◘Cahiliyyət dövründə qadını boşamaq və geri qaytarmaq adi bir iş idi. Amma İslam bir qadını boşayıb yenidən evlənməni iki dəfə caiz saydı. Üçüncü boşanmadan sonra yenidən evlənmək icazəsi yoxdur. Bu qanun qadının və ailənin ehtiramını hifz edir.1
◘İslamda talaq halalların ən mənfuru və ən pisi sayılır. Amma bəzən ixtilaf elə bir həddə çatır ki, ailə həyatının davamı mümkünsüz olur.
Bu ayədə kişi tərəfindən gerçəkləşən talaqla yanaşı, qadın tərəfindən təklif olunan talağa da işarə olunmuşdur. Boşanmanı qadın təklif etdikdə, o öz mehriyyəsini azadlığa qurban verir. Yəni kişinin təklifi ilə talaq baş tutduqda qadın mehriyyəsini alır, qadın özü boşanmanı təklif etdikdə mehriyyədən əl çəkməli olur.
◘Talaq sayı boşanma və evlənmənin sayı ilə təyin olunur. Bir dəfəyə “mən üç talaq verdim” deyən şəxs əslində bir dəfə talaq vermiş olur. Çünki o öz talağı ilə yalnız bir nikahı aradan götürür. Beləcə, Əhi-beyt (ə) fiqhinə görə, bir neçə talaq bir neçə mərhələdə gerçəkləşməlidir.
Bir dəfəyə üç talaq vermək mümkünsüzdür. Ona görə də məsləhət görülmür ki, ailə həyatı birdəfəyə bir qərarla məhv edilsin. (Əl-Əzhər universitetinin rəisi Şeyx Mahmud Şeltut deyir: “Mən talaq məsələsində üstünlüyü şiə fiqhinə verirəm.”)
Bildirişlər
1. Başqaları ilə əlaqəni kəsərkən birdəfəyə qərar çıxarmaq yox, götür-qoy üçün meydan vermək lazımdır.
2. Qadına əzab-əziyyət vermək qadağandır. Kişi kam almaq və ya psixoloji zərbə vurmaq üçün evlənib boşana bilməz.
3. Ailə həyatında şəxsi zövqdən çəkinmək və adi həyat tərzinə üstünlük vermək lazımdır.
4. Ayrılıq acılığını hədiyyə və ehsan şirinliyi ilə aradan qaldırın.
5. Talaq kin, sərtlik və intiqam amili olmamalıdır. Hətta talaq zamanı da yaxşılıq və ehsan əsas şərtdir.
6. Həyat yoldaşının qorunması həyatda əsas məsələdir.
7. İslamda hüquq və əhkam əxlaq və mərhəmətdən kənar deyil. “Ehsan” və “məruf” sözləri bu nöqtələrə işarədir.
8. Hüquqlara riayət etmək lazımdır. Kişi qadının haqqı olan mehriyyəni kəsə bilməz.
9. Qadın və kişinin istəkləri ilahi hədlər çərçivəsində olmalıdır.
10. Boşanma üçün qadın və kişinin mövqeyi kafi deyil. Onların ailə həyatının davamına başqalarının da ümidsiz olması şərtdir. Bəzən ər və arvad deyir: “Bizim əxlaqımız fərqlidir.” Amma bu sözləri doğuran həyəcandır. Çünki Quran qadın və kişinin münasibətləri məsələsində xalqın da mövqeyini meyar sayır.
11. Qərar çıxararkən ilahi hədlərin gözlənilməsi və vəzifənin icrası əsas götürülməlidir. Əgər ilahi hədlərə riayət olunsa, izdivac qorunar, hədlər pozularsa, boşanma gerçəkləşər.
12. Qadının boşanma hüququ ona dözülməz vəziyyətdən çıxış yolu qoyur.
13. İslam məcburi, kin-küdurətli həyat tərzi ilə müvafiq deyil. Qadın azad olmaq üçün mehriyyəsini verməyə hazırdırsa, İslam onun üçün yol qoyur. Əlbəttə, qadın tərəfindən irəli sürülmüş boşanma təklifini kişinin qəbul etməsi vacib deyil.
14. İlahi qanunun pozulması zülmdür.
