◘Əvvəlki ayədə oxuduq ki, Allah möminlərin dostudur və onları zülmətdən çıxarıb nura aparar. Bu və bundan sonrakı ayələr ilahi vilayətin nümunələrini açıqlayır. Zülmətlərdən çıxarıb nura doğru aparmaq bu qəbildəndir.
◘Tarixi rəvayətlərdə nəql olunur ki, Nəmrud Babil padşahlarından olmuşdur. O, həzrət İbrahimlə Allah haqqında mübahisələrə girişmişdir. Həzrət İbrahim öz Allahının dirildən və öldürən Allah olduğunu dedikdə, Nəmrud iddia etmişdir ki, o da dirildib öldürməyi bacarır. Sonra iki məhbusu gətirmiş və birini azad edib digərini öldürmüşdür. Bu axmaq işi müşahidə edən İbrahim Nəmrudun diriltmək və öldürmək haqqındakı sarsaq təfəkkürünü tanımışdır. İbrahim Nəmruda təklif etmişdir ki, Allahın şərqdən çıxardığı günəşi qərbdən çıxarsın. İbrahim demişdir: “Əgər sən varlıq aləmində hakimiyyətə malik olduğunu iddia edirsənsə, günəşi qərbdən çıxart.” Həmin vaxt Nəmrud yerində donub qalmış və səsini udmuşdur.
Bildirişlər
1. Kimin nəyi varsa Ondandır. Kafirlər də, bu dünyada Onun nemətlərindən bəhrələnirlər. Amma bu nemətlərdən sui-istifadə edirlər.
2. Qüdrət və hakimiyyət zalımlıq və təkəbbür amili ola bilər.
3. İctimai fikrə və xalqın mühakiməsinə diqqətli olmaq lazımdır. Həyatın yaranışı allahşünaslıq yollarından biri olsa və Nəmrudun cavabı düzgün sayılmasa da, həmin söhbətlər ictimai fikri təmin etmir.
4. Höcətləşmə, “müğalitə” batil əhlinin üsuludur.
5. Əgər həqiqət məntiq və dəlil yolu ilə bəyan olunarsa, batilə qalib gələr.
6. Mübahisələrdə fitri, əqli və ümumi dəlillərdən istifadə edin. Belə etsəniz, höcətcil müxalif də söz tapmaz.
7. Kafir zalımdır. Çünki özünə və insanlıq məqamına zülm etmişdir.
259. ﴿أَوْ كَالَّذِي مَرَّ عَلَى قَرْيَةٍ وَهِيَ خَاوِيَةٌ عَلَى عُرُوشِهَا قَالَ أَنَّىَ يُحْيِـي هَـَذِهِ اللّهُ بَعْدَ مَوْتِهَا فَأَمَاتَهُ اللّهُ مِئَةَ عَامٍ ثُمَّ بَعَثَهُ قَالَ كَمْ لَبِثْتَ قَالَ لَبِثْتُ يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ قَالَ بَل لَّبِثْتَ مِئَةَ عَامٍ فَانظُرْ إِلَى طَعَامِكَ وَشَرَابِكَ لَمْ يَتَسَنَّهْ وَانظُرْ إِلَى حِمَارِكَ وَلِنَجْعَلَكَ آيَةً لِّلنَّاسِ وَانظُرْ إِلَى العِظَامِ كَيْفَ نُنشِزُهَا ثُمَّ نَكْسُوهَا لَحْمًا فَلَمَّا تَبَيَّنَ لَهُ قَالَ أَعْلَمُ أَنَّ اللّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ﴾
“Ya o kəs ki, (Üzeyr) divarları çökmüş və damlarının üzərinə uçulmuş kəndin yanından keçərkən oranın əhlini ölmüş, sümüklərini ətrafa səpələnmiş görüb, (öz-özünə) dedi: “Allah ölümdən sonra bunları necə dirildir?” Allah da onu yüz il öldürüb, sonra diriltdi (və ona) buyurdu: “Nə qədər yubandın?” Dedi: “Bir gün, ya günün bir hissəsini yubanmışam! Buyurdu: “Xeyir, sən yüz il yubanmısan, öz yemək-içməyinə bax, (illərin ötməsi ilə) dəyişməmişdir. Ulağına bax (gör necə çürüyüb! Bu onun üçündür ki, həm sənə cavab verək, həm də) səni xalq üçün (qiyamətə) əlamət və dəlil qərar verək. Sümüklərə bax ki, onları necə birləşdirir, ətə bürüyürük.” Elə ki, (bu həqiqətlər) aşkar oldu, o dedi: (İndi bütün vücudumla) bilirəm ki, Allah bütün işlərə qadirdir.”
