Mövzu №11: İnzibati məsuliyyət və inzibati xəta


İnzibati xətanın subyekti



Yüklə 108,45 Kb.
səhifə8/17
tarix01.01.2022
ölçüsü108,45 Kb.
#106457
1   ...   4   5   6   7   8   9   10   11   ...   17
IH-11Edit

İnzibati xətanın subyekti

Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi - inzibati xətanın subyektinin dəqiq bir anlayışını təklif etmir. Buna baxmayaraq inzibati xətalar qanunvericiliyin təhlili belə bir nəticəyə gəlmək imkanı yaradır ki:



İnzibati xətanın subyekti - inzibati xətanın tərkibini yerinə yetirən, qanunla müəyyən edilmiş yaş həddinə çatmış, anlaqlı fiziki şəxsdir və ya inzibati hüquq subyektliyinə malik olan hüquqi şəxsdir.

Beləliklə, inzibati xətanın subyektləri sayılır:

a) fiziki şəxslər;

b) hüquqi şəxslər.

Fiziki şəxslər inzibati xətanın subyekti kimi aşağıdakı hallarda tanınırlar:

birincisi, onlar Azərbaycan Respublikası İXM-nin 15.1-ci maddəsinə uyğun olaraq inzibati xətanı törədərkən onların on altı yaşı tamam olmuş olsun,

ikincisi, onlar anlaqlı, yəni öz hərəkətlərini dərk etmə və idarə etmə qabiliyyətinə malik olsunlar. Anlaqlığa iki əlamət daxildir: intellektual və iradəvi. Bu əlamətlər şəxsin obyektiv surətdə mövcud olan psixi qabiliyyətini xarakterizə edir.

İntellektual qabiliyyət - subyektdə həqiqət təzahürünə düzgün qiymət vermək imkanını müəyyənləşdirir, əməl və nəticə arasında mövcud olan əlaqə və qarşılıqlı asılılığı başa düşmək, yaranmış vəziyyəti düzgün qiymətləndirmək, öz hərəkətlərinin verə biləcək nəticələrini əvvəlcədən görmək, mürəkkəb şəraitdə düzgün qərar tapmaq imkanını verir.

İradəvi qabiliyyət isə, şəxsin şüurlu surətdə öz hərəkətlərini nəzərdə saxlamaq, onları aktiv surətdə idarə etmək, maneələri dəf etmək, öz davranışını şüurlu surətdə qoyulmuş məqsədə tabe etmək imkanını yaradır.

Fiziki şəxslər qismində aşağıdakı şəxslər çıxış edə bilərlər:

a) Azərbaycan Respublikasının vətəndaşları;

b) vəzifəli şəxslər;

v) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;

q) digər kateqoriyalı şəxslər (sürücülər, piyadalar, hərbi vəzifəlilər və s.).

İnzibati xətanın subyektinin (fiziki şəxslərin) iki növü mövcuddur: ümumi və xüsusi subyektlər.

Ümumi subyektlər - 16 yaşına çatmış, anlaqlı, fiziki şəxslərdir;

Xüsusi subyektlər - yuxarıda göstərilən əlamətlərdən (16 yaş, anlaqlı) əlavə digər xüsusiyyətlərə malik olan fiziki şəxslərdir (vəzifəli şəxs, sürücü, hərbi vəzifəli).

İnzibati xətanın xüsusi subyektinin əlamətləri onların hüquqi vəziyyətlərinin müxtəlifliyi ilə xarakterizə edilir. Bu da onların yerinə yetirdiyi peşəkar və sosial funksiyalarla, sağlamlığının vəziyyəti və s. ilə ifadə edilir.



Araşdırdığımız qrupa aşağıdakı şəxsləri daxil etmək olar:

  • əlilləri;

  • hamilə qadınları;

  • hərbi vəzifəliləri;

  • hərbi qulluqçuları;

  • az yaşlı uşağı olan qadınları;

  • il ərzində inzibati tənbeh almış şəxsləri və s.

Azərbaycan Respublikası İXM-nin 16.1-ci maddəsinə uyğun olaraq: Vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.

Fiziki şəxs aşağıdakı hallarda vəzifəli şəxs kimi hesab edilə bilər:



a) dövlət hakimiyyətinin nümayəndəsi funksiyalarını həyata keçirdiyi halda;

b) dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış başqa qoşun birləşmələrində, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işlədiyi halda;

v) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat səlahiyyətlərini yerinə yetirdiyi hallarda.

2000-ci ilin sentyabırın 1-dən qüvvəyə minən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi inzibati xətanın subyekti, o cümlədən inzibati məsuliyyətin subyekti kimi hüquqi şəxsləri də sayır. Hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsində qeyd edilir: Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar



Hüquqi şəxslərin inzibati xətanın subyekti kimi çıxış etməsi üçün onların inzibati hüquq qabiliyyətinə və inzibati fəaliyyət qabiliyyətinə malik olması zəruridir.

Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyini təhlil edərək belə bir nəticəyə gəlmək olar ki, hüquqi şəxslər aşağıdakı sahələrdə törədilən inzibati xətalara görə inzibati məsuliyyətə cəlb edilirlər:

  • vergi sahəsində;

  • gömrük sahəsində;

  • ətraf mühitin mühafizəsi sahəsində;

  • əməyin təhlükəsizliyinin təmin edliməsi sahəsində;

  • yanğın təhlükəsizliyinin təmin edliməsi sahəsində və s.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Ümumi hissəsində inzibati məsuliyyətin subyekti kimi fiziki şəxslər barəsində heç nə göstərilməmişdir. Lakin Məcəllənin Xüsusi hissəsinin maddələrində inzibati xətanın subyekti özünü biruzə verir. Məcəllədə o cümlədən, inzibati xətanın subyektinin anlayışı da yoxdur. Buna baxmayaraq, inzibati xətanın subyektini inzibati məsuliyyətin subyektindən fərqləndirmək lazımdır. Belə ki, inzibati məsuliyyətin subyektlərinin dairəsi inzibati xətanın subyektlərinin dairəsi ilə üst-üstə düşmür. Ola bilər ki, şəxs inzibati xətanın subyekti olsun, lakin inzibati məsuliyyətə cəlb edilməsin. Məsələn, müddətli həqiqi hərbi xidmət qulluqçuları inzibati xətalara görə intizam məsuliyyətinə cəlb edilirlər.

Yüklə 108,45 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin