِي عَلَيْكَ وَعَلَى وَالِدَتِكَ إِذْ أَيَّدتُّكَ بِرُوحِ الْقُدُسِ تُكَلِّمُ النَّاسَ فِي الْمَهْدِ وَكَهْلاً وَإِذْ عَلَّمْتُكَ الْكِتَابَ وَالْحِكْمَةَ وَالتَّوْرَاةَ وَالإِنجِيلَ وَإِذْ تَخْلُقُ مِنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ بِإِذْنِي فَتَنفُخُ فِيهَا فَتَكُونُ طَيْرًا بِإِذْنِي وَتُبْرِىءُ الأَكْمَهَ وَالأَبْرَصَ بِإِذْنِي وَإِذْ تُخْرِجُ الْمَوتَى بِإِذْنِي وَإِذْ كَفَفْتُ بَنِي إِسْرَائِيلَ عَنكَ إِذْ جِئْتَهُمْ بِالْبَيِّنَاتِ فَقَالَ الَّذِينَ كَفَرُواْ مِنْهُمْ إِنْ هَـذَا إِلاَّ سِحْرٌ مُّبِينٌ﴾
“O zaman ki, Allah buyurdu: “Ey Məryəm oğlu İsa! Nemətimi özünə və anana xatırlat, o vaxt ki, səni Ruhul-qüdslə (Cəbraillə) təsdiqlədim. Beşikdə və böyüdükdən sonra (vəhylə) xalqla danışdın. O vaxt ki, sənə Kitab, Hikmət, Tövrat və İncil öyrətdim. (Unutma o zamanı ki, (Mənim iznimlə gildən quş şəklində bir şey düzəltdin və ona üfürdün, sonra Mənim iznimlə o, quş oldu. Mənim iznimlə anadangəlmə koru və cüzam xəstəsini sağaltdın. O vaxt ki, Mənim iznimlə ölüləri qəbirdən (diri) çıxartdın. Yada sal, o zaman ki, Bəni-İsrailin sənə (zülm əlini) kəsdim. O zaman ki, sən onlar üçün aydın dəlillər gətirdin. Onlardan kafir olanlar (sənin möcüzələrin haqqında) dedilər: Bu, aşkar sehrdən başqa bir şey deyil.”
Nöqtələr
◘Bu ayədən surənin sonunadək həzrət İsa haqqında danışılır.
◘Bu ayədə müxtəlif ilahi lütflər və hər şeydən öndə Ruhul-qüdsün həzrət Məsih haqqında təsdiqi qeyd olunur.
◘Ayənin başlanğıcında buyurulur: «Ey İsa! Yad et anana və sənə verdiyim nemətləri...» Amma ayədə yalnız həzrət İsaya aid olan nemətlər qeyd olunur. Bəlkə də övlada verilmiş nemət anaya verilmiş nemət sayıldığından belə edilir. Ayədə “Ali-İmran” surəsində həzrət Məryəmə verilmiş nemətlər də nəzərdə tutula bilər.1
◘Kitab dedikdə Tövrat və İncil nəzərdə tutulmaya da bilər. Tövrat və İncilin adı əhəmiyyətinə görə çəkilmişdir.
◘Həzrət Əlidən (ə) soruşdular: “Ana bətninə düşməmiş peyda olan heyvanın hökmü necədir?” Həzrət buyurdu: “Həzrət İsanın heykələ üfürməsi ilə vücuda gələn quş kimi.”2
Bildirişlər
1. Allahın Öz övliyalarına lütfünün xatırladılması haqq yolçuları üçün ümiddir.
2. Peyğəmbərlər də ilahi nemətləri yaddan çıxarmamalıdırlar.
3. Qadın elə bir məqama çata bilər ki, onun adı peyğəmbərlərlə yanaşı çəkilər. Hətta qadın və onun peyğəmbər övladı birlikdə bir ayə sayılar.3
4. Həzrət İsanın beşikdə danışması həm onun peyğəmbərliyini, həm də anasının paklığını sübuta yetirdi.
5. İsanın beşikdəki danışığı vəhydən bir görüntü idi.
6. İlahi iradə təcrübəyə, qüdrətə, zamanın ötməsinə ehtiyacı aradan qaldırır. Həzrət İsa təcrübəsiz, zaman ötmədən, elə uşaq vaxtında böyük kimi danışdı.
7. Peyğəmbərlərin həm elmi, həm də bəsirəti, həm keçmişdəkilərdən xəbərdarlığı olmalıdır. Onlar həm də yeni bildirişlər gətirməlidirlər.
8. Yaranış sözü Allahdan qeyriləri haqqında da işlədilir.
9. Allahın izni quşların mücəssəməsinin (heykəlinin) hazırlanmasını mümkün etdi.
10. Allahın xüsusi övliyalarının təkvini (təbii) vilayəti var. (Həzrət İsaya “düzəltdin”, “üfürdün”, “çıxardın” deyə müraciətlər olunur.)
11. Həzrət İsanın ecazında həm onun «Məsiha» nəfəsinin, həm heykəl düzəltməsinin rolu vardı.
12. Məsiha nəfəsi cansız cismi hərəkətə gətirdi. Bəni-İsrailin qəlblərini isə hərəkətə gətirmək mümkünsüz oldu.
13. Şirk qorxusu çox olan yerdə tövhid haqqında təkrarlar lazımdır. (Ayədə “Allahın izni ilə” sözləri təkrarlanmışdır.)
14. Bir halda ki, Allah Öz peyğəmbərinə diriltmə və şəfavermə qüdrəti əta edir, demək, xalqın övliyalara təvəssülü caiz olmalıdır. (Necə ola bilər ki, Allah birinə qüdrət versin, amma xalqa həmin kəsə üz tutmağı qadağan etsin?”)
15. Ölülərin dirilməsi və rəcət həmin dünyada baş vermişdir.
16. Bəni İsrailin həzrət İsaya qarşı sui-qəsdini Allah dəf etdi.
111. ﴿وَإِذْ أَوْحَيْتُ إِلَى الْحَوَارِيِّينَ أَنْ آمِنُواْ بِي وَبِرَسُولِي قَالُوَاْ آمَنَّا وَاشْهَدْ بِأَنَّنَا مُسْلِمُونَ﴾
“(Xatırla,) o zaman ki, həvarilərə (həzrət İsanın xüsusi yoldaşlarına) “iman gətirin” deyə vəhy göndərdik, dedilər: İman gətirmişik və şahid ol ki, biz (müsəlman) təslim olmuşuq.”
Dostları ilə paylaş: |