Nitqi tamamlayan ifadəli hərəkətlər
Nitq ifadəli hərəkətlərlə müşayiət olunur. Bu hərəkətlər (jestlər, mimikalar pozalar və digər hərəkətlər) ya sözlə ifadə olunan məna tutumunu artırır, ifadəliliyi gücləndirir ya da həmin mənaya ekspressivlik verir, onu daha təsirli edir. Bu sahədə mimikanın rolu böyükdür. Mimika yunanca mimikos – təqlid mənasında işlənib üz əzələlərinin ifadəli hərəkətləri anlamını bildirir Mimika insan hisslərinin, əhvali-ruhiyyəsinin təzahür formalarından biridir. O, sözün təsir gücünü artırır, onun mənasının qavranılmasına kömək edir. Jest insan bədəninin - qolun, əlin, başın və s. mənalı hərəkəti olmaqla qeyri-verbal ünsiyyətdə bədən dili ilə ifadə olunan mənanı müşayiət edir, tamamlayır, onun təsir gücünü, emosionallığını artırır. Danışıq zamanı müxtəlif bədən hərəkətləri (qaşı oynatmaq (təəccüb, maraq), baş tərpətmək (razılıq, narazılıq, peşmançılıq, kinayə və s.), barmaqları silkələmək (hədələmək, tapşırmaq, məsuliyyəti artırmaq), bığlarının ucunu ağzına alıb çeynəmək (qəzəb, kin), üz-gözünü turşutmaq (narazı olmaq), boğaz çəkmək (yalvarmaq, yola gətirmək), əli sinəsinə və gözü üstünə qoymaq (razılıq) və s. vasitəsilə müəyyən məna və ya fikir ifadə olunur. Bu cür jest, mimika, danışıq prosesində edilən kəskin və sürətli hərəkətlər söylənilən fikrə uyğun olanda lazımi effekt yarada bilir. “Adətən, natiq sözlərin köməyini hiss etməyəndə jestlərdən, mimikadan, duruşdan, baxışın istiqamətindən, hətta həmsöhbətlərin arasındakı məsafədən də istifadə etməklə də ünsiyyətdə ola bilir. Bu cür mənalı ünsiyyət, xüsusi ilə emosional vəziyyət, hisslər və əhvalların ötürülməsi ilə əlaqədar olan şərait üçün xarakterikdir” (30, səh.72). Deyilənlərə görə, karol Ferdinand Neapolitanski 1821-ci ildə onu ölkədən qaçmağa məcbur etmiş iğtişaşlardan sonra öz şəhərinə qayıdanda sarayın qarşısındakı meydana toplanmış şəhər camaatına nitq ilə müraciət etmək istəyir. Lakin balkonda ayaq üstündə xeyli dayandıqdan sonra kral başa düşür ki, təlatümə gəlmiş kütlənin hay-küyü, hətta kralın yanındakı əyanları belə onu eşitməsinə imkan verməyəcək. Onda Ferdinand bir kəlmə də deməyib öz təbəələrinə əsl cənublu kimi, əl-qol hərəkətləri ilə müraciət edir. Əllərinin hərəkəti və mimikası ilə onları çağırır, danlayır, xəbərdar edir, bağışlayacağına söz verir... Şəhərlilər sakitləşir, “nitq”ə diqqətlə fikir verir və nəhayət, onun simasında öz adamlarını, əl-qol hərəkətləri edən neapollunu qəbul edib onu alqışlayırlar. Bu nümunə ifadəli hərəkətlərin ünsiyyətdə kəsb etdiyi rolu əyani şəkildə sübut edir. Lakin danışıq, oxu zamanı nitqi tamamlayan bu əlavə vasitələrdən həddindən artıq istifadə etmək o qədər də məqsədəuyğun sayılmır.
Danışanın həddindən artıq əl-qol atması, üz-gözünü turşutması, əllərini bir-birinə vurması, dodağını çeynəməsi, ağzını marçıldatması, burnunu, bığını, boynunu sığallaması, danışarkən tez-tez o tərəf, bu tərəfə hərəkət etməsi və s. fikrin həmin hərəkətlər istiqamətində yayınmasına, dinləyicilərin ümumi bir narahatlıq və narazılığına səbəb olur, bəzən də gülüş yaradır. Nitq praktikasında natiqin belə hallara yol verməsi dözülməzdir.
Natiq digər sahələrdə olduğu kimi, ifadəli hərəkətlərində də müəyyən ölçüləri gözləməli, təbii və cazibəli duruşu, jesti, mimikası ilə işgüzarlığını, hazırlığını, sadəliyi və səmimiyyətini nümayiş etdirməli, nitqinin ifadəliliyini artırmalı, dinləyicilərin düşüncə və hisslərinə təsir göstərməklə söylədiklərinin daha yaxşı mənimsənilməsinə nail olmalıdır. Nitq hərəkətlərindən istifadə həm də milli xarakter daşıyır. Bu məsələdən danışarkən Ə.Kəlbəliyev göstərir ki, danışığın icra tərzində müxtəlif xalqlar arasında müəyyən fərqlər özünü göstərir. Məsələn, italiyalı danışıq zamanı əlqolunu çox işlətdiyi halda, amerikalılar həmişə gülümsünür, yaponiyalı isə danışarkən öz müsahibinin gözünə qətiyyən baxmır, yerə baxır. Buna görə də etiketlərdən istifadə edərkən ünsiyyətdə olduğun adamın milli mənsubiyyəti, milli ənənələri nəzərə alınmalıdır (39, 9).
Dostları ilə paylaş: |