YAĞIŞIN KƏSİLMƏ SƏBƏBİ
Bə’zən quraqlıq xalqın günahlarının nəticəsi olur. Bu günahlara görə Allah insanları quraqlıqla cəzalandırır.
Allahın rəsulu (s) buyurur: “Allah qəzəbləndiyi ümmətə əzab göndərməsə, qiymətlər qalxar, ömürlər qısalar, tacirlər qazanmaz, ağaclar bar verməz, çaylar quruyar, yağış kəsilər və pis insanlar onlara hakim olar.”1 Başqa bir hədisdə imam Sadiq (ə) buyurur: “Hakimlər öz mühakiməsində zülmə yol verdikdə yağış kəsilər.”
Rəvayətlərə əsasən, sadaladıqlarımızdan əlavə, aşkar günah, ne’mətlərə küfr, haqqın tapdanması, əskik satmaq, zülm, hiylə, əmr be mə’ruf və nəhy əz münkəri (yaxşılara əmr, pisliklərə qadağa) tərk etmək, zəkat verməmək və başqa günahlar bə’zən yağışın kəsilməsinə səbəb olur.2
Hədisdə deyilir: Həzrət Süleyman (ə) səhabələri ilə yağış namazı qılmaq üçün çölə gedirdi. Yolda ayaqlarından birini göyə qaldırıb dua edən bir qarışqayla rastlaşdı. Qarışqa deyirdi: “İlahi, biz Sənin zəif məxluqatınıq və Sənin ruzinə ehtiyaclıyıq. Bəni-Adəmin günahlarına görə bizi həlak etmə.”
Həzrət Süleyman (ə) səhabələrinə dedi: Qayıdın! Həqiqətən sizlərdən olmayan birinin duasına görə sirab oldunuz!”3
Demək, qürrələnmək olmaz. Allah bə’zən bir qarışqanın istəyinə görə bəndələrinə rəhmət nazil edir. Hətta bə’zən Fir’on kimi bir kafirin duasını qəbul edib yağış və su bolluğu əta edir. İmam Sadiqdən (ə) nəql olunmuş bir hədisdə deyilir ki, Fir’onun yaxınları ona Nil suyunun azaldığını dedilər, bu işin onların həlak olmasına səbəb olacağını bildirdilər. Fir’on onlardan həmin gün qayıtmalarını istədi. Gecə olan kimi Nil çayına getdi. Əllərini səmaya qaldırıb dedi: “İlahi! Səndən başqa su verə biləcək bir kəsin olmadığını bilirəm, buna görə bizə su ver.” Sübh Nil çayı daşdı.1
Düşmən muradına çatdığı zaman
Dostların istəyi çıxarmı yaddan?!
Bəli, mehriban Allah bəndələrinin yalvarışlarını və dualarını əvəzsiz və cavabsız qoymur. Allahın lütfünə nail olmaq üçün xaliscəsinə və səmimi qəlbdən Ona üz tutmalıyıq.
Şair deyir:
Ey Allah, düşmənə saldınsa nəzər,
Əlbət ki, dostdan da tutarsan xəbər.
|
Dostları ilə paylaş: |