Nöqtələr
◘Bu ayə kitab əhlinə bir xəbərdarlıqdır. Onlar əsasız iddialarından əl götürməlidirlər. Onlar deyirdilər: Biz Allaha daha yaxınıq, onun övladlarıyıq və ya əzizləriyik. Bəni-İsrail elə güman edir ki, bütün peyğəmbərlər həmin nəsildən olmalıdır. Onlar dinlərinin və səmavi kitablarının qədimliyinə görə özlərini üstün sayırdılar. Onlara elə gəlirdi ki, Allahın lütfü yalnız onların halına şamildir. Elə bu düşüncələrlə də müsəlmanlarla didişirdilər.
Bildirişlər
1. Bütün bəşəriyyətin ixtiyar sahibi Allahdır. Onun hamıya lütfü var. O istənilən bir nəsildən olan insana xüsusi ətalar edə bilər.
2. Hər kəsin xoşbəxtliyi onun əməllərindən asılıdır. İddia və şüar səmərəsizdir.
3. Allaha yaxınlıq ölçüsü xalisanə ibadət və Allahı şəriksiz bilməkdir.
140. ﴿أَمْ تَقُولُونَ إِنَّ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَـقَ وَيَعْقُوبَ وَالأسْبَاطَ كَانُواْ هُودًا أَوْ نَصَارَى قُلْ أَأَنتُمْ أَعْلَمُ أَمِ اللّهُ وَمَنْ أَظْلَمُ مِمَّن كَتَمَ شَهَادَةً عِندَهُ مِنَ اللّهِ وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ﴾
“Yoxsa deyirlər ki, İbrahim, İsmail, İshaq, Yaqub, Əsbat yəhudi və məsihi idilər? De ki, siz yaxşı bilirsiniz, yoxsa Allah? (Nə üçün həqiqəti gizlədirsiniz?) (Peyğəmbərlər haqqında) ilahi and və şəhadəti Allahın yanında ola-ola gizlədəndən də zalımı kimdir? Allah sizin əməllərinizdən xəbərsiz deyil.”
Nöqtələr
◘Bu ayə kitab əhlinə digər bir xitabdır. Siz yəhudiliyiniz və ya məsihiliyinizlə o qədər fəxr edirsiniz ki, hətta Allahın ən böyük övliyalarına ən ağır böhtanlar da atmağa hazırsınız! Yoxsa Tövrat və İncildən əvvəl gəlmələrinə baxmayaraq, İbrahimi, İsmaili, İshaqı, Yaqubu və başqa peyğəmbərləri yəhudi və məsihi sayırsınız? Bildiyiniz həqiqəti gizlətməyiniz sitəmkarlıq deyilmi? Siz aşkar tarixi bir həqiqəti xalqdan gizləyirsiniz və iddia edirsiniz ki, bütün peyğəmbərlər yəhudi və məsihi olmuşdur. Amma unutmayın ki, Allah sizin bütün işlərinizdən xəbərdardır.
Bildirişlər
1. İnsanda təəssüb elə bir həddə çata bilər ki, o hətta tarixi gerçəklikləri də təhrif və inkar etməkdən çəkinməz.
2. Zülmlərin ən böyüyü etiqadi zülm və həqiqətlərin gizlədilməsidir.
3. Allahın pərdələmə və zülmlərdən xəbərdar olduğu yadımızda qalmalıdır.
141. ﴿تِلْكَ أُمَّةٌ قَدْ خَلَتْ لَهَا مَا كَسَبَتْ وَلَكُم مَّا كَسَبْتُمْ وَلاَ تُسْأَلُونَ عَمَّا كَانُواْ يَعْمَلُونَ﴾
“(Hər halda,) həmin ümmət keçib getdi. Onların ələ gətirdikləri özləri üçün, sizin ələ gətirdikləriniz isə özünüz üçündür. Sizdən onların etdikləri barədə soruşulmayacaq.”
Bildirişlər
1. Xoşbəxtliyin əldə olunmasında keçmişdəkilərin və babaların tarixinə arxalanmaq səmərəsizdir.
Qəbuldur atanın fəzilətləri, Amma varmı bunun sənə səməri?!
2. Hər bir ümmət öz əməllərinə məsuldur.
İkİncİ cüz
142. ﴿سَيَقُولُ السُّفَهَاء مِنَ النَّاسِ مَا وَلاَّهُمْ عَن قِبْلَتِهِمُ الَّتِي كَانُواْ عَلَيْهَا قُل لِّلّهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ يَهْدِي مَن يَشَاء إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ﴾
“Tezliklə xalqdan olan ağılsızlar deyəcəklər: Onları (müsəlmanları) üz tutduqları qiblədən (Beytül-Müqəddəs) nə döndərdi? De ki, şərq də, qərb də Allahındır. İstədiyini doğru yola hidayət edir.”
