◘Bu son üç ayədə izdivac məsələsində Allahın lütflərindən bir hissəsi nəql olunmuşdur. Allah sizin üçün hökmlər bəyan edir, yol göstərir, sizə lütfünü nazil edir, işlərinizi yüngülləşdirir. Bütün bunların səbəbi insanın nəfs istəkləri qarşısında zəifliyi, səbir və müqavimət gücünün az olmasıdır.
Bildirişlər
1. İslam asan dindir və İslam yolunda çıxılmaz vəziyyət yoxdur.
2. Dini vəzifələr insanın gücünə uyğundur.
3. Evlənmədə çətinliklər yaratmaq Allahın istəklərinə ziddir.
4. İzdivac məsələlərində ilahi hökmlərlə tabeçiliyiniz yüngüllük və cəmiyyətin fitnə-fəsaddan uzaqlıq zəminəsidir.
5. İnsan cinsi istəklər qarşısında zəifdir.
6. Təbiət və insanın yaranışı ilə şəriət və ilahi hökmlər arasında uyğunluq vardır.
29. ﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَأْكُلُواْ أَمْوَالَكُمْ بَيْنَكُمْ بِالْبَاطِلِ إِلاَّ أَن تَكُونَ تِجَارَةً عَن تَرَاضٍ مِّنكُمْ وَلاَ تَقْتُلُواْ أَنفُسَكُمْ إِنَّ اللّهَ كَانَ بِكُمْ رَحِيمًا ﴾
“Ey iman gətirənlər! Bir-birinizin mallarını öz aranızda nahaqdan yeməyin. Yalnız bir-birinizin razılığı ilə olan ticarət istisnadır. Özünüzü (bir-birinizi) öldürməyin. Həqiqətən, Allah sizə münasibətdə daim mehriban olmuşdur.”
Nöqtələr
◘Qətlin qadağasının haram yeməyin qadağasından sonra gəlməsi buna işarə ola bilər ki, qeyri-sağlam iqtisadi sistem məhrumların zalımlar əleyhinə qiyamına, çaxnaşmalara, qətllərə və cəmiyyətin məhvinə səbəb olur.
◘İmam Sadiq (ə) bu ayəni oxuyarkən buyurmuşdur: “Bir şəxs qaytara bilməyəcəyini anladığı halda borc alırsa, batil mal yeyir.”1 İmam Baqir (ə) bu ayə haqqında buyurmuşdur: “Sələm, qumar, əskik satmaq və zülm batilin nümunələrindəndir.”2
◘Həzrət Peyğəmbər (s) cana təhlükəli olduğu halda soyuq su ilə dəstəmaz, qüsl yerinə yetirməyi insanın özünü qətlə yetirməsi saymışdır.3
◘İmam Sadiq (ə) buyurmuşdur: “Əgər bir müsəlman təkbaşına kafir məntəqəsinə daxil olub öldürülərsə, sanki özünü öldürmüşdür.”4
◘Məsum rəhbərləri qətlə yetirmək insanın özünü öldürməsi, cəmiyyəti fəlakətə aparması nümunələrindəndir. İmam Sadiq (ə) uyğun göstərişi açıqlayarkən belə buyurmuşdur: “Yəni öz peyğəmbərinizin Əhli-beytini (ə) öldürməyin.”5
Bildirişlər
1. Hər bir fərdin mülkiyyəti toxunulmazdır. Başqalarının mülkünə düzgün olmayan yolla, onun razılığı olmadan əl uzatmaq haramdır.
2. Cəmiyyətin vahid ruhu və müştərək taleyi var. Başqalarının mallarını öz malınız kimi möhtərəm sayın.
3. Haqqa əsaslanmayan istənilən bir sərf qadağandır.
4. Alış-veriş tərəflərin razılığı əsasında olmalıdır. Bu işdə məcburiyyətə yol yoxdur.
5. İnsanın canı möhtərəmdir. Ona görə də istər intihar, istərsə də başqasını qətlə yetirmək haramdır.
6. İslam hökmləri və göstərişləri ilahi rəhmət şöləsidir.
