Bildirişlər
1. Peyğəmbərlər də ilahi sınağa çəkilir.
2. İnsanı hər hansı məqama təyin etməzdən qabaq onu sınağa çəkmək lazımdır.
3. İmamət vərəsəliklə çatmır. Bu bir ləyaqətdir. Uyğun ləyaqət ilahi imtahanlardan üzüağ çıxmaqla sübut olunur.
4. Məqam və məsuliyyətlər hansısa mərhələlərdə müvəffəqiyyətdən sonra tədrici olaraq həvalə olunmalıdır.
5. İmamət çox geniş ilahi məqamlardandır. İmam hökmən Allah tərəfindən təyin olunmalıdır.
6. İmamət ilahi əhddir. Allahla xalq arasında bu əhd həmişə olmalıdır.
7. Rəhbər üçün ən mühüm şərt ədalət və müsbət keçmişdir. Keçmişdə şirk və zülmə yol vermiş insan imamət məqamına layiq deyil.
125. ﴿وَإِذْ جَعَلْنَا الْبَيْتَ مَثَابَةً لِّلنَّاسِ وَأَمْناً وَاتَّخِذُواْ مِن مَّقَامِ إِبْرَاهِيمَ مُصَلًّى وَعَهِدْنَا إِلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ أَن طَهِّرَا بَيْتِيَ لِلطَّائِفِينَ وَالْعَاكِفِينَ وَالرُّكَّعِ السُّجُودِ﴾
“(Xatırla) o zaman ki, Evi xalq üçün üztutma və yığışma məhəlli, əmin-amanlıq mərkəzi qərar verdik. (Dedik:) "İbrahimin məqamından namaz üçün bir yer seçin." İbrahim və İsmailə təklif etdik ki, Bizim evimizi təvaf edənlər, mötəkiflər (üç gün məsciddə oruc halda ibadət edənlər), rükuda olanlar və səcdə edənlər üçün pak etsinlər.”
◘Ötən ayələrdə İbrahimin uca məqamına işarə olunduqdan sonra onun yadigarı Kəbə yada salınır və buyurulur: “Kəbəni xalq üçün “məsabə” qərar verdik. Bu sözün kökü ilkin hala qayıdış mənasını daşıyır. Kəbə bütün xalqın üz tutduğu məhəldir və bu müqəddəs məhəl əmin-amanlıq içindədir.
◘“Məqame-İbrahim” adlanan yer Kəbənin təqribən on üç metrliyindədir. Hacılar Allah evini təvaf etdikdən sonra bu məqam arxasında iki rəkət namaz qılmalıdırlar. Həmin yerdə bir daş vardır. Həzrət İbrahim həmin daşın üstünə çıxıb Kəbənin divarlarını qaldırmışdır. Hal-hazırda da bu daş qorunur.
◘Bu ayədə əhd sözü ilahi göstəriş mənasını dayışır. “Əhidna” yəni göstəriş verdik.
◘Allah cisim deyil ki, evə ehtiyaclı olsun. “Bəytiyə” sözü kəramət bildirir. Necə ki, “şəhrullah” sözü ramazan ayının kəraməti ilə bağlıdır. Bir yerə və ya zamana kəramət vermək üçün Allah onu Özünə aid edir. Kəbənin əzəməti haqqında təkcə bunu demək kifayət edir ki, “bəytiyə,” yəni Mənim Evimdir.” Bəzən isə belə buyurulur: “Bu evin Allahı.”
Bildirişlər
1. Həzrət İbrahim ümumbəşəri bir şəxsiyyətdir. Əvvəlki ayədə o bütün xalq üçün imam qərar verilmişdir. Bu ayədə isə Kəbə bütün xalqın vədəgahı kimi təqdim olunur.
2. Cəmiyyət imam və əmniyyətə ehtiyaclıdır. Əvvəlki və hazırkı ayə bu həqiqəti təsdiq edir.
3. Allah yolunda özünü, zövcəsini və övladını təslim edən bir şəxsin ayaq qoyduğu yerdə Allaha xatir hamı başını qoymalıdır. 1
4. Ev Allaha aid olduğundan Onun xadimi də Allahın övliyası olmalıdır.
5. Allah evinin ziyarətçiləri üçün təkcə bu kəramət bəsdir ki, İbrahim və İsmail onlar üçün həmin evi paklamağın məsulu olmuşlar.
6. İbadət paklıqla əlaqəlidir.
7. İbadət və namaz o qədər mühümdür ki, hətta İbrahim və İsmailə həmin mərasimdə paklığın təmini əmr olunur.
