Bildirişlər
1. Xalqla ünsiyyətdə ikən insanın dilini bağlaya bilən, ilahi zikr üçün açan Allah qoca ata-anadan dünyaya övlad gətirə bilər.
2. Peyğəmbərlər yəqin və şühud məqamına çatmaq axtarışındadırlar.
3. Allah istədiyi vaxt işin səbəbini aradan götürür və dil danışmaq gücünü itirir.
4. Allahın lütfü artdıqca Onun zikri də artmalıdır.
5. Allah zikri nə qədər çox olsa, bir o qədər yaxşıdır.
6. İlahi zikrlər arasında “təsbihin” xüsusi yeri var.
42. ﴿ وَإِذْ قَالَتِ الْمَلاَئِكَةُ يَا مَرْيَمُ إِنَّ اللّهَ اصْطَفَاكِ وَطَهَّرَكِ وَاصْطَفَاكِ عَلَى نِسَاء الْعَالَمِينَ ﴾
“(Yada sal,) o zaman ki, mələklər dedi: “Ey Məryəm! Həqiqətən, Allah səni seçmiş, paklamış və dünya qadınlarından üstün etmişdir.”
◘“İstəfa” sözü “əla” şəkilçisi ilə işləndikdə «irəli olmaq», həmin şəkilçisiz isə «seçim» mənasını verir.
“Əl-Mənar”, “Qurtubi”, “Məraği”, “Ruhul-bəyan”, “Kəbir” təfsirlərində oxuyuruq ki, dünya qadınlarının önündə dörd qadın durur: Məryəm, Asya, Xədicə və Fatimə (s). Əhli-beyt rəvayətlərində də qeyd olunur ki, Məryəm öz dövrünün ən üstün qadını olmuşdur. Həzrət Fatimə (s) isə tarixin birinci xanımıdır.1 Əlbəttə, hikmət sahibi olan Allah istənilən bir şəxsi ləyaqətinə, xüsusi qabiliyyətlərinə görə seçir.
Bildirişlər
1. Mələklər peyğəmbər olmayanlarla da danışır.
2. Qadın ilahi rəhbər məqamına çata bilər və Allah ona bildiriş göndərər.
3. Həzrət Məryəm həm kamilliyinə görə seçilmişdi, həm də digər qadınlardan üstün idi. Ona görə də öncüllük mənası bildirən “istəfaki” sözü iki dəfə təkrarlanmışdır.
4. Həzrət Məryəm məsum olmuşdur.
5. Həzrət Məryəm qadınlar üçün nümunədir.
43. ﴿ يَا مَرْيَمُ اقْنُتِي لِرَبِّكِ وَاسْجُدِي وَارْكَعِي مَعَ الرَّاكِعِينَ ﴾
“Ey Məryəm! (Bütün bu nemətlərin şükrü üçün) rəbbinə müti ol, səcdə qıl və rükuya gedənlərlə birlikdə rükuya get.”
Nöqtələr
◘Əvvəlki ayədə Allah-təala Məryəmə verilmiş üç kamalı yad edir: İlahi seçim, İlahi paklama, başqalarından öndə olmaq. Eləcə də, həzrət Məryəmin üç məsuliyyəti bəyan olunur: qünut, səcdə, rüku. Demək, hər bir nemətin öz məsuliyyəti var.
Bildirişlər
1. Seçilmiş və üstün fərdlərin təvazö və ibadətləri çox olmalıdır. (Allahın övliyalarına xüsusi ibadətlər tapşırılmışdır. Necə ki, həzrət Peyğəmbər (s) üçün gecə namazı vacib olmuşdu.)
2. Namaz, rüku və səcdə ən üstün şükür yoludur. Əvvəlki ayədə Allahın şükrə layiq seçiminə işarə olundu.
3. İbadət yalnız Allah üçün olmalıdır.
4. İbadət insanın tərbiyə mayasıdır.
5. Cəmiyyət namazı və kollektiv ibadətlər İslamdan qabaq da olmuşdur.
6. Qadınlara kişilərin də iştirak etdiyi ibadi və ictimai toplantılarda olmaq tapşırılmışdır. Bu şərtlə ki, Məryəm kimi rəftar etsinlər.
