BATİL İBADƏTLƏR
Dediyimiz kimi, bəndəlik, itaət və ibadət yalnız aləmlərin yaradanı qarşısında layiqli və rəvadır. Başqa istənilən bir varlığa pərəstiş batildir. Peyğəmbərlərin hidayətindən uzaqlıq və cahillik batil ibadətlərə səbəb olur.
Allah-təala Qur’anda batil ibadətlərin dəlilsiz, faydasız olduğunu bildirir və bu ibadətləri rədd edir:
Əgər kömək üçün Allahdan qeyrisinin sorağına gedirsinizsə, bilin ki, bütün qüvvət və qüdrət Allaha məxsusdur.4
Əgər izzət axtarırsınızsa, izzət Allahın əlindədir: “Bütün izzət Allaha məxsusdur.”1
Əgər ruzi axtarırsınızsa, bilin ki, batil mə’budlar ruzi verməyə qadir deyillər.2
Əgər başqa mə’budlar vasitəsi ilə xeyir qazanıb ziyandan uzaqlaşmaq istəyirsinizsə, bilin ki, onlar xeyir verib zərəri uzaqlaşdırmağa qadir deyillər: “De ki, Allahı qoyub sizə nə bir zərər, nə də bir xeyir verən şeylərəmi ibadət edirsiniz?!”3
Əgər tağutları özünüzdən üstün hesab edirsinizsə, bilin ki, onlar da sizin kimidir. “Sizin kimi bəndələrdir.”4
Əgər bütlərə pərəstişdə babalarınıza təqlid edirsinizsə, bilin ki, onlar azğınlardan olublar: “Siz də, atalarınız da açıq-aşkar azmısınız.”5
Əgər qiyamət günü fəryadınıza çatacaqlarını fikirləşirsinizsə, bilin ki, onlar ibadətlərinizə göz yumub sizinlə düşmən olacaqlar: “Xeyir, tanrıları tezliklə onların ibadətini danacaq və onlara düşmən olacaq.”6
Bu şəxslər heç bir səbəb və dəlil olmadan başqa mə’budların sorağına getmişlər. Etdikləri ibadət üçün heç bir dəlilləri yoxdur: “Allahı qoyub elə bir şeyə ibadət edərlər ki, Allah ona heç bir dəlil nazil etməmişdir.”7 Allahdan savay heç kim və heç nə pərəstişə layiq deyil. Çünki bu batil mə’budlar ya xarici vücuda malik olmayan təxəyyüldür, ya xaraktersiz və acizdir, ya da fəal olmasına baxmayaraq, müvəqqəti, məhdud, minnətçi və alçaldıcıdır. İnsan heç bir mövcuda Allaha itaətsizlik bahasına pərəstiş etməməlidir. İmam Cavad (ə) buyurur: “Hər kim başqa birinin sözünə qulaq assa ona pərəstiş etmişdir!”1 Demək, haqq söz dedikdə haqqın bəndəsi, batil söz dedikdə batilin bəndəsi oluruq. İmam Sadiq (ə) bir hədisdə buyurur: “Hər kəs hansısa bir mövcuda itaət edib Allahın əmrindən çıxarsa, həmin mövcuda pərəstiş etmişdir.”2
Demək, batil ibadət yalnız daş, taxta, günəş və ulduzlara pərəstişlə məhdudlaşmır. Hər bir qeyri-ilahi hökumətə, qüdrətə, sözə və fikirə bağlanmaq batil ibadətdir. Hətta qeyri-ilahi ideologiyaların qəbulu da batil ibadətlərdən sayılır.
Dostları ilə paylaş: |