Bildirişlər
1. İnsanın öz hərəkətlərini nəzarət altına alması üçün qiyamətin varlığına güman da kifayət edir.
2. Xaşe kəs namazda Allahla görüşdə olduğunu duyur.
47. ﴿يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُواْ نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ﴾
“Ey Bəni-İsrail! Sizə ruzi etdiyim nemətləri yada salın və bunu ki, Mən sizə dünyadakılardan üstünlük verdim.”
Nöqtələr
◘Bu ayədə həzrət Yaqubun övladlarından və nəslindən istənilir ki, Allahı daha yaxşı tanımaq və şükür ruhiyyəsini diriltmək üçün həmin nemətləri yada salsınlar. Əlbəttə ki, Bəni-İsrail öz zamanının xalqlarından üstün və fəzilətli idi. Çünki Quran müsəlmanlar haqqında buyurmuşdur: “Siz ümmətlərin ən üstünüsünüz.”3 Bəlkə də üstünlük dedikdə, həzrət Musanın və Bəni-İsrail qövmünün fironçulara qalib gəlməsi nəzərdə tutulmuşdur. Bu üstünlük əxlaqi və etiqadi üstünlük olmaya da bilər.4 Çünki Quran dəfələrlə onların bəhanəçiliyini və etiqadsızlığını tənqid etmişdir.
Bildirişlər
1. Nemət və fəzilət Allahın əlindədir.
2. Zalımın hakimiyyətindən qurtuluş böyük ilahi nemətlərdəndir.
48. ﴿وَاتَّقُواْ يَوْماً لاَّ تَجْزِي نَفْسٌ عَن نَّفْسٍ شَيْئاً وَلاَ يُقْبَلُ مِنْهَا شَفَاعَةٌ وَلاَ يُؤْخَذُ مِنْهَا عَدْلٌ وَلاَ هُمْ يُنصَرُونَ﴾
“Qorxun o gündən ki, kimsə kimsədən bir şeyi (Allahın əzabını) dəf etməz və kimsədən bir şəfaət qəbul olunmaz. Kimsədən əvəz alınmaz və kimsəyə kömək göstərilməz.”
Nöqtələr
◘Bu ayədə yəhudilərin bəzi yanlış əqidələrinə və yersiz ümidlərinə işarə olunmuşdur. Onlar güman edirdilər ki, qiyamət günündə əcdadları onlara şəfaət verəcək. Necə ki, bütpərəstlər bütləri özlərinə şafətçi düşünürdülər. Onlardan bəziləri qurbanlıq etməyi günahlarına kəffarə bilirdi. Pulları olmadıqda bir cüt göyərçinin başını kəsirdilər. Onlardan bir qrupu da ölüləri ilə qızıl gümüş basdırırdılar ki, ölü həmin qızıl-gümüşü günahlarına cərimə olaraq ödəsin.
Onlar xəbərsizdilər ki, qiyamət dünyanın xilafınadır. Pulla, dəstəbazlıq ilə, zorluların himayəsi ilə problemi aradan qaldırmaq dünyaya aid olan bir işdir.
◘Qiyamət günü bütün səbəblər qət olur.1 Yaxınlıq əlaqələri aradan qalxır2, üzr dili bağlanır3, var-dövlət və övladlar kara gəlmir4, qohumluq səmərəsiz olur5, qüdrətlər puça çıxır,6 Allahın izni olmadan şəfaət qəbul olunmur,7 fidyə qəbul olunmur.8
Şəfaət haqqında bir bəhs:
◘Şəfaət sözü “şəf” sözündən olub “cüt” deməkdir. Yəni iman, təqva və əməl mayası olanlar qiyamət günü çətinliyə düşdükdə onların mayasına bir lütf əlavə olunur. İlahi övliyaların lütfü ilə cütləşmə nəticəsində bəndələr Allahın qəhrindən və qəzəbindən nicat tapırlar. Ona görə də şəfaət yalnız təlaş edən insanlara nəsib olur. Bu çalışqan insanlar yolda qaldıqlarından onları müşayiət edəsi bir qüdrətə ehtiyac duyurlar.
