Nöqtələr
◘Dində təfriqə salmaq, yəni bidətçilik və dinin insanın öz rəyincə təfsiri Quran və hədislərdə çox ciddi şəkildə qınanmışdır. Bəzi nümunələrə nəzər salaq:
- Quran buyurur: “Vay onların halına ki, öz əlləri ilə bir şeyi yazır, sonra deyirlər ki, bu Allahın tərəfindəndir.”1
- Həzrət Əli (ə) buyurmuşdur: “Bidət gələn vaxt sünnət gedər.1 Peyğəmbər və imamların vəzifələrindən biri bidət və təhrifin qarşısını almaqdır.2
- Rəvayətlərdə deyilir: “Bidətçinin tövbəsi qəbul olunmaz.”3
- Bidətçiyə hörmət göstərib üzünə gülümsəyən kəs dinin məhvi yolunda addım atmışdır.
- Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Ümmətim arasında ixtilaf düşdüyü vaxt mənim sünnəm və dediklərim əsasında əməl edib, başqalarının ardınca getməyən kəs yüz şəhidin mükafatını alacaq.”4
- Quranda yəhudilər dinlərini təhrif etdikləri üçün dəfələrlə tənqid edilmişlər. Həzrət Musa haqqında oxuyuruq: “Həzrət Musa Tur dağından qayıdıb qövmünün azdığını və buzovpərəstliyini gördükdə narahatçılığından Tövrat lövhələrini yerə saldı və canişini olan qardaşının yaxasından tutub dedi: “Nə üçün ümmətim yolunu azdı?” Harun dedi: «Qorxdum ki, azğınlıqlarına qarşı çıxsam, xalq parçalana və sən soruşasan ki, nə üçün insanlar firqə-firqə bölünüb.» (Sənin gəlişin də bu parçalanmanı aradan qaldıra bilməyə).
Bu ayə və rəvayətlər əqidə məktəbinin qorunmasında, düşüncə azğınlıqlarının qarşısının alınmasında, ictimai birliyin qorunmasında dinşünasların ağır məsuliyyətlərini bəyan edir.
Bildirişlər
1. Dini göstərişlər arasında fərq qoymaq olmaz. Onların hər birinə iman gətirib əməl etmək lazımdır.
2. Əqidə məktəbindəki dəyişiklik və təhriflər təfriqə və ayrılıq amillərindəndir.
3. İslam məktəbini kompleks şəkildə qəbul etməyənlərlə həmkarlıq etmək olmaz. Onlar Məhəmməd (s) ümmətindən sayılmayacaqlar. Onlar Allah tərəfindən hədələnmişlər.
4. Dində təfriqə yaratmaq şirkin bir növüdür. “Rum” surəsinin 32-33-cü ayələrində buyurulur: “Müşriklərdən, öz dinlərində təfriqə yaradanlardan olmayın.”
160. ﴿مَن جَاء بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ أَمْثَالِهَا وَمَن جَاء بِالسَّيِّئَةِ فَلاَ يُجْزَى إِلاَّ مِثْلَهَا وَهُمْ لاَ يُظْلَمُونَ﴾
“Hər kəs yaxşılıq gətirsə, onun üçün (gətirdiyinin) on qat əvəzi var. Hər kəs pislik gətirsə, həmin qədər cəza görəcək. Onlara heç vaxt zülm olunmayacaq.”
Nöqtələr
◘Ayədəki “caə” sözündən məlum olur ki, haqqında danışılan mükafat və cəza qiyamət mühakiməsinə aiddir. Axı bir çox pisliklər tövbə vasitəsi ilə məhv olur və ya yaxşılığa çevrilir.1 Həmin pisliklər bağışlana da bilər.2 Eləcə də, riyakarlıq, xudbinlik, təkəbbür və digər günahlar vasitəsi ilə puça çıxan yaxşılıqlar çoxdur. Demək, yalnız qiyamət səhnəsinə gəlib çıxan əməl meyardır.
◘Ayə yaxşı və pis əməl haqqında olsa da, rəvayətlərə əsasən, xeyir niyyətin də savabı var. Amma pis niyyət əmələ çevrilməyincə, onun müqabilində cəza verilməz. Bu, ilahi bir fəzldir.
