Bildirişlər
1. Aləmin yaranışı proqramla, vaxt ölçüsü ilə həyata keçmişdir. (Bütün varlıq aləminə proqram və idarəçilik hakim olduğu halda, hansı əsasla bu bağın çiçəyi olan insanı proqramsız saymaq olar?!)
2. Öncə Allahı tanımaq, sonra Ona sitayiş etmək lazımdır.
3. Varlıq aləmi qanunauyğun və məqsədlidir. İşin tədbiri üçün aqibət, hədəf, qanun şərtdir.
4. Yalnız əlində xilqət və tədbir olan varlığa ibadət edilməlidir.
5. Varlıq aləmi Allah tərəfindən yaradılmışdır və Onun əlindədir. Allah bu aləmi daimi bir hikmətlə idarə edir. Onun izni olmadan kimsə bu işə nüfuz edə bilməz. Bu həqiqətlərə diqqət bəndəlik və pərəstiş ruhunun yaranması üçün zəmindir.
6. İstənilən bir mövcud yalnız Allahın təsdiqi ilə vasitə ola bilər. Heç bir əsas olmadan bütləri şəfaətçi seçməyək.
7. İlahilik rübubiyyətdən ayrı deyil. Zalım hakimlər çalışırlar ki, Allahı yaradan kimi tanıtdırmaqla gözdən pərdə asıb idarəçiliyi öz öhdələrinə götürsünlər və dini siyasətdən ayırsınlar.
8. İnsan öz yaradanına inanır, sadəcə, bu barədə xatırladılmağa ehtiyaclıdır.
Ayə 4:
﴿إِلَيْهِ مَرْجِعُكُمْ جَمِيعًا وَعْدَ اللّهِ حَقًّا إِنَّهُ يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ لِيَجْزِيَ الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ بِالْقِسْطِ وَالَّذِينَ كَفَرُواْ لَهُمْ شَرَابٌ مِّنْ حَمِيمٍ وَعَذَابٌ أَلِيمٌ بِمَا كَانُواْ يَكْفُرُونَ﴾
“Hamınızın qayıdışı Ona doğrudur. Bu, Allahın haqq olan vədidir. Odur yaranışa başlayan, sonra onu döndərən. Buna görə ki, iman gətirib saleh işlər görənləri ədalətlə mükafatlandırsın. Küfrə uğrayanlar üçün küfrlərinin cəzası olaraq yandırıcı mayedən içki və dərdli əzab olacaq.”
Nöqtələr
◘Bu ayə həm məad prinsipini, həm onun mümkünlüyünü, həm də bu həqiqətin mükafat və cəza kimi məqsədini bəyan edir.
◘Mümkündür ki, “bil qist” dedikdə, iman əhlinin malik olduğu ədalətə görə mükafatlandırılması nəzərdə tutulmuşdur.1 (Əlbəttə ki, ilahi fəzl ilə ədalət arasında ziddiyyət yoxdur. Quranın başqa ayələrində də Allahın artıq mükafatlarına işarə olunmuşdur.2
Bildirişlər
1. Qayıdışımız Allaha doğrudur. Onu-bunu razı salmaq fikrində olmayaq.
2. Bütün insanlar ölümdən sonra diriləcək.
3. Məad maddi, cismanidir.
4. Allahın yaranışdakı qüdrəti Onun qiyamətdəki qüdrətini təsdiqləyir.
5. Nəinki insan, hətta bütün varlıq aləmi növbəti dəfə yaradılar.
6. Bütün varlıq aləmi bəşər üçün yaradıldığı kimi axirətdə də bəşərin mükafatlandırılması üçün bu yaranış təkrarlanar.
7. Yaranış hələ də davam etməkdədir.
8. Məadın əsas məqsədi möminlərin mükafatlandırılmasıdır. Kafirlər isə ilahi ədalət səbəbindən cəzalandırılır.
9. İlahi mükafat ədalətə əsaslanır.
10. Yaxşı işlərin dəyəri onların xeyirli məqsəd daşımalarındadır.
11. Küfr üzərində israr əzab səbəbidir.
Ayə 5:
﴿هُوَ الَّذِي جَعَلَ الشَّمْسَ ضِيَاء وَالْقَمَرَ نُورًا وَقَدَّرَهُ مَنَازِلَ لِتَعْلَمُواْ عَدَدَ السِّنِينَ وَالْحِسَابَ مَا خَلَقَ اللّهُ ذَلِكَ إِلاَّ بِالْحَقِّ يُفَصِّلُ الآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ﴾
“Günəşi parlaq, ayı işıqlı qərar verən Odur. Ay üçün mənzillər qərar verib ki, illərin sayını və hesabı biləsiniz. Allah bunları yalnız haqq əsasında yaratmışdır. Allah qövmə bilmələri üçün ayələri ətraflı bəyan edər.”