30. ﴿ وَمَن يَفْعَلْ ذَلِكَ عُدْوَانًا وَظُلْمًا فَسَوْفَ نُصْلِيهِ نَارًا وَكَانَ ذَلِكَ عَلَى اللّهِ يَسِيرًا ﴾
“Hər kəs təcavüz və sitəm yolu ilə belə etsə (xalqın malına və canına əl uzatsa və ya intihar edib qan töksə), tezliklə onu oda daxil edərik. Bu iş Allah üçün asandır.”
Nöqtələr
◘Ədavət və zülm arasında fərq bu ola bilər ki, ədavət yalnız başqalarına yönəlir, zülm isə insanın özünə də aid ola bilir.
◘Ayədəki “nuslihi” sözü təcavüzkarın oda salınacağı mənasını bildirir.
◘İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs bilərəkdən intihar etsə (özünü öldürsə), həmişəlik cəhənnəmdə qalar.” Sonra isə həzrət bu ayəni tilavət etmişdir.”1
Bildirişlər
1. Bir işin səbəbi zülm və ədavət deyilsə, bu işə görə ilahi qəhr və qəzəb də yoxdur.
2. İnsanın məqsədi ona veriləcək mükafat və ya cəzada mühüm rol oynayır.
31. ﴿ إِن تَجْتَنِبُواْ كَبَآئِرَ مَا تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنكُمْ سَيِّئَاتِكُمْ وَنُدْخِلْكُم مُّدْخَلاً كَرِيمًا ﴾
“Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, kiçik günahlarınızı pərdələyər və sizi dəyərli bir yerə daxil edərik.”
Nöqtələr
◘Bu ayədən məlum olur ki, günahlar iki növdür: Səğirə və kəbirə (kiçik və böyük). “Kəhf” surəsinin 49-cu ayəsində oxuyuruq ki, günahkarlar qiyamətdə öz əməl namələrini görüb deyərlər: “Bu necə əməl naməsidir ki, heç bir kiçik və böyük günah ötürülməyib.”
◘İmam Kazimdən (ə) soruşurlar ki, bu ayədə Allah kəbirədən çəkinənlərin səğirə günahlarını bağışlayacağını vəd etmişsə, bəs şəfaət nə üçündür? İmam (ə) buyurmuşdur: “Şəfaət ümmətin kəbirə günah edənləri üçündür.”2
◘Rəvayətlərə əsasən, hansı günah müqabilində Allah od vəd etmişsə, həmin günah kəbirə günahdır.3 Qətl, intihar və ya başqalarının malına təcavüz müqabilində od vədinin səbəbi əvvəlki ayədə kəbirə günah nümunələrinin sadalanması ola bilər.
◘Rəvayətlərdə kəbirə günahların sayı müxtəlif şəkillərdə göstərilmişdir. Çünki kəbirə günahların da dərəcələri vardır. Onlardan bəziləri “əkbərul-kəbair” adlandırılmışdır.
Bildirişlər
1. Düşüncə və əməl üsulu düzgün olanların kiçik xətaları bağışlanmalıdır.
2. Böyük günahları tərk edənlərin mükafatı odur ki, Allah onların kiçik günahlarını bağışlayır.
3. Kəbirə və səğirə günahlardan təmizlənməmiş behiştə getməyəcəyik.
32. ﴿وَلاَ تَتَمَنَّوْاْ مَا فَضَّلَ اللّهُ بِهِ بَعْضَكُمْ عَلَى بَعْضٍ لِّلرِّجَالِ نَصِيبٌ مِّمَّا اكْتَسَبُواْ وَلِلنِّسَاء نَصِيبٌ مِّمَّا اكْتَسَبْنَ وَاسْأَلُواْ اللّهَ مِن فَضْلِهِ إِنَّ اللّهَ كَانَ بِكُلِّ شَيْءٍ عَلِيمًا﴾
“Allahın birinizin o birinizdən üstünlük səbəbi qərar verdiyini arzulamayın. Kişilər üçün əldə etdiklərindən bir bəhrə var. Qadınlar üçün də kəsb etdiklərinin (qazandıqlarının) bir bəhrəsi var. (Arzu və həsəd əvəzində) Allahın fəzlindən istəyin. Allah hər şeyi biləndir.”
Dostları ilə paylaş: |