İmam Əsgəri (ə) namazın bu cümləsi haqqında buyurur: “Namaz qılan bu sözlə keçmişdəki kimi gələcək üçün də bəndəlik tövfiqi istəyir. Doğru yol dar baxışlardan uca, ifrat pərvazlardan aşağı olan bir yoldur.”1
İmam Sadiq (ə) buyurur: “Doğru yol odur ki, insanı ilahi eşqə və dinə sövq etsin, dində şəxsi səliqələrdən və həvəslərdən uzaqlaşdırsın.”2
“Biharul-ənvar” kitabında 56 hədisdə bildirilir ki, pak imamlar, mə’sum ilahi övliyalar və onların həqiqi ardıcılları doğru yolun canlı nümunələridir. Çünki, onların qəzəbi, məhəbbəti, döyüşü, sülhü, ibadəti, düşüncəsi və əməlləri Allahın göstərişlərinə uyğun və düzgün yoldadır. Bu dünyada onlara bey’ət etmək çətin və məs’uliyyətli işdir. Cəhənnəm üzərində olan tükdən nazik, qılıncdan da iti axirət yolu kimi!3 Axirət yolu da dünya yolunun bir təcəssümüdür. Bu dünyada doğru yolda olanlar axirət yolundan asanlıqla və tez keçəcəklər. İfratçı və təfritçi insanlar axirətdə çətinlik çəkəcəklər.
Həzrət Əli (ə) doğru yoldan azıb ifrat və təfritə qapılmış şəxsləri belə təsvir edir:
“Arzuların arxasınca tamahkar kimi gedir, tamahına görə həris görünür, mə’yus olduqda təəssüfdən ölür, narahat olduqda qəzəbi tufan qoparır, şadlıqda məst olur, çoxlu pul onu qəddarlaşdırır, çətinlik onu nankorluğa vadar edir, çatışmazlıq onun üçün ziyandır, rifah ona çətinlik yaradır.1
İfrat və təfrit cəhalətdən qaynaqlanır. Əlbəttə, ifrat və təfriti müəyyənləşdirmək çətindir. Hamı özünü orta həddə və ağıllı hesab edib, özgələri ittiham edir. Həmin ittiham zamanı da ifrat və ya təfritə varılır. Lakin ilahi övliyalar və peyğəmbərlər məktəbində tərbiyə alanlar bütün mühakimələrdə haqq me’yarı əsasında əməl edirlər.
Dostları ilə paylaş: |