Nöqtələr
◘Quranda günəş haqqında “ziya”, ay haqqında “nur” təbirləri işlədilmişdir. “Ziya” güclü, “nur” zəif işıqdır.
“Ziya” sözü “zəv” sözünün cəm forması kimi götrüldükdə çeşidli nurlara işarə oluna bilər.3
◘Ayələrin ətraflı bəyanı dedikdə, Allahın yaranışdakı qüdrəti və düşüncə əhli üçün xilqətin genişlənməsinin aydınlığı nəzərdə tutula bilər.4
◘Allah ilin hesablanması üçün səmada nişanələr qoyduğu kimi, xalqın hidayəti üçün yerdə peyğəmbərlər, tərbiyəçilər qərar vermişdir. Çünki bəşəriyyətin tərbiyəyə ehtiyacı, ilin hesabına olan ehtiyacdan daha mühümdür.5
Bildirişlər
1. Bütün mövcudların həyatı işıq və istilikdən asılıdır. Allah bu ehtiyacları günəş və ay vasitəsi ilə təmin edir.
2. Planetlərin hərəkətində və onlar üçün orbitlərin təyinində insanın ehtiyacları nəzərə alınmışdır.
3. Ayın hərəkətindəki nizam təbii, ümumi və həmişəlik bir təqvim tənzimləməyə imkan vermişdir. (Ayın forma dəyişiklikləri ilə günləri hesablamaq olur.)
4. Şəri işlərdə hesab ölçüsü qəməri il və aydır.
5. Rəqəmlərin və statistikanın insan həyatında mühüm rolu var.
6. Yaranış əbəs deyil, haqqa əsaslanır.
7. Təlim-tərbiyə üsullarından biri (ümumi söhbət yox,) konkret məsələnin açıqlanmasıdır.
8. Yaranış sirlərini anlamaq üçün düşüncə və təlimə ehtiyac var.
Ayə 6:
﴿إِنَّ فِي اخْتِلاَفِ اللَّيْلِ وَالنَّهَارِ وَمَا خَلَقَ اللّهُ فِي السَّمَاوَاتِ وَالأَرْضِ لآيَاتٍ لِّقَوْمٍ يَتَّقُونَ﴾
“Həqiqətən, gecə və gündüzün get-gəlində, Allahın göylərdə və yerdə yaratdığında təqvalı qövm üçün (böyük) nişanələr var.”
Nöqtələr
◘İlahi nişanələr və ayələrin təfsiri ötən ayədə alimlər, bu ayədə isə təqva əhli üçün bəyan olundu. Nəticə bu oldu ki, həm bilən, həm də təqva yolunu tutanlar kama çatır. Təqvalı cahil və günahkar alim ilahi ayələrdən lazımınca bəhrələnmir.
◘“İxtilaf” dedikdə həm get-gəl, həm də fərq mənaları anlaşılır.
◘Gecə və gündüz arasında müəyyən cəhətlərdən ixtilaf var: bir-birinə nisbətən yerdəyişmə1; gecənin aramlıq, gündüzün səy üçün olması2; müxtəlif fəsillərdə onların uzunluğunun artıb-azalması; müxtəlif məntəqələrdə onların uzunluğunun dəyişməsi.
◘Sual: Nə üçün bir qrup alim Allahı inkar edir?
Cavab: Həqiqətin əldə olunmasında təkcə elm bəs etmir. Baxışları hədəf sahibləri və həqiqət sorağında olanlar müəyyənləşdirməlidir.
Bildirişlər
1. Bütün varlıq aləmi dəyişməkdədir.
2. Hadisələrə lazımınca diqqət göstərək.
3. Günah və bulaşıqlıq insanın bilik və araşdırmalarına mənfi təsir göstərir. (Təqva varlıq aləminin düzgün dərki üçün vasitədir.)
Ayə 7:
﴿إَنَّ الَّذِينَ لاَ يَرْجُونَ لِقَاءنَا وَرَضُواْ بِالْحَياةِ الدُّنْيَا وَاطْمَأَنُّواْ بِهَا وَالَّذِينَ هُمْ عَنْ آيَاتِنَا غَافِلُونَ﴾
“Şübhəsiz, Bizimlə görüşə ümid bəsləməyən, (yalnız) dünya həyatından xoşhallanan, onunla aramlıq tapan, ona bağlanan, eləcə də, Bizim qüdrət nişanələrimizdən qəflətdə qalanlar...”
Ayə 8:
﴿أُوْلَـئِكَ مَأْوَاهُمُ النُّارُ بِمَا كَانُواْ يَكْسِبُونَ﴾
“...Etdikləri əmələ görə onların yeri oddur.”
Dostları ilə paylaş: |