Proqramlaşdırma dilləri Müxtəlif təyinatlı məsələlərin müasir kompüterlərdə həll olunması üçün standart proqramlar və tətbiqi proqramlar paketlərinin tətbiqi ilə yanaşı hazırda istifadəçi tərəfindən hazırlanmış proqramlardan istifadə də xüsusi əhəmiyyətə malikdir. Qeyd edək ki, istifadəçinin tərtib etdiyi proqramlar proqramlaşdırma dillərinin köməyi ilə həyata keçirilir.
Proqram- proqramlaşdırma dilinin əmrləri, funksiyaları və operatorlarının köməyi ilə tərtib olunmuş xüsusi yazılışlar ardıcıllığıdır. Qeyd etmək lazımdır ki, proqramlaşdırma dillərinin yaranma tarixi və inkişafı EHM-larının yaranma tarixi ilə sıx əlaqədar olmuşdur.
Kompüterə daxil ediləcək əmrlər danışıq dilinə yaxın xüsusi dillərdə yazılır. Belə dillərə proqramlaşdırma dilləri deyilir. Proqramlaşdırma dillərinin də adi dillərdə olduğu kimi əlifbası, lüğəti, tərkibi və sintaksisi var. Adi dillərdən fərqli olaraq proqramlaşdırma dilində ən çoxu bir neçə yüz söz olur, sözlərin çoxmənalılığına yol verilmir, yalnız bir məna daşıyır. Proqramlaşdırma dilləri çoxdur. Onlar aşağı və yüksək səviyyəli dillərə bölünür. Aşağı səviyyəli dillərə maşın dili və assembler dili aiddir. Bu dillər istifadə edildiyi maşının tipindən asılı olduğundan maşın yönümlü dillər adlanır. Maşın dillərindən istifadə hazırda geniş yayılmamışdır. Belə ki, bu cür dillərdən istifadə edilməsi xüsusi hazırlıq və bacarıq tələb edir. Bu proqramlarla adətən peşəkar proqramçılar məşğul olurlar. Maşın dilində proqramın tərtibi olduqca çox zəhmət tələb edir, sonradan oxunması çətin olur. Başqa çatışmamazlığı ondan ibarətdir ki, eyni bir alqoritmin müxtəlif kompüterlərdə yerinə yetirilməsi üçün müxtəlif proqramlar yaratmaq lazım gəlir.
Hal-hazırda maşın kodundan istifadə olunmur və kompüter üçün proqram hər hansı proqramlaşdırma dillərinin birində tərtib olunur. Proqramlaşdırma dilləri bir qayda olaraq, verilənlərin təsviri, hesabi operatorlar, dövrün təşkili və idarəedici vasitələr, informasiyanın daxil və xaric olunma vasitələri ilə təmin olunub. Dillərin çoxunun proqramın tərtibində oxşar prinsipdən istifadə etməsinə baxmayaraq, onların sintaksisi müxtəlifdir.
Yüksək səviyyəli proqramlaşdırma dilləri (alqoritmik dillər) isə müxtəlif tipli maşınlarda istifadə edilə bilər. Alqoritmik dillər maşın dillərinə nisbətən daha sadə olub, geniş istifadəçi kütləsini əhatə edir. Proqramlaşdırma dillərində əmrlər operatorlar və ya təlimat adlanır. Hər hansı alqoritm üçün tərtib olunan bu cür əmrlər ardıcıllığı ilkin proqram və ya sadəcə ilkin mətn adlanır. Ilkin mətn çevirici proqram (translyator) vasitəsilə çevriləndən sonra icra olunur. Proqramlaşdırma dilləri də öz növbəsində interpretator və kompilyatorla işləyən dillərə bölünürlər. İnterpretatorla işləyən dillərdə proqram tərtib edildikdə hər yeni proqram sətrinin daxil edilməsi zamanı həmin sətirdə səhvin olub-olmadığı yoxlanılır və əgər səhv olarsa yerinə yetirmə avtomatik olaraq dayandırılır. Kompilyatorla işləyən dillərdə isə proqram mətni tam daxil edildikdən sonra mövcud səhvlər haqqında məlumat verilir. Səhvlərin göstərilən nömrə və izahatlarına əsasən onlar uyğun şəkildə aradan qaldırılır.
Alqoritmik dillərə FORTRAN, PL, Ada, C, Modula-2, COBOL, BASİC, Pascal və s. dillərini aid etmək olar. Maşın dillərinə isə ASSEMBLER tipli dilləri aid etmək mümkündür. Biz alqoritmik dillərdən biri olan Paskal dilinin Turbo Paskal 7.0 versiyası ilə tanış olacağıq. Bu dil 1984-cü ildə Borland İnternational şirkəti tərəfindən yaradılmışdır. Dilin Turbo Paskal 5.0 variantı 1988-ci ildə, Turbo Paskal 7.0 variantı isə 1992-ci ildən istifadə edilir.