Nöqtələr
◘Ayənin nazilolma şəni haqqında deyilir: Kafirlər həzrət Peyğəmbərə (s) deyirdilər: “Nə qədər ki, yeri yarıb bizim üçün bir bulaq çıxarmamışsan, sənə iman gətirmərik.1 Onlar bəzən də göyə çıxmaqdan danışırdılar.2 Bəlkə də ayə kafirlərin yersiz istəklərini açıqlayır. Peyğəmbərə bildirilir ki, yeri aralasan da, göyə nərdivan qoysan da, özünü oda-suya vursan da faydası yoxdur. Buyurulur ki, sənin dəvətində nöqsan yoxdur, onlar inadkardırlar və onların hidayəti üçün özünü üzmə.
Bildirişlər
1. Peyğəmbər xalqın hidayəti yolunda özünü üzür və onların üz döndərməsindən qəmlənirdi.
2. Peyğəmbər müraciət etdiyi insanların ruhiyyəsini bilməlidir. Bilməlidir ki, inadkar bir dəstəyə hər hansı möcüzəni gətirsə də, onlar üz döndərəcəklər.
3. Həzrət Peyğəmbər (s) istənilən bir yolla xalqı hidayət etməyə çalışırdı. Amma Allah xəbərdarlıq edir ki, maneə kafirlərin inadkar ruhiyyəsindədir.
4. Allah bütün insanları hidayət edə bilər. Amma ilahi hikmətə əsasən, insan özü seçim etməlidir.
5. Bəhanəçi və inadkar insanların istəyini yerinə yetirmək, eləcə də, təbliğatçının səbirsizliyi cəhalətdir. (Yersiz istəklərin kökü çox vaxt cəhalət olur.)
36. ﴿إِنَّمَا يَسْتَجِيبُ الَّذِينَ يَسْمَعُونَ وَالْمَوْتَى يَبْعَثُهُمُ اللّهُ ثُمَّ إِلَيْهِ يُرْجَعُونَ﴾
“(Sənin dəvətini) yalnız eşidən qulağı olanlar qəbul edər. (Yaxınlaşmayan kafirlər) Qiyamət günü Allahın ayağa qaldıracağı və hamısı Ona doğru qaytarılacaq ölülərdir.”
Dostları ilə paylaş: |