Həmcins üzvlərin də özünəməxsus intonasiya çalarları vardır. Aralarında bağlayıcı olmayan həmcins üzvlər sonuncudan başqa, sadalama intonasiyası ilə söylənilir. Belə həmcins üzvlər arasındakı fasilə eyni olur. Sonuncu həmcins üzvdən qabaq nisbətən az fasilə edilir və səsin tembri dəyişir, yüksəlir. Bu söz bir növ sadalanmanın qurtarmağını xəbər verirmiş kimi, ucadan və güclü vurğu ilə tələffüz edilir. Məsələn; Mən öz qardaşıma mehman gələndə, Bir qələm, bir dəftər, bir can gətirdim. Dağların döşünü toplar dələndə Ləkəsiz, boyasız vicdan gətirdim. (Ə.Tudə) İkinci və dördüncü misralardakı həmcins üzvlər (qələm, dəftər, can, ləkəsiz, boyasız) sadalayıcı intonasiya ilə bağlanmışdır. Axırıncı həmcins üzvlər (can, boyasız) əvvəlkilərə nisbətən yüksək səs tonu ilə tələffüz olunur. Cümlədə həmcins üzvə tabe söz olarsa, həmin söz həmcins üzvlə birlikdə, bir nitq taktında tələffüz edilir. Məsələn; Sevdalı axşamlar, xoşbəxt səhərlər, Yüz nağıl olacaq min xatiratla. (S.Vurğun) Birinci misradakı axşamlar, səhərlər həmcins üzvlərlə sevdalı, xoşbəxt tabe sözlər arasında heç bir fasilə edilmir, bir nitq taktı ilə deyilir. Lakin, amma, ancaq bağlayıcıları ilə bağlanan həmcins üzvlər qarşılaşdırma – ziddiyyət intonasiya ilə oxunur. Bu bağlayıcıların işləndiyi cümlədə bağlayıcıya qədər və bağlayıcıdan sonrakı hissə fərqli intonasiya ilə tələffüz olunur. O, danışmaq istəyirdi, lakin kimdənsə ehtiyat edirdi. Sadalayıcı intonasiya dinləyicinin hissinə təsir etmək, sadalanan əşya və hadisələrə diqqəti daha çox yönəltmək məqsədini daşıyır. Bir neçə kəlmə də həmcins üzvlərin ekspressivlik mənası haqqında. Bir çox hallarda bağlayıcısız bağlanan həmcins üzvlü cümlələrdə həmcins üzvlərin deyilişi xüsusi ekspressivlik kəsb edir. Şirvan, Gəncəbasar, Qarabağ, Muğan, Məndən işıq alır bütün gündoğan. (S.Vurğun) Bu nümunədəki həmcins üzvlər (Şirvan, Gəncəbasar, Qarabağ, Muğan) bir qədər iti templə oxunur. Həmcins üzvlər arasında fasilə nisbətən qısa olur. Onlar daha çox nəzərə çarpacaq aksentlə deyilir. Bütün bunlar şeirin oxusu zamanı müəyyən dinamiklik yaradır. ÜmumiləĢdirici sözün iştirak etdiyi həmcins üzvlü cümlələrdə həmcins üzvlərdən əvvəl gələn ümumiləşdirici söz xəbərdarlıq intonasiyası, yüksək səs tonunda tələffüz olunur. Ümumiləşdirici sözdən sonra aydın fasilə edilir. Bu fasilə nitqdə, bir növ gözləmə xarakteri kəsb edir. Ümumiləşdirici sözdən sonra səs tonu bir qədər aşağı enir, həmcins üzvlər sadalayıcı intonasiya ilə oxunur. Ümumiləşdirici söz məntiqi vurğu ilə deyilir. Həmcins üzvlərdə isə bu vurğu bir qədər zəif hiss olunur. Hər yer – dağlar, dərələr, meşələr qarla örtülmüşdü. Ümumiləşdirici söz həmcins üzvlərdən sonra gəlirsə, həmcins üzvlərdən sonuncu digərlərinə nisbətən aşağı səs tonu ilə deyilir və ondan sonra fasilə edilir. Ümumiləşdirici söz, səsin birdən güclənməsi ilə tələffüz olunur. Çalan, çağıran, oxuyan, oynayan – hər kəs bacardığını əsirgəmirdi (Ə.V.) Xitabların tələffüzü. Ünsiyyət zamanı kommunikativ əlaqəni yaradan başlıca vasitələrdən biri xitablardır. Xitablar adi danışıqda, məruzə, mühazirələrdə və s. çox işlənən sözlərdir. Danışan xitab vasitəsilə müəyyən hədəfə özünün məhəbbət, mərhəmət, kin, qəzəb və s. hisslərini ifadə edir. Müasir Azərbaycan dilində xitabların aşağıdakı intonasiya xüsusiyyətləri vardır: 1. Cümlənin əvvəlində gələn xitablar çağırış mənası kəsb edir, qüvvətli vurğu ilə deyilir. Belə xitablar cümlənin digər üzvlərindən böyük fasilə ilə ayrılır. Yazıda onlardan sonra çox vaxt nida işarəsi qoyulur. Məsələn; Ey ürək, ucalsın hər zaman səsin, Bir ürək susdumu, bir ömür bitər. ( N.X.) Şair! Nə incədir rübabın sənin (S.V.) Bahar! Bahar! Ey günəşin sevdalı qızı! Yay aləmə şəfəq rəngli gur saçlarını. (S.Vurğun) 2. Xitablar cümlənin ortasında gəldikdə daha çox adresata münasibət mənası kəsb edir, yüksək səs tonu ilə bir qədər iti tələffüz olunur. Yazıda belə xitabların hər iki tərəfində vergül işarəsi qoyulur: Söylə bir, şairim, bahar gələndə Neçin pərişanlıq dillənir səndə? (S.Vurğun) Hava yaman sazaqlı, Günəş səndən uzaqdı, Sənə boylandı, baxdı, Yumul, bənövşəm, yumul! (N.Kəsəmənli) 3. Cümlənin sonunda işlənən xitabdan əvvəl fasilə edilmir. Səs tonu bir qədər alçalır, xitab enən intonasiya ilə deyilir. Məsələn; Baxışın ananın mərd baxışı tək, Min yol ağ saçından öpmüşəm, Vətən! Sən odda yananda yaz yağışı tək, Sinənə göz yaşı səpmişəm, Vətən! (Ə.Tudə)