HƏZRƏT ZƏHRANIN (S) TƏSBİHİ
Həzrət Zəhranın (s) təsbihatı namazın tə’qibatlarındandır. Yə’ni hər namazdan sonra 34 dəfə “Əllahu əkbər”, 33 dəfə “əl-həmdu lillah” və 33 dəfə “subhanəllah” demək. Bu təsbihatı Allahın rəsulu (s) öz qızı Fatiməyə (s) öyrətdi. Həzrət Zəhranın (ə) təsbihatı çox tövsiyə edilir və bu əməlin böyük mükafatı vardır.
İmam Baqir (ə) buyurur: “Sitayişlər arasında həzrət Zəhranın (ə) təsbihatından üstünü yoxdur. Əgər olsaydı, Allahın rəsulu (s) Fatiməyə (ə) onu öyrədərdi.1
Çoxsaylı rəvayətlərdə imam Hüseyn (ə) torpağından hazırlanmış 34 dənəli təsbeh saxlamaq tə’kid olunur. Bu təsbehlə zikr etməyin xeyli savabı var. Hətta zikr demədən onu əldə çevirmək də dəyərlidir.2 Başqa bir hədisdə buyurulur ki, uyğun təsbehin hər bir giləsi Allaha zikr deyir.”3 İmam Hüseyn (ə) türbəti Kərbəla hadisəsini yada salır və şəhadət məktəbini yaşadır. Hüseyn (ə) türbəti insanı ilahi rəhbərliyə, cihada, şəhadətə, isara və zülmlə mübarizəyə sövq edir.
Qeyd olunmuş təsbihat hətta sünnə əhlinin kitablarında nəql olunmuşdur.4 Lakin onların heç biri bu zikrin həzrəti Zəhra (ə) təsbihi olmasını qeyd etmir.
Dostları ilə paylaş: |