Nöqtələr
◘Əvvəlki ayə həzrət İbrahimin Nəmrudla söhbətini bəyan etdi. Onlar tövhid haqqında danışırdılar. Dəvət dəlillərlə həyata keçirdi və İbrahim dəlillər vasitəsi ilə qalib gəldi. Zülmətlərdən nura çıxmanın ikinci nümunəsi bu ayədədir. Burada məad haqqında danışılır. Məad etiqadına hidayət nümayiş, hiss üzvlərinin duyması, əməli formada həyata keçir. Təfsirlərdə və bəzi rəvayətlərdə nəql olunmuşdur ki, bu şəxsin adı Üzeyr olmuşdur. "Təfsiri-əl-mizan"da oxuyuruq ki, bu şəxs peyğəmbər olmalıdır. Çünki Allah onunla danışmışdır.
Bildirişlər
1. Keçmişin viran qalmış mədəniyyətlərinə ibrət gözü ilə baxmaq və yeni dərslər öyrənmək lazımdır.
2. Müəyyən həqiqətləri bilsək də, yenə də öz elmimizi təcrübə və soruşmaqla gücləndiririk.
3. Bir nöqtəni anlamaq üçün yüz il ölmək yerinə düşür.
4. Uzun zaman ötməsi Allahın qüdrətinə xələl gətirmir.
5. Rəcət və ölülərin dirilməsi qiyamətdən qabaq elə bu dünyada qəbul edilə bilər.
6. Dini maarifin ən üstün bəyan yollarından biri nümayişdir.
7. Allahın iradəsi ilə möhkəm sümüklər çürüyür. Amma tez xarab olası qidalar yüz il təravətli qalır.
8. İlahi qüdrətin nümayişi xalqın doğru yola sövqü və hidayəti üçündür. Bu nümayişdə əyləncə, Allahın qüdrətini büruzə vermək məqsədi yoxdur.
9. Allah qiyamətdən bir səhnəni dünyada nümayiş etdirmişdir.
10. Məad cismanidir. Əgər məad ruhani olsaydı, sümükdən danışılmazdı.
11. Ovuc tutum nümunəsidir. Allah qiyamətdəki qüdrətinin bir parçasını dünyada nümayiş etdirir.
260. ﴿وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ أَرِنِي كَيْفَ تُحْيِـي الْمَوْتَى قَالَ أَوَلَمْ تُؤْمِن قَالَ بَلَى وَلَـكِن لِّيَطْمَئِنَّ قَلْبِي قَالَ فَخُذْ أَرْبَعَةً مِّنَ الطَّيْرِ فَصُرْهُنَّ إِلَيْكَ ثُمَّ اجْعَلْ عَلَى كُلِّ جَبَلٍ مِّنْهُنَّ جُزْءًا ثُمَّ ادْعُهُنَّ يَأْتِينَكَ سَعْيًا وَاعْلَمْ أَنَّ اللّهَ عَزِيزٌ حَكِيمٌ﴾
“(Xatırla) o zaman ki, İbrahim dedi: “Pərvərdigara, mənə ölüləri necə diriltdiyini göstər.” (Allah-təala) buyurdu: “Məgər iman gətirməmisən?! (İbrahim) ərz etdi: “(İman gətirmişəm,) amma qəlbimin aram olması üçün.” (Allah-təala) Buyurdu: “Dörd quş (rəvayətə görə tovuz, xoruz, göyərçin və qarğa) tut və onları öz yanında yığıb tikə-tikə et, (bir-birinə qarışdır.) Sonra hər dağın başına ondan bir parça qoy. Sonra quşları çağır, sürətlə sənə doğru gəlsinlər. Bil ki, Allah hikmət sahibi, bacarandır.”
Nöqtələr
◘Həzrət Peyğəmbərdən (s) sonra tarixin yeganə böyük şəxsiyyəti həzrət Əli (ə) buyurmuşdur: “Əgər pərdələr çəkilsə, mənim yəqinimə əlavə olunmaz.”1 Amma başqa insanlar öz eşitdiklərini, hətta inandıqlarını da gözlə müşahidə etmək istəyirlər. Hamı şəkərin çuğundurdan hazırlandığını bilsə də, bu prosesin necə getdiyini bilmək istəyir.
◘Təfsirlərdə nəql olunmuşdur: Həzrət İbrahim bir dənizin kənarından keçirdi. Sahildə bir leş gördü. Onun yarısı suda, yarısı quruda idi. Quruda qalan hissəni quşlar, suda qalan hissəni dəniz heyvanları didişdirirdi. Həzrət öz-özünə dedi: “Əgər bu iş insanın başına gəlsə və insanın bədən zərrələri heyvanlar arasında bölüşdürülsə, qiyamət günü bu zərrələr bir yerə necə toplana bilər? Ona görə də Allahdan istədi ki, ölüləri necə diriltdiyini ona göstərsin. Allah da İbrahimin bu istəyini yerinə yetirib onu yəqin və əminlik nuruna qərq etdi.
Dostları ilə paylaş: |