Nöqtələr
◘Ayə müsəlmanların və kafirlərin qarşılaşdığı Bədr döyüşü haqqındadır. Bu döyüşdə müsəlman dəstəsi üç yüz on üç nəfərdən ibarət idi. Onların yetmiş yeddisi mühacir (Mədinəyə hicrət edən), iki yüz otuz altısı isə ənsar (mədinəli müsəlman) idi. Mühacirlərin bayraqdarı Həzrət Əli (ə), ənsarın bayraqdarı isə Səd ibn Übadə idi. Müsəlmanların yetmiş dəvəsi, iki atı, altı zirehi və səkkiz qılıncı vardı. Amma düşmən qoşunu mindən yuxarı döyüşçü və yüz atlıdan təşkil olunmuşdu. Müsəlmanlar bu döyüşdə iyirmi iki şəhid verməklə (on dörd mühacir, səkkiz ənsar) kafirlərdən yetmişini öldürüb, yetmişini əsir götürərək qalib gəldilər.
◘Bədr döyüşü əvvəlcədən planlaşdırılmamışdı. Məkkə mühacirlərinin qəsb olunmuş malı əvəzində kafirlərin malının müsadirəsi cəhdi hərbi qarşıdurma ilə nəticələnmişdi(ərəbcə)
◘Sual: Ayədə oxuyuruq ki, kafirlər müsəlmanları iki qat artıq görürdülər. Halbuki “Ənfal” surəsinin 44-cü ayəsində buyurulur ki, müsəlmanlar kafirlərə az göründülər. Bu, ziddiyyət deyilmi?
Cavab: Bəli, döyüşün başlanğıcında müsəlmanlar kafirlərə az göründü və onlar Məkkə kafirlərindən kömək istəmədən hücuma keçdilər. Döyüş başlandıqdan sonra isə müsəlmanlar onlara çox görünməyə başladı. Beləcə, kafirlər uğursuzluğa düçar oldular. Müsəlmanların əvvəlcə az, sonra çox görünməsi tam məntiqidir.1
Bildirişlər
1. Döyüşdə məqsəd Allah və Allahın dini olmalıdır.
2. Müsəlman mücahidlərin bir məqsədi var. (Düşmən döyüşçülərinin isə məqsədləri fərqlidir.)
3. Əgər Allah istəsə, qavrayışlar dəyişər və göz, qarşısındakını ikiqat görər.
4. Qeybi yardımlardan biri düşmən qəlbində qorxu yaradılmasıdır.
5. Bədr döyüşündən məlum oldu ki, Allahın iradəsi daim insanların iradəsinə qalibdir. Yalnız döyüş təchizatı, maddi imkanlar qələbəyə səbəb ola bilməz.
6. Allah istədiyi kəsə yardım göstərsə də, bu yardımın şərti xalqın Allah dininin qələbəsi yolunda ayağa qalxmasıdır.
7. Tarixin bəyanında məqsəd öyüd-nəsihət götürülməsidir.
8. Hadisələr hamı üçün ibrət olsa da, yalnız bəsirət sahibləri buna müvəffəq olur.
9. Bədr döyüşündən ibrət götürməyənlər bəsirət sahibi deyil.
14. ﴿زُيِّنَ لِلنَّاسِ حُبُّ الشَّهَوَاتِ مِنَ النِّسَاء وَالْبَنِينَ وَالْقَنَاطِيرِ الْمُقَنطَرَةِ مِنَ الذَّهَبِ وَالْفِضَّةِ وَالْخَيْلِ الْمُسَوَّمَةِ وَالأَنْعَامِ وَالْحَرْثِ ذَلِكَ مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا وَاللّهُ عِندَهُ حُسْنُ الْمَآبِ﴾
“Qadınlara, oğlan övladlara, qızıl və gümüşdən, yaxşı atlardan, dördayaqlılardan və əkin sahələrindən olan çoxlu var-dövlətə eşq və bağlılıq xalqın gözündə cilvələnmiş nəfs istəklərindəndir. (Halbuki) bunlar dünya həyatının ötəri bəhrəsidir. Yaxşı sonuc yalnız Allahın yanındadır.”
Nöqtələr
◘“Qənatir” sözü “qintar” sözünün cəm forması olub çoxlu mal mənasını bildirir. Həmin sözün ardınca gələn “müqəntərə” sözü daha artıq təkid üçündür. Necə ki, “alaf və uluf” minlərcə min deməkdir.
“Xəyl” həm at, həm də süvariyə işarədir. Gözəl biçimə malik olan, yaxşı təlim görmüş, xüsusi üstünlüklərə malik atlara “xəylil-musəvvəmə” deyilir.
