Bildirişlər
1. İmanın bəlası zülm, şirk və qeyri-ilahi rəhbərlərin ardınca getməkdir.
2. İmanın hifzi imanın özündən mühümdür.
3. Gerçək əmin-amanlıq və hidayət iman və ədalət sayəsində mümkün olur. (Nə zalım möminlər, nə də imansız ədalətlilər hidayət oldu.)
4. İman xalisləşənədək təşviş var.
5. Tədbir və müdiriyyət üçün elm və hikmət iki zəruri şərtdir. (Nəzərə alaq ki, “Rəbb” sözünün lüğət mənası müdir, tərbiyəçidir.)
6. Cəmiyyətin azğınlıqları qarşısında dəlillə dayanan müvəhhid şəxsin dərəcələri var.
7. İlahi dərəcələr insanlara hikmət əsasında verilir.
84. ﴿وَوَهَبْنَا لَهُ إِسْحَقَ وَيَعْقُوبَ كُلاًّ هَدَيْنَا وَنُوحًا هَدَيْنَا مِن قَبْلُ وَمِن ذُرِّيَّتِهِ دَاوُودَ وَسُلَيْمَانَ وَأَيُّوبَ وَيُوسُفَ وَمُوسَى وَهَارُونَ وَكَذَلِكَ نَجْزِي الْمُحْسِنِينَ﴾
“Biz ona (İbrahimə) İshaq və Yaqubu bəxş etdik. Onları birbəbir hidayət etdik. Nuhu isə onlardan qabaq hidayət etmişdik. Onun (İbrahimin) nəslindən Davud, Süleyman, Əyyub, Yusif, Musa, Harunu (da hidayət etdik). Biz yaxşı əməl sahiblərinə bu sayaq mükafat veririk.”
Nöqtələr
◘Bu və növbəti iki ayədə peyğəmbərlərdən on yeddisinin adı çəkilmişdir. Bu on yeddi nəfərin ardıcıl şəkildə yada salınmasının səbəbi onların eyni dövrdə yaşaması və ya eyni rütbəyə malik olması deyil. Bəlkə də bu qruplaşdırmanın səbəbi onların hakimiyyət sahibi olmalarıdır. Əgər 84-cü ayədə hakimiyyəti olan peyğəmbərlər yada salınmışsa, 85-ci ayədə fəqir və dünya həyatından bəhrələnməmiş peyğəmbərlər zikr olunur. 86-cı ayədə isə xüsusi çətinliklərlə üzləşmiş peyğəmbərlər yada salınır.1
◘“Zürriyyə” sözü iki cür mənalandırıla bilər: “Onun nəslindən” mənasını verən bu söz həm həzrət İbrahimə, həm də Nuha aid ola bilər. Əvvəlki ayələr İbrahim haqqında olduğundan rəvayətlərdə birinci mənalandırma əsas yer tutur. Amma Nuhun adı öncə çəkildiyindən bəziləri bu sözün Nuha aid olduğunu bildirmişlər. Onun nəslindən Lut kimi peyğəmbərlər seçilmişdir.
Bildirişlər
1. Saleh övlad ilahi bir hədiyyədir.
2. Peyğəmbərlər övladı olmaq iftixar deyil. İbrahimin nəsli kamilliklərə malik idi və ilahi hidayətə nail olmuşdu.
3. Hidayət və peyğəmbərlik sünnəsi daim cərəyanda olmuşdur.
4. İlahi lütflər hesabsız və ya səbəbsiz verilmir.
85. ﴿وَزَكَرِيَّا وَيَحْيَى وَعِيسَى وَإِلْيَاسَ كُلٌّ مِّنَ الصَّالِحِينَ﴾
“Zəkəriyya, Yəhya, İsa və İlyası (da hidayət etdik və) onların hər biri ləyaqət tapanlardandır.”
86. ﴿وَإِسْمَاعِيلَ وَالْيَسَعَ وَيُونُسَ وَلُوطًا وَكُلاًّ فضَّلْنَا عَلَى الْعَالَمِينَ﴾
“İsmail, Yəsə, Yunus, Lutu (da hidayət etdik) və onların hər birinə aləmdəkilərdən üstünlük verdik.”
87. ﴿وَمِنْ آبَائِهِمْ وَذُرِّيَّاتِهِمْ وَإِخْوَانِهِمْ وَاجْتَبَيْنَاهُمْ وَهَدَيْنَاهُمْ إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ﴾
“Onların atalarından, züryətlərindən, qardaşlarından (ləyaqətlərinə görə) seçdik və doğru yola hidayət etdik.”