Nöqtələr
◘Məkkə müşrikləri Kəbəni bütxanaya çevirdiklərindən həzrət Peyğəmbər və müsəlmanlar besətdən sonrakı on üç il ərzində üzü Kəbəyə namaz qılmadılar. Əgər onlar üzü Kəbəyə namaz qılsaydılar, belə görünərdi ki, onlar da bütləri möhtərəm sayırlar. Amma Mədinəyə hicrətdən sonra bir neçə ay keçməmiş yəhudilər etiraz edib müsəlmanları təhqir etdilər və dedilər: Siz bizim qibləmiz Beytül-Müqəddəsə doğru namaz qılırsınız, ona görə də istiqlalınız yoxdur və bizim ardıcılımızsınız. Peyğəmbər (s) bu böhtanlardan narahat oldu və dua zamanı üzünü səmaya tutdu. Həzrət qiblənin dəyişməsi haqqında sanki vəhyin nazil olması intizarında idi. Peyğəmbər (s) üzü Beytül-Müqəddəsə iki rəkət namaz qılmışdı ki, Cəbrail nazil oldu və peyğəmbərin qolundan tutub onun üzünü Kəbəyə doğru çevirdi. Nəticədə Peyğəmbər (s) bir namazı iki qibləyə doğru qılmış oldu. Hazırda Mədinədəki həmin yer “qiblətəyn” məscidi (iki qiblə məscidi) kimi tanınır.1
Bu əhvalatdan sonra yəhudilər narahat oldular və öz adətləri üzrə xırdaçılığa başladılar. Dünənədək müsəlmanların istiqlaldan məhrum olduğunu, onların ardınca gəldiyini deyən yəhudilər indi soruşurdular ki, nə üçün qədim peyğəmbərlərin qibləsindən üz döndərilmişdir? Həzrət Peyğəmbərə əmr olundu ki, onlara cavab versin: Şərq də, qərb də Allahındır və Allahın xüsusi məkanı yoxdur!
Bəli, qiblənin dəyişməsi Allahın hikmət nişanəsidir. Bunu zəiflik və cəhalət saymaq olmaz. Yaranış nizamında fəsillərin dəyişməsi də tədbir nişanəsidir. Hər hansı dəyişikliyi zəiflik və peşmanlıq saymaq olmaz.
◘Allahın hər yerdə hüzuru var. Şərq də, qərb də onundur. Üzün Kəbəyə tutulması qəlbin Allaha doğru olmasının rəmzidir. Bir çoxları üzlərini Kəbəyə tutduqları halda qəlbləri başqa bir cəhətə yönəlir. Necə ki, Xacə Abdullah Ənsari deyir:
Şahların qibləsi şöhrət, taxt-tac, Ərbabın qibləsi nəfsinə əlac.
Surətə uyanın qibləsi su, gil, Məna gəzənlərin qibləsi könül.
Qarınquluların qibləsi kabab, İnsanın qibləsi bilik, söz, cavab.
Aşiqin qibləsi zavalsız vüsal, Arifin qibləsi zülcəlal kamal.
Bildirişlər
1. Hər gün bəhanə gəzib haqqı qəbul etməkdən boyun qaçıranlar səfehdir. Rəvayətdə axirətini dünyasına fəda edənlər məcnun, günahkar rəhbərə itaət edənlər fəqir, dinini əldən çıxaranlar isə qarət olunmuş adlandırılmışdır.
2. Allahın öz hökmlərini dəyişə bilməyəcəyini düşünən insan səfeh və başıboşdur. Hikmət sahibi və alim Allaha etiraz səfehlik nişanəsidir.
3. Müsəlmanlar düşmənin hiylələrinə, şaiələrinə, bəhanə dolu suallarına cavab verməklə onların nüfuzunun qarşısını almalıdırlar. Düşmənin planlarından öncədən xəbər tutmaq lazımdır.
4. Sual vermək qəbahət deyil. Amma etiraz, nöqsan axtarmaq məqsədi ilə sual verilməsi tənqid olunur.
5. Məkan və zamanın müqəddəsliyi və kəraməti Allahın lütfünə bağlıdır.
6. Qiblənin dəyişməsi İslam peyğəmbərinin səmavi kitabdakı nişanələrindən biri idi. Ona görə də bu məsələ bəzilərinin hidayətinə səbəb olmuşdu.
143. ﴿وَكَذَلِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا لِّتَكُونُواْ شُهَدَاء عَلَى النَّاسِ وَيَكُونَ الرَّسُولُ عَلَيْكُمْ شَهِيدًا وَمَا جَعَلْنَا الْقِبْلَةَ الَّتِي كُنتَ عَلَيْهَا إِلاَّ لِنَعْلَمَ مَن يَتَّبِعُ الرَّسُولَ مِمَّن يَنقَلِبُ عَلَى عَقِبَيْهِ وَإِن كَانَتْ لَكَبِيرَةً إِلاَّ عَلَى الَّذِينَ هَدَى اللّهُ وَمَا كَانَ اللّهُ لِيُضِيعَ إِيمَانَكُمْ إِنَّ اللّهَ بِالنَّاسِ لَرَؤُوفٌ رَّحِيمٌ﴾
“Beləcə, Biz sizi orta bir ümmət qərar verdik ki, siz xalqa şahid olasınız, Peyğəmbər isə sizə. Əvvəlcə üz tutduğun qiblədən səni ona görə döndərdik ki, peyğəmbərə itaət edənləri cahiliyyətə qayıdanlardan seçək. Şübhəsiz ki, bu (qiblənin dəyişilməsi), Allahın hidayət etdiyi kəslərdən başqalarına çətin oldu. Allah heç vaxt sizin imanınızı zaya çıxarmaz. Çünki Allah xalqa rəhim və mehribandır.
Dostları ilə paylaş: |