◘Quranda təqribən otuz ayə şəfaət haqqındadır. Bu ayələr bir neçə qismə bölünür:
1. Şəfaəti inkar edən ayələr. Məsələn: “Müamilə, dostluq və şəfaətin olmayacağı bir gün...”9
2. Şəfaətin Allaha məxsus olduğunu bildirən ayələr. Məsələn: “Ondan savay heç bir yardımçı və şəfaət edən yoxdur.”10
3. Yalnız Allahın izni ilə başqalarının şəfaətini mümkün sayan ayələr. Məsələn: “Onun yanında kim şəfaət edə bilər? Yalnız Onun izni ilə!2
4. Şəfaət olunanlar üçün şərtləri sayan ayələr. Məsələn:
a) Şəfaət Allahın razılığını qazanmış insan üçündür.3
b) Zalımlar üçün dost və şəfaətçi yoxdur.4
v) Mələklər iman gətirmiş kəslər üçün dua və istiğfar edirlər.5
Yuxarıdakı ayələri nəzərdən keçirdikdə aydın olur ki, şəfaət qeyd-şərtsiz deyil. Şəfaət Allahın icazə və iznindən asılıdır. Şəfaət olunan şəxsdə müəyyən şərtlər olmalıdır. Bir şəxsdə şəfaət şərtləri ödənməmişdirsə, hətta peyğəmbərin arvadı da olmuş olsa, şəfaət olunası deyil. Çünki həzrət Nuhun, həzrət Lutun zövcələri öz günahlarına görə şəfaətə müvəffəq olmadılar.6
Beləcə, insanı Allahın övliyalarına çatdıran şəfaət faydalıdır. İnsanı ümidsizlikdən qurtara bilən şəfaət səmərə verər. Yox, əgər şəfaətə inam insanda günah cürəti yaradırsa, bu şəfaət heç vaxt qəbul oluna bilməz. Məsələn, məsihilər inanırlar ki, İsa onların günahlarının bağışlanması üçün fəda oldu.
Sual: Məgər Allahın övliyalarının şəfaəti onların Allah iradəsi qarşısında dayanmaları deyilmi? Məgər peyğəmbər Allahın əzab vermək istədiyi kəsə şəfaət verməklə Allahın istəyinin qarşısını almırmı?
Cavab: Günahkarların cəzalandırılması da, övliyalara şəfaət icazəsi verilməsi də Allahın istək və iradəsidir. Ona görə də ilahi övliyaların şəfaəti Allahın iradəsinə zidd sayılmır.
Sual: İlahi övliyaların şəfaəti onların Allahdan daha rəhimli olması demək deyilmi? Axı onlar Allahın əzab vermək istədiyi şəxsə şəfaət verirlər?
Cavab: İlahi övliyalardakı rəhm də, bu rəhmdən istifadə də Allah tərəfindəndir. Öz rəhmi və lütfü ilə şəfaət icazəsi verən də Allahdır.
Sual: Şəfaət Allahın iradəsini dəyişmirmi?
Cavab: Müxtəlif şəraitlərdə Allahın iradəsi bir növ deyil. Allahın iradəsi günahkarı cəzalandırmaqdır. Amma günahkar tövbə etdikdə Allah öz qəhrini götürür. Çünki günahkar insan tövbəkar insandan fərqlənir. İnsan dünyada ilahi övliyalara məhəbbət və itaətlə onların şəfaətinə nail olur. Övliyalara müxalif olanlar isə şəfaətdən məhrum qalır.
◘Dünyada günahların üç bağışlanma vasitəsi var: tövbə1; böyük günahların tərki2; yaxşı və xeyirli işlər.3
Axirətdə isə yeganə bağışlanma yolu şəfaətdir.
Dostları ilə paylaş: |