Nöqtələr
◘Allah bu ayədə Bəni-İsraili məzəmmət edir ki, onlar etdikləri əhdə baxmayaraq bir-birlərini öldürdülər, bir-birlərini məmləkətlərindən xaric etdilər. Onlar sağlam ailə əlaqələri və məhrumlara əl tutmaq əsasında vahid cəmiyyət yaratmağa vəzifəli olduqları halda, günah və başqalarının haqqına təcavüzdə əl-ələ verib cəmiyyətdə hərc-mərclik, təfriqə yaratdılar, qan tökülməsinə rəvac verdilər. Onların himayəsi ilə zalım hakimlər qətl və sürgünlərə cürət etdi. Təəccüblü budur ki, bu adamlar uyğun didişmələrdə əsir düşdükdə Tövratın hökmünə əsasən fidyə ödəyib onu azad etdilər. Hansı ki, onlar Tövratın qətl, sürgün haqqındakı hökmlərini qulaq ardına vurdular. Onlar bir-birini öldürməyə hazır ikən, bir-birinin əsiri olmağa razı deyildilər. Əgər əsirlik pis idisə, öldürmək ondan da pis idi. Əgər Tövrat fidyə verməklə əsirlərin azad olunmasını əmr edirdisə, qətli və sürgünü qadağan edirdi. Bəli, onlar əslində Allahın əmrinə təslim olmamışdılar. Hər yerdə öz istəklərinə uyğun gələn ilahi ayələri öz səliqələri ilə qəbul edirdilər. Harada ki ilahi hökmlər onların istəyi ilə uyuşmurdu, həmin hökmü ayaq altına alırdılar.
◘Bu ayədə dinin bir hissəsinin qəbul olunmasının və digər bir hissəsinin kənara qoyulmasının necəliyi haqqında xəbərdarlıq olunur. Fərdi vəzifələrinə əməl edib ictimai vəzifələrinə biganə qalan insan dünyada zəlillik, qiyamətdə əzab intizarında olmalıdır. Bir çoxları namaz və orucun şərtlərini və hökmlərini yerinə yetirdikləri halda, hakim və hökumətə münasibətdə özlərini vəzifəli bilmirlər.
Bildirişlər
1. Quran insanın başqalarını öldürməsini onun özünü öldürməsi kimi təqdim edir. Məlum olur ki, başqasını öldürmək intihara (insanın özünü öldürməsinə) bərabərdir. Eyni bir cəmiyyət bir bədənin əzaları kimidir.
2. Günah və təcavüzə yardım və həmkarlıq qadağandır. (Hədisdə nəql olunur ki, hər kəs zalıma onun zülm-sitəmində yol göstərib kömək etsə, cəhənnəmdə Fironun vəziri Hamanın yanında olacaq. Hətta zalım üçün kağız-qələm hazırlamaq da düz deyil. İmam Kazim (ə) tanınmış müsəlmanlardan birinə buyurmuşdur: “Həcc səfəri məqsədi ilə də olsa, xəlifə Harun ər-Rəşidə dəvə kirayə vermək olmaz.”1
3. İmanın əlaməti əməldir. Dini göstərişlərə əməl etməyən insan imansız kimidir. Quran insanın bəzi göstərişlərə əməl edib, bəzi göstərişlərdən boyun qaçırmasını tənqid edərək buyurmuşdur: “Nə üçün bəzi şeyə iman gətirir, bəzisinə qarşı küfr edirsiniz? “
4. Həqiqi imanın nişanəsi insanın öz şəxsi səliqəsi və meylinə zidd ilahi göstərişlərə əməl etməsidir. Könül istəyən ilahi göstərişlərə əməl etmək həqiqi iman ölçüsü sayılmır.
5. Bəzi ayələrə qarşı küfr əslində bütün hökmlərə qarşı küfrdür. Ona görə də ayələrdən bir qisminə əməl etməyənlərin cəzası dünyada zəlillik, qiyamətdə isə əzabdır.
86. ﴿أُولَـئِكَ الَّذِينَ اشْتَرَوُاْ الْحَيَاةَ الدُّنْيَا بِالآَخِرَةِ فَلاَ يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلاَ هُمْ يُنصَرُونَ﴾
“Onlar dünya həyatını axirət bahasına almışlardır. Onların cəzaları yüngülləşdirilməz və onlara yardım olunmaz.”
Nöqtələr
◘Ayədə əhdi pozmağın, insanları qətlə yetirməyin, bəzi ayələrə əməl edilməməsinin kökləri belə bəyan edilir: Onlar dünya həyatının ardınca gedir və mənafelərinə uyğun qanunlara baş əyirlər. Onlar dünyəvi mənafelərinə ziyan olan qanunlara etinasızdırlar. Demək, bu rifah ardınca gəzən dünyapərəstlərin iddialarının ziddinə olaraq onların ilahi əzabları yüngülləşdirilməz. Onlar ya əzab görməyəcəklərini, ya da yalnız bir neçə gün əzab görəcəklərini düşünürlər. Hansı ki, onlar da başqa günahkarlar tək öz əməllərinə görə məsuliyyət daşıyırlar.
