Bildirişlər
1. Allah sizi Ühüd döyüşündəki ixtilaflara görə tənbeh etdi, amma boş buraxmadı.
2. Allah acı hadisələrin şiddətli vaxtında möminlərin qəlbinə rahatlıq bəxş edər.
3. Yuxu rahatlıq səbəbi və ilahi hədiyyədir.
4. Mücahidlərin ruhiyyələri, etiqadları, inamları, təhlilləri fərqlidir.
5. İnsanın özünə bənd olması ilahi vədlərə bədgümanlıq səbəbidir.
6. Ən böhranlı şəraitlərdə və məğlubiyyət zamanı da Allaha və Onun vədlərinə qarşı bədgüman olmayın.
7. İlahi vədlərə qarşı bədgümanlıq cahiliyyət əqidələrindəndir.
8. Özünə vurğunluq və rifah istəyi insanı ilahi razılıq dairəsindən xaric edər.
9. Hətta süstlük, ixtilaf və itaətsizlik zamanı da müsəlmanların məğlub olmaması fikri cahil düşüncədir.
10. Zəif imanlı fərdlər öz məğlubiyyətini ilahi yardımın olmaması ilə izah edirlər.
11. Mücahidlərin ruhiyyəsini zəiflədən suallar vermək qadağandır.
12. Vəsvəsələr, şəkk-şübhələr yaranmasına qarşı qəti olmaq lazımdır.
13. Rifah axtaran, özünə bənd olan müsəlmanlar daim nigarançılıq içindədirlər.
14. Özünü düşünən insanlar məsləhətləşmə zamanı öz təkliflərinin qəbul olunmasını gözləyirlər.
15. Qəti müqəddəratdan qaçmağa yol yoxdur.
16. Allahın qəti müqəddəratına etiqad insana rahatlıq verir.
17. Cəbhədəki çətinliklər və məğlubiyyətlər insanların iman dərəcəsini müəyyənləşdirmə yollarındandır.
18. Acı və şirin hadisələr sizin ruh və düşüncənizin təcəllası üçün bir səhnədir. Allah isə əvvəlcədən bütün ruhiyyə və düşüncələrdən xəbərdardır.
155. ﴿ إِنَّ الَّذِينَ تَوَلَّوْاْ مِنكُمْ يَوْمَ الْتَقَى الْجَمْعَانِ إِنَّمَا اسْتَزَلَّهُمُ الشَّيْطَانُ بِبَعْضِ مَا كَسَبُواْ وَلَقَدْ عَفَا اللّهُ عَنْهُمْ إِنَّ اللّهَ غَفُورٌ حَلِيمٌ ﴾
“Həqiqət, iki qoşun qarşılaşdığı zaman sizlərdən (Ühüddə) üz döndərən (qaçan) kəslər oldu. Yalnız bu səbəbdən ki, şeytan onları bəzi xoşagəlməz işlərinə görə büdrətmişdi. Əlbəttə Allah onları bağışladı. Həqiqətən, Allah bağışlayan və həlimdir.”
◘Ayədə Ühüd döyüşündə meydandan qaçan bəzi müsəlmanlar haqqında danışılır. Təfsirlərdə bildirildiyi kimi, Ühüd döyüşündə beş nəfəri mühacir, səkkiz nəfəri ənsar olan 13 nəfərdən savay hamı qaçdı. Bu 13 nəfərin kimliyi (Əlidən (ə) savay) ixtilaflıdır.
◘Ühüd döyüşündə müsəlmanlar dörd dəstəyə bölündülər: şəhidlər, səbir edənlər, qaçıb sonradan bağışlananlar, münafiqlər.
