5.3. ÜMUMİ YIĞINCAĞIN İCLASLALARININ KEÇİRİLMƏSİ 5.3.1. Ümumi Yığıncaq səhmdarlar üçün əlverişli vaxtda və yerdə keçirilməlidir. Səhmdarları əsas iş yerindən ayırmamaq üçün Ümumi Yığıncağın qeyri-iş günləri keçirilməsi məqsədəuyğundur. 5.3.2. Ümumi Yığıncağın iclaslarının, bir qayda olaraq, səhər saat 10-00-dan tez, axşam saat 20-00-dan gec olmayaraq keçirilməsi məqsədəmüvafiqdir. 5.3.3. Ümumi Yığıncağın təşkili Müşahidə Şurası və ya icra orqanı (bundan sonra – Yığıncaq təşkilatçısı) tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Ümumi Yığıncağın sədri, katibi, hesablama komissiyası (hesablayıcı) Müşahidə Şurası tərəfindən təyin edilir. 5.3.4. Ümumi Yığıncaq sədr tərəfindən gündəliyin elan olunması anından öz işinə başlayır. Səhmdarların və dəvət olunan şəxslərin Ümumi Yığıncaqda iştirak edib-etməməsi, o cümlədən yetərsayın olub-olmaması yoxlanılır. Sonra gündəliyə daxil edilmiş məsələlərin müzakirəsinə başlanır. 5.3.5. Sədr Ümumi Yığıncaqda iştirak edənlərin nizam-intizama riayət edilməsini təmin etməli, çıxış etmək istəyənlərə söz verməli, lüzumsuz olaraq onların sözlərini kəsməməlidir. Eyni zamanda, sədr Ümumi Yığıncağın keçirilməsi zamanı meydana çıxan bütün təşkilati məsələləri həll etməlidir. 5.3.6. Ümumi Yığıncağın gündəliyinə daxil edilən hər bir məsələ üzrə təyin olunmuş məruzəçi çıxış edir. Hər bir baxılan məsələ çərçivəsində səhmdarların çıxışları və sualları üçün vaxt verilir. Həmin vaxt başa çatdıqdan sonra müzakirə edilən məsələ səsə qoyulur.