Bildirişlər
1. İnsan azaddır və onun seçim hüququ var. Ayələrdə “insan dünyanı aldı, axirəti satdı” deyilməsindən aydın olur ki, insan məcbur deyil, o ixtiyar sahibidir, düşüncə, müqayisə yolu ilə ölçüb-biçir, seçim aparır.
2. İlahi qanun qarşısında hamı eyni dərəcədə cavabdehdir. Bəni-İsrailin özünü üstün irq, Allahın əzizi hesab etməsi puç xəyaldan başqa bir şey deyil. İnadkarlıq və küfr yolunu tutmuş heç bir insan və qövm ilahi qəhr və qəzəbdən azad edilməmişdir.
3. Qətlin səbəblərindən biri də dünyapərəstlikdir.
87. ﴿وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ وَقَفَّيْنَا مِن بَعْدِهِ بِالرُّسُلِ وَآتَيْنَا عِيسَى ابْنَ مَرْيَمَ الْبَيِّنَاتِ وَأَيَّدْنَاهُ بِرُوحِ الْقُدُسِ أَفَكُلَّمَا جَاءكُمْ رَسُولٌ بِمَا لاَ تَهْوَى أَنفُسُكُمُ اسْتَكْبَرْتُمْ فَفَرِيقاً كَذَّبْتُمْ وَفَرِيقاً تَقْتُلُونَ﴾
“Belə ki, Biz Musaya kitab (Tövrat) verdik və ondan sonra ardıcıl surətdə peyğəmbərlər göndərdik. İsa ibn Məryəmə (möcüzələr) aşkar dəlillər verdik və ona Ruhul-qüdslə yardım göstərdik. Bəs nə üçün peyğəmbər sizin nəfs istəklərinizə qarşı bir şey (hökm və göstəriş) dedikdə onun qarşısında təkəbbür göstərirsiniz? (Ona iman gətirmək əvəzinə) bir dəstəni inkar etdiniz, digər bir dəstəni qətlə yetirdiniz.”
Nöqtələr
◘Ayədə Allahın xalqın hidayətindəki ardıcıl lütfündən danışılır. Bildirilir ki, Musadan sonra Davud, Süleyman, Yuşə, Zəkəriyya və Yəhya kimi peyğəmbərlər göndərildi. Həmin peyğəmbərlərdən sonra həzrət İsa aşkar dəlillərlə məbus edildi və Ruhul-qüds (“Nəhl” surəsinin 102-ci ayəsindən məlum edildi ki, Ruhul-qüds Cəbraildir) tərəfindən ona yardım göstərildi. Amma Bəni-İsrail təkəbbür və asilik yolunu tutdu, ilahi hidayətin qəbulu əvəzinə peyğəmbərlərin inkarı və qətlinə əl atıldı.
◘Peyğəmbərlər tarixi İslam peyğəmbəri və möminlər üçün bir təsəllidir. Bu tarixlə tanış olduqda çətinliklərə dözmək asan gəlir.
Bildirişlər
1. Xalq arasında səmavi rəhbərin daimi mövcudluğu Allahın sünnəsidir.
2. Təlim və tərbiyə məsələsində tətilə, fasiləyə yer yoxdur. Peyğəmbərlərin ardıcıl şəkildə göndərilməsi tarix boyu hidayət cərəyanının davam nişanəsidir.
3. Mələklər Allahın övliyalarına yardım göstərirlər.
4. Peyğəmbərlər xalqın sorağına getməlidirlər.
5. Hidayət həvəspərəstliklə uyğun deyil.
6. Haqqa təslim olmayan insan təkəbbür əhlidir.
7. Həvəspərəstlik insanı peyğəmbəri qətlə yetirincəyədək süquta uğradır.
8. Peyğəmbərlər öz hədəflərini həyata keçirmək üçün son damla qanlarınadək müqavimət göstərmişlər.
88. ﴿وَقَالُواْ قُلُوبُنَا غُلْفٌ بَل لَّعَنَهُمُ اللَّه بِكُفْرِهِمْ فَقَلِيلاً مَّا يُؤْمِنُونَ﴾
“Onlar (peyğəmbərlərinə) dedilər: “Qəlblərimiz qılafdadır (və biz sizin dediklərinizdən bir şey anlamırıq).” Belə deyil. Allah küfrlərinə görə onları öz mərhəmətindən uzaqlaşdırmışdır. (Ona görə də bir şey dərk etmirlər.) Çox az bir qismi iman gətirir.”
Dostları ilə paylaş: |