7. Seçilmişlər xalqın və cəmiyyətin içində olmalıdırlar. Onlar tənhalığa çəkilib guşənişin ola bilməzlər.
44. ﴿ ذَلِكَ مِنْ أَنبَاء الْغَيْبِ نُوحِيهِ إِلَيكَ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ يُلْقُون أَقْلاَمَهُمْ أَيُّهُمْ يَكْفُلُ مَرْيَمَ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ يَخْتَصِمُونَ ﴾
“Bunlar sənə vəhy ilə çatdırdığımız qeybi xəbərlərdəndir. Onlar Məryəmi himayəyə götürmək üçün (püşk olaraq) qələmlərini suya atdıqda sən onların yanında deyildin. (Bu hamilik üstə) mübahisə etdikləri vaxt sən onların yanında yox idin.”
Nöqtələr
◘Qeyd olunduğu kimi, Məryəm dünyaya gəlməmiş anası onu Beytül-Müqəddəsə xidmətçi verəcəyini nəzir etmişdi. Ona görə də övladını dünyaya gətirdikdən sonra onu bir parçaya büküb məscidə apardı və Bəni-İsrail başçılarına dedi: “Bu uşaq məscidə nəzir olunub.” Bu qadın möhtərəm bir ailədən olduğu üçün uşağa himayədarlıq üstündə mübahisə başlandı və iş püşk atmağa gedib çıxdı.
Bildirişlər
1. Peyğəmbərlər Allah tərəfindən bəzi qeybi xəbərlərdən agah olurlar.
2. Quran hekayələri yalnız vəhy vasitəsi ilə peyğəmbərə çatırdı. Ondan qabaq bu mövzu nə bir kitabda vardı, nə də kimsə bundan xəbərdar idi.
3. Keçmişdəkilərin tarixini öyrənmə yollarından biri vəhydir.
4. İxtilafların həll yollarından biri də püşk atılmasıdır. İmam Baqir (ə) buyurmuşdur: “İlk dəfə haqqında püşk atılan kəs Məryəm olmuşdur. Bu püşk onun yetimliyi dövrünə təsadüf etmişdir.1
5. Ananın bir fədakarlığı və övlad üçün bir bu qədər kəramət!
6. Böyüklər müqəddəs məsuliyyətlərin qəbulunda bir-birləri ilə rəqabət aparırlar.
45. ﴿ إِذْ قَالَتِ الْمَلآئِكَةُ يَا مَرْيَمُ إِنَّ اللّهَ يُبَشِّرُكِ بِكَلِمَةٍ مِّنْهُ اسْمُهُ الْمَسِيحُ عِيسَى ابْنُ مَرْيَمَ وَجِيهًا فِي الدُّنْيَا وَالآخِرَةِ وَمِنَ الْمُقَرَّبِينَ ﴾
“(Xatırla,) o zaman ki, mələklər dedilər: Ey Məryəm! Həqiqətən, Allah Məsih - Məryəm oğlu İsa adlı kəlmə və nişanə ilə sənə müjdə verir. O kəs ki, dünya və axirətdə möhtərəmdir və (Allaha) yaxınlardandır.”
Nöqtələr
◘Quranda həzrət İsa “kəlmə” sözü ilə yad edilir. Quran dilində bu söz “məxluq” mənasını verir. Necə ki, “Kəhf” surəsinin 109-cu ayəsində buyurulur: “Əgər ilahi kəlmələri yazmaq üçün dəryalar mürəkkəb olsa, onlar tükənər, amma ilahi kəlmələr tükənməz.”
◘“Dünya və axirətdə hörmətli” vəsfi Quranda yalnız həzrət İsa haqqında işlədilmişdir. Bu sifət digər heç bir kəsə aid edilməmişdir.
Bildirişlər
1. Qadının məqamı elə bir dərəcəyə çata bilər ki, Allah mələklər vasitəsi ilə onunla danışar.
2. Övlad bir nemətdir.
3. İsa Allahın oğlu yox, Onun məxluqudur. Amma o, yetərincə böyük və tanınmamış bir məxluqdur.
4. Allah Öz övliyalarına onlar dünyaya gəlməmiş ad qoyur.
5. Məryəmin doğduğu və bətnində bir dövr yaşamış varlıq Allahın övladı ola bilərmi?!
6. Dünyəvi ehtiram da bir dəyərdir və onu əldə etməyin eybi yoxdur.
46. ﴿ وَيُكَلِّمُ النَّاسَ فِي الْمَهْدِ وَكَهْلاً وَمِنَ الصَّالِحِينَ ﴾
“(Sənə müjdə verilən körpə) beşikdə və orta yaşlarında (vəhy vasitəsi ilə) xalqla danışar. O salehlərdəndir.”
Dostları ilə paylaş: |