İnzibati məsuliyyətdən azad etmə İnzibati xətalarla mübarizədə inzibati məsuliyyət effektli bir vasitədir, o həm də dövlət idarəetməsinin bütün sahələrində qanunçuluğun və intizamın möhkəmləndirilməsinin təsirli bir alətdir. Azərbaycan Respublikasının qanunvericiliyi demokratizm, humanizm, dövlət məcburetmə vasitələrinin qənaətliyi prinsiplərini, inandırma və ictimai təsir metodlarının tətbiqi sahəsinin genişləndirilməsini əsas tutaraq hüquqpozma törətmiş şəxsin hüquq məsuliyyətindən azad etmə imkanını nəzərdə tutur.
Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi təsbit edilmişdir: Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüquq vardır. Bu məqsədlə də İXM-nin 18-19-cu maddələrində son zərurət və zəruri müdafiə halları müəyyən edlmişdir. Vətəndaşlar da son zərurət və zəruri müdafiə hallarında öz konstitusion hüquqlarını müdafiə etdikdə inzibati məsuliyyətdən azad edilirlər.
Azərbaycan Respulikasının inzibati xətalar qanunvericiliyi inzibati məsuliyyəti istisna edən halları, inzibati məsuliyyətdən azadetmənin əsaslarını, şərtlərini, nəticələrini və inzibati məsuliyyətin məhdudlaşdırılması hallarını müəyyən edir.