Nöqtələr
◘Bəzilərinin fikrincə, nəsil (züryət) dedikdə yalnız insanın oğuldan olan nəvələri nəzərdə tutulur. Amma həzrət İsanın atası yox idi və o yalnız ana tərəfdən İbrahimə bağlı idi. Beləcə, həzrət İsa həzrət İbrahimin nəslindən sayılırdı. İmam Sadiq (ə) və imam Kazim (ə) həmin ayəyə istinadən yalnız ana tərəfdən peyğəmbərə bağlı olan əhli-beyti peyğəmbər nəsli (züryəti) saymışlar.1 Fəxr Razi də öz təfsirində bu nöqtəni qəbul etmişdir. “Təfsire-Əl-Mənarda” da Buxaridən nəql olunmuş hədisdə həzrət Peyğəmbər (s) “züryət” (nəsil) sözünü imam Həsən (ə) haqqında işlətmişdir.
◘“Yəsə” sözünün müstəqil ad, ya “vəsə” sözünün indiki zamanı, ya “yuşə” sözünün ibri dilindən ərəb dilinə çevrilmə variantı olması barədə müxtəlif fikirlər var.
◘Bəziləri “atalarından” sözünün çıxışlıq halda olmasına istinad edərək peyğəmbərlərin ata-babaları arasında da azğın adamların olduğunu güman etmişlər. Halbuki ayədə sözün bu formada işlədilməsinin səbəbi atalar arasından peyğəmbərlərin seçilməsidir. Söhbət iman yox, peyğəmbər seçimindən gedir.2
88. ﴿ذَلِكَ هُدَى اللّهِ يَهْدِي بِهِ مَن يَشَاء مِنْ عِبَادِهِ وَلَوْ أَشْرَكُواْ لَحَبِطَ عَنْهُم مَّا كَانُواْ يَعْمَلُونَ﴾
“O, Allahın hidayətidir ki, bəndələrindən istədiyi kəsi hidayət edir. Əgər şirkə yol versələr, şübhəsiz, gördükləri iş əllərindən çıxacaq.”
Bildirişlər
1. Əsil hidayət Allahın hidayətidir. Başqalarının hidayəti, yol göstərməsi ilğım, boş xəyaldır.
2. Hidayət Allahın işidir. Hətta peyğəmbərin də müstəqil hidayət yolu yoxdur.
3. Şirk insanın gördüyü işlərin məhv və batil olması amilidir.
4. İlahi sünnədə ayrı-seçkilik yoxdur. Hətta peyğəmbərlər də şirkə yol versələr, tənbeh olunarlar. Çünki əsas şəxs yox, haqdır. (Əvvəlki ayələrin peyğəmbərlərə aid olmasını nəzərə almaqla.)
5. Peyğəmbərlər məsumdurlar və heç vaxt şirk tozuna bulaşmamışlar. Ayədəki bu fərziyyə mümkünsüz sayılır və aldatmaq məqsədi daşıyır.
6. İlahi dünyagörüşünə əsasən, işlərin dəyəri onlardakı ixlas, səmimiyyətdən asılıdır. Əgər ixlas olmasa, görülən işlər hədərə gedəsidir.
89. ﴿أُوْلَـئِكَ الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ فَإِن يَكْفُرْ بِهَا هَـؤُلاء فَقَدْ وَكَّلْنَا بِهَا قَوْمًا لَّيْسُواْ بِهَا بِكَافِرِينَ﴾
“Onlar səmavi kitab, hökumət, mühakimə, peyğəmbərlik məqamı verdiyimiz kəslər idi. Əgər bu müşriklər onlara qarşı küfr edib, qəbul etməsələr (narahat olma, çünki) Biz onlara kafir olmayan digər bir qövmü göndərərik.”
Nöqtələr
◘“Hukm” sözü hökumət, rəhbərlik mənasını bildirir. Bu sözdə həm mühakimə, həm də dərk və əql mənaları var. “Müfrədate-Rağib” kitabında bu söz maneçilik, yayındırmaq kimi mənalandırılmışdır. Əql, mühakimə, haqq hakimiyyət səhv və xilafa mane olduğundan hökm təbiri onlara aid edilmişdir.
◘“Təfsire-əl-Mənar”, “Ruhul-məani” mənbələrində təfsirçilər nəql edirlər ki, küfr etməyib, haqqı qəbul və himayə edən qövm dedikdə, iranlılar nəzərdə tutulur.1
◘İmam Sadiq (ə) buyurmuşdur: “Bu əmr sahibinin səhabələri qorunur. Əgər bütün xalq onlardan üz döndərsə, Allah onları səhabəsiz qoymaz.2
Dostları ilə paylaş: |