MEYİT NAMAZI
Hətta körpə bir müsəlman dünyadan gedərkən, qüsl verib kəfənə bükdükdən sonra ona namaz qılınmalıdır. Meyit namazı adlanan bu ibadət əslində duadır. Çünki bu namazda nə rüku, nə səcdə, nə təşəhhüd, nə də salam var. Eyni zamanda dəstəmaz, qüsl, təyəmmüm və namaz qılan şəxsin bədəninin pak olması tələb olunmur. Lakin namaz şərtlərinə riayət olunması daha yaxşıdır.
Bu mərasimin cəm şəkildə olması daha yaxşıdır. Müsəlman cənazəsinə namaz qılmaq “kifayi” vacibdir. Yə’ni bütün müsəlmanlara vacib olan bu əməl, bir və ya bir neçə nəfər tərəfindən yerinə yetirilərsə digərlərinin boynundan götürülür.
Bu namaz ölmüş şəxs üçün rəhmət və bağışlanma istəyidir. Ölmüş şəxsə namaz qılmaq üçün dostları, qohumları və yaxınları xəbərdar etmək daha yaxşıdır. Bu namaz meyit üçün rəhmət, namaz qılanlar üçün isə mükafat səbəbidir.1
Bu namazda xüsusi cümlələr və dualar oxumaq müstəhəbdir. Meyit namazının forması belədir: Meyit namazında 5 təkbir var. Birinci təkbirdən sonra deyilir: “Əşhədu ən la ilahə illəllah və ənnə Muhəmmədən rəsulullah.”
İkinci təkbirdən sonra deyilir: “Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd.”
Üçüncü təkbirdən sonra deyilir: “Əllahumməğfir lil-mu’mininə vəl-mu’minat.”
Dördüncü təkbirdən sonra ölmüş şəxs kişidirsə “Əllahumməğfir li hazəl-məyyit” deyilir.
Beşinci təkbirdən sonra namaz başa çatır.
Meyitə namaz qılan şəxs üzüqibləyə durmalıdır və meyit onun qarşısında arxası üstə uzadılmalıdır. Meyitin başı namaz qılan şəxsin sağ tərəfində, ayaqları isə solunda olmalıdır.
Namaz qılan şəxs meyitdən uzaq olmamalıdır. Cəm şəkildə qılındıqda isə digər şəxslərin uzaqda olmasının eybi yoxdur. Lakin namaz qılanların bir-birləri ilə əlaqəsi qorunmalıdır.
Əgər (bilərəkdən və ya bilmədən) meyitə namaz qılınmasa və ya sonradan qılınmış namazın batil olması mə’lum olsa dəfndən sonra onun qəbrinə namaz qılınmalıdır. (Risalələrdə daha çox izah verilmişdir.)
Dostları ilə paylaş: |