◘Rəvayətdə deyilir: “Hər kəs ayda üç gün oruc tutsa, bütün ayı oruc tutmuş kimidir. Çünki oruc tutulan hər gün on gün hesablanır.
◘On qat mükafat ən az nəzərdə tutulan mükafatdır. Bəzi əməllərin bəzi şəraitlərdə bəzi fərdlər üçün yeddi yüz qat mükafatı olur.
◘On qat ilahi əvəzdən yalnız biri muzddur. Doqquz hissə isə ilahi fəzldir.3
◘Sual: Əgər günahkarın cəzası onun günahı qədərdirsə, bəs nə üçün bir gün oruc tutmağa görə 60 gün kəffarə orucu tutulur?
Cavab: Ayədə “misl” sözü ədəd mənasında deyil. Məqsəd keyfiyyət və necəlikdir. Ramazan ayı orucunun bir günü başqa aylardakı orucun altmış gününə bərabərdir. Necə ki, Qədr gecəsi əhəmiyyət baxımından min aydan üstündür. Ayədəki bəyanda ədəd üstünlüyü yox, əhəmiyyət nəzərdə tutulur.
Bildirişlər
1. İslamın tərbiyə üsulunda təşviq on qat tənbeh kimidir.
2. Təşviq bir neçə qat artıq olsa, zülm olmaz, amma həddi aşmış cəza zülmdür.
3. Allah mükafat verməkdə Öz fəzli ilə rəftar edir. Cəza isə ədalət əsasında verilir.
4. İnsanın əməlləri daim, hər yerdə onunladır.
161. ﴿قُلْ إِنَّنِي هَدَانِي رَبِّي إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ دِينًا قِيَمًا مِّلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ﴾
“De ki, həqiqətən, Rəbbim məni doğru yola, müşriklərdən olmamış İbrahimin haqq ayinindən ibarət möhkəm dinə hidayət edib.”
Nöqtələr
◘“Qiyəm” sözü düzlük, möhkəmlik mənalarını bildirir. Bəli, o din möhkəm və əbədi qalacaq ki, bu dünyanın maddi və mənəvi məsələlərinə və o biri dünyaya diqqət yetirmiş olsun.
◘İmam Hüseyn (ə) buyurmuşdur: “Biz və bizim şiələrdən savay kimsə İbrahim ayinlərinə ardıcıl deyil.”4
Bildirişlər
1. Peyğəmbərin (s) buyruqları və təlimləri onun şəxsi baxışı deyil. Bütün bunlar xalqa bəyan olunası ilahi vəhy mətnidir.
2. Doğru yol peyğəmbərin yoludur.
3. Hidayət yalnız Allahın işidir. Peyğəmbərlər də ilahi hidayətlə doğru yolu tapırlar.
4. Hidayət rübubiyyət şənindəndir.
5. İbrahimin yolu şirk qatqılı düşüncələr yox, təkallahçılıqdır. (Müşriklər öz azğın əqidələrini İbrahimə aid edirdilər.)
6. Bütlərin sındırılması və şirkdən üz döndərmə təkcə İslam peyğəmbərinə aid deyil. O, həzrət İbrahimin yolunu gedərək belə etmişdir.
7. Tövhid dinlərinin əsası tarix boyu bir olmuşdur. İslam həzrət İbrahimin ayinidir. Şirkə nifrət bütün peyğəmbərlərin yoludur.
162. ﴿قُلْ إِنَّ صَلاَتِي وَنُسُكِي وَمَحْيَايَ وَمَمَاتِي لِلّهِ رَبِّ الْعَالَمِينَ﴾
«De: “Həqiqətən mənim namazım, ibadətlərim, həyatım, ölümüm aləmlərin Rəbbi olan Allah üçündür.”»
163. ﴿لاَ شَرِيكَ لَهُ وَبِذَلِكَ أُمِرْتُ وَأَنَاْ أَوَّلُ الْمُسْلِمِينَ﴾
“Onun şəriki yoxdur, Mənə (təslim ruhu, xalislik, bəndəlik) əmr olunmuşdur. Mən ilk müsəlmanam, Rəbbimə təsliməm.”
Dostları ilə paylaş: |