Bildirişlər
1. Döyüş meydanından qaçmağın səbəblərindən biri günahdır.
2. Günah döyüş meydanında şeytani vəsvəsələrə, tərəddüdlərə yol açır.
3. Xatakarı birdəfəlik rədd etmək və onu cəzalandırmağa tələsmək olmaz.
4. Allah günahkarı bağışlayır. Belə isə siz də daha onları danlamayın.
156. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَكُونُواْ كَالَّذِينَ كَفَرُواْ وَقَالُواْ لإِخْوَانِهِمْ إِذَا ضَرَبُواْ فِي الأَرْضِ أَوْ كَانُواْ غُزًّى لَّوْ كَانُواْ عِندَنَا مَا مَاتُواْ وَمَا قُتِلُواْ لِيَجْعَلَ اللّهُ ذَلِكَ حَسْرَةً فِي قُلُوبِهِمْ وَاللّهُ يُحْيِـي وَيُمِيتُ وَاللّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ﴾
“Ey iman gətirənlər! O kəslərdən olmayın ki, küfr etdilər və səfərə, ya döyüşə gedən qardaşları haqqında belə dedilər: “Əgər yanımızda qalsaydılar, nə ölərdilər, nə də öldürülərdilər.” (Cəbhəyə həvəslə gedin ki,) Allah onu (sizin şücaətinizi) kafirlərin qəlbində bir həsrətə çevirsin. Allah dirildir və öldürür. Allah etdiyiniz işləri görəndir.”
Bildirişlər
1. Döyüş başa çatdıqdan sonra düşmən şayiələrə əl atmaqla həvəsdən salmağa çalışır. Deyirlər ki, əgər mücahidlər yanımızda qalsaydı, öldürülməzdilər.
2. Düşmən canıyananlıq libası geyib cəmiyyəti zəhərləyir.
3. Maddi rifah eşqi ilə yaşayanlar ölüm və şəhadəti zərər sayırlar.
4. Münafiqlər kafirdirlər. Çünki uyğun sözləri münafiqlər danışsa da, Quran onları kafir kimi yad edir.
5. Ölüm və həyat Allahın müqəddəratındandır. Döyüş və səfər insan həyatını qıra bilməz.
6. İlahi müqəddərata iman insan qəlbindəki qorxunu aradan götürür. Məbada sağ qalmaq xatirinə cihad vəzifəsindən boyun qaçırasınız. Nə çox insanlar döyüşdə olduqları halda diri qalmışlar. Amma bir çoxları döyüşə getmədikləri halda gənc yaşlarında dünyalarını dəyişmişlər.
7. Allah görən və agahdır. Öz halınıza, düşüncələrinizə və əməllərinizə diqqətli olun.
157. ﴿ وَلَئِن قُتِلْتُمْ فِي سَبِيلِ اللّهِ أَوْ مُتُّمْ لَمَغْفِرَةٌ مِّنَ اللّهِ وَرَحْمَةٌ خَيْرٌ مِّمَّا يَجْمَعُونَ ﴾
“Əgər Allah yolunda öldürülsəniz və ya ölsəniz (ziyan etməmisiniz, çünki) Allahın bağışlaması və rəhməti (ömür boyu) topladıqlarınızdan daha yaxşıdır.”
Nöqtələr
◘Allah iki nöqtəni bəyan etməklə münafiqlərin əvvəlki ayədə haqqında danışılan süstləşdirici şayiələrinə cavab verir:
a) Ölüm və həyat Allahın əlindədir. Cəbhəyə getmək uzun ömrü qısaltmır.
b) Allah yolunda qədəm götürən insan ölsə də, şəhid olsa da xeyir tapmışdır. Çünki o öz ömrünü verib Allahın bağışlama və rəhmətini almışdır. Demək, heç nə uduzulmamışdır.
◘Hər kəs cəbhəyə, təhsil almağa, həccə və ziyarətə, təbliğə və digər müqəddəs hədəflər ardınca gedərkən dünyasını dəyişsə, Allahın rəhmət və bağışlamasını əldə edər.
Bildirişlər
1. İlahi dünyagörüşündə Allah yolunda ölüm və şəhadət bütün dünya və onda olanlardan üstündür.
2. Əsas məsələ Allah yolunda olmaqdır. Bu yolun şəhadət və ya ölümlə başa çatmasının fərqi yoxdur.
3. Əvvəlcə bağışlanmaq, sonra ilahi rəhməti əldə etmək lazımdır. Ayədə bağışlanma sözü rəhmət sözündən əvvəl gəlmişdir.
4. Bağışlanma və rəhmətin nəticəsi əbədidir. Dünya malının ömrü isə müvəqqəti olur.
158. ﴿ وَلَئِن مُّتُّمْ أَوْ قُتِلْتُمْ لإِلَى الله تُحْشَرُونَ ﴾
“Əgər ölsəniz və ya öldürülsəniz, hökmən Allaha doğru gətirilərsiniz.”
Dostları ilə paylaş: |