◘İnsana dünyanı gözəl göstərən bəzən onun şəxsi xəyalı, bəzən şeytan təlqinləri, bəzən isə ətrafdakıların təsiri olur.1
◘Ayədə sadalanmış dünya cilvələri həmin dövrə aiddir. Hər bir dövrün özünə aid görüntüləri ola bilər. “Qızıl və gümüş” sərvət toplamağa, “at” isə nəqliyyat vasitəsinə işarədir.
◘Sual: Allah mal və övladın zinət olduğunu qəbul etdiyi halda (“Kəhf”, 46), nə üçün ayədə bu şeylər tənqid olunur?
Cavab: Bir şeyin zinət olması ayrı məsələdir, insanın ona qul olması isə ayrı bir məsələ. Ayədə var-dövlətə, övladlara ifrat bağlılıq tənqid olunur.
◘“Bənin” sözü qızlara da şamil edilə bilər. Necə ki, “abirin” sözü yoldan ötən qadınlara da aid ola bilər.
◘İmam Sadiq (ə) “Hubbuş-şəhəvati minən-nisa” cümləsi ilə bağlı buyurmuşdur: «İnsanlar dünya və axirətdə ən çox qadınlardan ləzzət alırlar... Behişt əhli də yemək-içməkdən daha çox izdivaca meyillidir.»2 Bu rəvayət qadının ləzzət baxımından daha üstün rola malik olduğunu göstərir.
Bildirişlər
1. Maddiyyata təbii meyl bütün insanlarda mövcuddur. Təhlükəli olan isə dünyanın zinətlərinə, görüntülərinə aldanıb, nəfsi özbaşına buraxmaqdır.
2. Dünya gözəllikləri böyük şəxsiyyətlər üçün deyil, adi insanlar üçündür. (Tarixin böyük qadın şəxsiyyətlərindən olan Asya (Fironun arvadı) saray və qızıl-gümüşü dəyərsiz sayırdı.)
3. Ailə-övlada ifrat bağlılıq insanın dünyaya vurğunluğunun ən böyük səbəbidir.
4. Unutmayaq ki, dünyanın zinətləri və gözəllikləri axirətdən xəbərsizliyin müqəddiməsidir.
5. Pis aqibətə düçar olmağın amillərindən biri dünyaya vurğunluqdur. Çünki yaxşı sonuc yalnız Allahın yanındadır.
6. Tərbiyə üsullarından biri maddiyyatın kiçik, mənəviyyatın əzəmətli göstərilməsidir.
7. Təhlükəli meyllərə ən yaxşı nəzarət yolu onların Allahın əbədi lütfü ilə müqayisə olunmasıdır.
15. ﴿قُلْ أَؤُنَبِّئُكُم بِخَيْرٍ مِّن ذَلِكُمْ لِلَّذِينَ اتَّقَوْا عِندَ رَبِّهِمْ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا وَأَزْوَاجٌ مُّطَهَّرَةٌ وَرِضْوَانٌ مِّنَ اللّهِ وَاللّهُ بَصِيرٌ بِالْعِبَادِ﴾
“De ki, sizə bundan yaxşısı haqqında xəbər verimmi? Təqvalı kəslər üçün Allahın yanında altından çaylar axan bağlar vardır. Həmişə oradadırlar və pak zövcələri (olacaq). Allahın razılığı (onların halına şamildir). Allah bəndələrinin halını görəndir.”
Nöqtələr
◘Əvvəlki ayənin son cümləsində oxuduq ki, yaxşı aqibət Allahın yanındadır. Ayə yaxşı əməl sahiblərinin behiştindən bir lövhə təsvir edir.
Bildirişlər
1. Xalqı haqqa dəvət edərkən onları dünya və axirətin müqayisəsinə çağıraq.
2. Behişt sabitliyi və Allahın razılığı hara, dünyanın müvəqqəti və davamsız ləzzətləri hara?!
3. Təqvalı insanlar dünyanın bər-bəzəyinə vurulmurlar. Əvvəlki ayədəki “nas” sözünün yerinə bu ayədə “müttəqilər” sözü işlənmişdir.
4. Axirət nemətlərinə çatmaq ölçüsü təqvadır.
5. Təşviq təbii və fitri istəklərlə uyğun olmalıdır.
6. Paklıq, pakizəlik ən böyük dəyərdir.
7. Müttəqilər üçün nəzərdə tutulmuş ləzzətlər yalnız maddi ləzzətlər deyil. İlahi razılıq ən üstün mənəvi ləzzətdir.
8. Çox da təqva iddiasında olmayaq. Allah görən və biləndir.
16. ﴿ الَّذِينَ يَقُولُونَ رَبَّنَا إِنَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَقِنَا عَذَابَ النَّارِ ﴾
“(Təqvalılar) o kəslərdirlər ki, deyərlər: Pərvərdigara! Həqiqətən, biz iman gətirdik. Günahlarımızı bağışla və bizi atəş əzabından qoru.”
Dostları ilə paylaş: |