8. Müsəlmanların məscidi pak və rəğbət doğuran olmalıdır.
126. ﴿وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ اجْعَلْ هَـَذَا بَلَدًا آمِنًا وَارْزُقْ أَهْلَهُ مِنَ الثَّمَرَاتِ مَنْ آمَنَ مِنْهُم بِاللّهِ وَالْيَوْمِ الآخِرِ قَالَ وَمَن كَفَرَ فَأُمَتِّعُهُ قَلِيلاً ثُمَّ أَضْطَرُّهُ إِلَى عَذَابِ النَّارِ وَبِئْسَ الْمَصِيرُ﴾
“(Xatırla) o zaman ki, İbrahim dedi: “Pərvərdigara! Bunu əmin-amanlıq şəhəri qərar ver. Onun əhlinə, Allaha və axirət gününə iman gətirənlərə onun məsələlərindən ruzi ver. (Amma Allah) buyurdu: “Kafir olanlara (da) azca bəhrə verəcəyəm. Sonra onları qəhrlə odun əzabına doğru çəkəcəyəm. Necə də pis aqibətdir.”
Nöqtələr
◘Əvvəlki ayədə həzrət İbrahim öz nəsli üçün imamət məqamı istəmişdi. Allah isə onun cavabında buyurmuşdu ki, bu məqam zalımlara çatmaz. Bu ayədə isə həzrət İbrahim dünya ruzisini təkcə möminlər üçün istəyir. Amma Allah bu məhdudiyyəti qəbul etmir və kafirləri də maddi nemətlərdən məhrum qoymur. Yəni maddi ruzi mühüm deyil. Ona görə də həm iman əhlinə, həm də qeyrilərinə dünya neməti əta olunur. Amma mənəvi və ictimai məqamlar, rəhbərlik çox mühümdür və hər kəsə tapşırılmır.
Bildirişlər
1. Peyğəmbərlər xalqın doğru yola yönəldilməsi kimi mənəvi məsələlərdən əlavə, onların maddi ehtiyaclarına, əmin-amanlıqlarına da diqqət yetirmiş, bu yolda çalışmış və dua etmişlər.
2. Nemət o zaman ləzzətli, dadlı olur ki, əmin-aman, sakit bir fəzada nəsib olsun.
3. Duada başqalarını unutmayaq. Ayədə ruzi istənilərkən bütün əhali nəzərdə tutulur.
4. Allahın qaydası budur ki, müsəlman və kafir olmasından asılı olmayaraq, bütün xalqa ruzi versin. Bu qaydanı hətta həzrət İbrahimin duası da aradan götürə bilmir.
5. Dünyadakı naz-nemət Allahın insana məhəbbəti demək deyil.
6. Öz növünüzə (bir insana) kömək edərkən onun əqidəsi ilə işiniz olmasın.
7. Maddi ləzzətlər nə qədər çox olsa da, axirət nemətləri ilə müqayisədə cüzidir.
127. ﴿وَإِذْ يَرْفَعُ إِبْرَاهِيمُ الْقَوَاعِدَ مِنَ الْبَيْتِ وَإِسْمَاعِيلُ رَبَّنَا تَقَبَّلْ مِنَّا إِنَّكَ أَنتَ السَّمِيعُ الْعَلِيمُ﴾
“(Xatırla,) o zaman ki, İbrahim İsmail ilə evin (Kəbənin) sütunlarını yuxarı qaldırırdı. (Və deyirdilər,) Pərvərdigara, bizdən qəbul et. Həqiqətən, Sən eşidən və bilənsən.”
Nöqtələr
◘Çoxsaylı ayə və rəvayətlərdən məlum olur ki, Kəbə evi həzrət Adəmin dövründən mövcud olmuşdur. Həzrət İbrahim isə onu bərpa etmişdir. Həzrət İbrahim zövcəsi və oğlunu Məkkədə yerləşdirərkən deyir: “Pərvərdigara, ailəmdən bəzisini bu quru və əkinsiz yerdə, Sənin evinin kənarında sakin etdim.1 Buna əsasən deyə bilərik ki, həzrət İsmailin südəmərlik dövründə də Kəbədən əsər olmuşdur. “Ali-İmran” surəsində də Kəbə xalqın ilk evi kimi yad olunur. Haqqında danışılan ayədə də evin sütunlarının İbrahim tərəfindən qaldırılmasından danışılır. Ayənin təbirlərindən aydın olur ki, Kəbənin əsasları əvvəlcədən mövcud olmuş, İbrahim və İsmail onları qaldırmışlar. Həzrət Əli (ə) də “Nəhcül-bəlağə”də bu nöqtəyə işarə etmişdir: “Allah həzrət Adəmin dövründən əbədi olaraq bütün xalqı Kəbə və onun daşları ilə sınağa çəkir.2
◘Həzrət İbrahim və İsmail bu işdə bərabər çalışmırdılar. Həzrət İbrahim bənnalıq edir, İsmail isə atasına daş verirdi. Ola bilər bu ayədə məhz bu səbəbdən o iki şəxsiyyətin adları fasilə ilə gətirilmişdir.
Dostları ilə paylaş: |