230. ﴿فَإِن طَلَّقَهَا فَلاَ تَحِلُّ لَهُ مِن بَعْدُ حَتَّىَ تَنكِحَ زَوْجًا غَيْرَهُ فَإِن طَلَّقَهَا فَلاَ جُنَاحَ عَلَيْهِمَا أَن يَتَرَاجَعَا إِن ظَنَّا أَن يُقِيمَا حُدُودَ اللّهِ وَتِلْكَ حُدُودُ اللّهِ يُبَيِّنُهَا لِقَوْمٍ يَعْلَمُونَ﴾
“Belə ki, əgər (iki dəfə boşanıb təkrar evləndikdən sonra kişi zövcəsini üçüncü dəfə) boşayarsa, artıq qadın ona halal olmayacaq. Yalnız başqa bir kişiyə ərə gedib talaq aldıqdan sonra bir-birlərinin yanına qayıda bilərlər. Əlbəttə ki, ilahi hədləri bərpa edəcəklərinə ümidli olsalar. Bunlar Allahın agah insanlar üçün bəyan etdiyi hədlərdir.”
Nöqtələr
◘İslamda bəzi hədlərin tələsik qərarların qarşısını almaq məqsədi ilə müəyyənləşdirildiyi nəzərə çarpır. Məsələn:
a) Qadınını boşamaq istəyən şəxs bu işi o zaman görə bilər ki, qadın pak halda (heyz halında yox) olsun və boşanma iki ədalətli şahidin iştirakı ilə həyata keçsin. Kişi boşamaq istədiyi qadının xərcini ödəməlidir ki, bu qadın həmin müddətdə özünü bəzəməklə kişiyə göstərə bilsin. Bu şərtlərin hər biri tələsik boşanmanın qarşısını alır.
b) Camaat xüsusi söhbətlər üçün Peyğəmbərə (s) üz tuturdu. Allah göstəriş verdi ki, peyğəmbərlə xüsusi söhbət etmək istəyən şəxs əvvəlcə sədəqə verməlidir. Bu qanun qeyri-zəruri müraciət və sualların qarşısını alırdı.1
Hər halda zövcəsini iki dəfə boşamış kişinin üçüncü dəfə onunla evlənməsi üçün həmin qadının başqa bir kişidə ərdə olub boşanmasının şərt qoyulması tələskənliyin qarşısını alan İslam qanunlarının digər bir nümunəsidir.
Bildirişlər
1. Kişilər onlara verilmiş ixtiyardan sui-istifadə etməməli, talaq (boşanma) haqlarının məhdud olduğunu yadda saxlamalıdırlar. Rəvayət olunur ki, imam Riza (ə) belə buyurdu: “Talağı yüngül saymayın və qadınlara zərər yetirməyin.”
2. İlahi hökmlər əsasında yaşayışa ümid evlənmənin şərtidir.
3.Müsəlmanlar bilsinlər ki, ilahi hədlər təkcə namaza, zəkata, həccə və cihada aid deyil. Ailə məsələlərində də ilahi hədlərə riayət olunmalıdır.
4. İlahi hədlərin sirrini və hikmətini hər adam bilməz. Adi adamlar göstərişlərin zahirini, agah adamlar isə onların ruhunu və dərinliyini görür.
231. ﴿وَإِذَا طَلَّقْتُمُ النَّسَاء فَبَلَغْنَ أَجَلَهُنَّ فَأَمْسِكُوهُنَّ بِمَعْرُوفٍ أَوْ سَرِّحُوهُنَّ بِمَعْرُوفٍ وَلاَ تُمْسِكُوهُنَّ ضِرَارًا لَّتَعْتَدُواْ وَمَن يَفْعَلْ ذَلِكَ فَقَدْ ظَلَمَ نَفْسَهُ وَلاَ تَتَّخِذُوَاْ آيَاتِ اللّهِ هُزُوًا وَاذْكُرُواْ نِعْمَتَ اللّهِ عَلَيْكُمْ وَمَا أَنزَلَ عَلَيْكُمْ مِّنَ الْكِتَابِ وَالْحِكْمَةِ يَعِظُكُم بِهِ وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّ اللّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ﴾
“Qadınlarınıza talaq verdikdə və möhlət (“iddə”) başa çatdıqda, ya onları layiq olduqları tərzdə saxlayın, ya da bəyənilmiş şəkildə azad edin. Onları əziyyət vermək üçün saxlamayın ki, təcavüz edəsiniz. Belə edən şəxs özünə zülm edib. Allahın ayələrini məsxərəyə qoymayın. Allahın sizə verdiyi neməti, öyüd üçün nazil etdiyi səmavi kitabı və hikməti xatırlayın. Allahdan qorxun və bilin ki, Allah hər şeydən xəbərdardır.”
Dostları ilə paylaş: |