İnkişaf etmiş ölkələrin vergi sistemlərinə xas olan xüsusiyyətlərdən biri mərkəzi və digər səviyyəli büdcələrin gəlirləri arasında dəqiq sərhədin müəyyən edilməsidir.
Ölkənin vergi sisteminin strukturu onun dövlət quruluşundan bilavasitə asılıdır. İngiltərə, Fransa, İtaliya kimi unitar dövlətlərdə büdcəsinin iki səviyyəsi mövcuddur: mərkəzi və yerli.
ABŞ, Almaniya, Kanada kimi federativ dövlətlərdə isə büdcə üç səviyyəlidir: federal, ərazi və yerli.
Fransada büdcənin əsas gəlir mənbəyi dolayı vergilərdir ki, bunun da əsasını ƏDV-si təşkil edir.
Fransada ƏDV-nin standart (18,6%) və azaldılmış (5,5%) dərəcəsi tətbiq olunur. ƏDV-nin azaldılmış dərəcəsi bir sıra k/t məhsullarına, ərzağa, dərmana, tibbi avadanlığa, yük və sərnişin daşınmasına və s. tətbiq olunur.
Fransada büdcənin əsas gəlir mənbələrindən biri də aksizlərdir. Fransada aksiz vergisinə cəlb olunan malların siyahısı genişdir:
Neft məhsulları;
Elektrik enerjisi;
Spirtli içkilər;
Tütün məmulatları;
Mineral sular;
Qiymətli metallar və zərgərlik məmulatları;
Sığorta və birja əməliyyatları;
Oyun biznesi;
Televiziya reklamları.
Fransada gəlir vergisi mütərəqqi şkala üzrə tutulur və onun maksimum dərəcəsi 56,8%-dir. Fransada yerli vergitutma sistemi də kifayət qədər inkişaf etmişdir. Yerli büdcələrin ümumi həcmi dövlət büdcəsinin 60% həcmindədir.
Beynəlxalq ikiqat vergitutma və onun tənzimlənməsi üsulları.
Dünyada müxtəlif ölkələrdə vergitutmanın bu və ya digər məsələlərinin həllinə yanaşmaların müxtəlif olması beynəlxalq ikiqat vergitutma və həmçinin antivergitutma ilə bağlı ziddiyyətli vəziyyətlər yaradır.
Beynəlxalq ikiqat vergitutma hər hansı bir vergi ödəyicisindən eyni bir vergitutma obyektinin iki və daha çox ölkədə eyni zamanda vergiyə cəlb edilməsidir.
İkiqat vergitutmanı müəyyən edən göstəricilər aşağıdakılardır:
Vergitutma obyektinin eyniliyi;
Vergitutma subyektinin eyniliyi;
Vergilərin ödənilmə müddətinin eyniliyi;
Vergi ödənişlərinin identik olması.
Beynəlxalq ikiqat vergitutma bir qayda olaraq fiziki və hüquqi şəxslərin gəlir və əmlakının vergiyə cəlb edilməsi zamanı rast gəlinir. Onun yaranmasının əsas səbəbi dövlətin suverenliyi prinsipindəndir ki, bu da dövlətin öz sərhədləri daxilində yerinə yetirilməsi məcburi olan qanunvericilik aktlarını qəbul etməsi kimi müstəsna hüququnun olmasını nəzərdə tutur.
Beynəlxalq ikiqat vergitutmanın əksi kimi antivergitutma çıxış edir. Antivergitutmada ikiqat vergitutma kimi müxtəlif ölkələrin vergi sistemlərinin uyğunsuzluğunun nəticəsində yaranır, nəticədə ölkələrin heç biri hər hansı bir vergi ödəyicisini və ya obyekti özününkü hesab etmir. Yekunda vergi ödəyicisi vergini ödəmir. Məsələn, Fransanın yurisdiksiyası yalnız onun ərazisində əldə edilmiş gəlirlərlə məhdudlaşır.
Böyük Britaniyada yaradılan və ABŞ –dan idarə edilən şirkətə baxaq. Böyük Britaniyada taktiki rəhbərlik mərkəzi ölkədə olan şirkətlər rezident sayıldığından bu şirkət Böyük Britaniyanın rezidenti hesab olunmur. ABŞ –da isə rezidentlik meyarı şirkətin yaradıldığı yer hesab olunduğundan həmin şirkət ABŞ-ın da rezidenti sayılmır. Beləliklə şirkət yalnız gəlir vergisinə cəlb edilir.
Beynəlxalq ikiqat vergitutmanı aşağıdakı üç yolla tənzimləmək olar:
Bütün ölkələr vergitutmanı ya rezidentlik, ya da ərazi prinsipinə əməl etməlidir.
Hər bir dövlət tərəfindən vergi kreditləri və vergi əvəzləşdirmələri sistemi vasitəsi ilə ikiqat vergitutmanın tənzimlənməsi üzrə birtərəfli qaydada daxili qanunvericilik aktlarının qəbul edilməsi.
İkiqat beynəlxalq vergitutma probleminin beynəlxalq vergi sazişləri bağlanması yolu ilə tənzimlənməsi.
Tənzimləmənin 1-ci yolundan istifadə etdikdə kapital ixrac edən ölkələr üçün rezidentlik prinsipi, kapital idxal edən ölkələr üçün isə ərazi prinsipi əlverişlidir.
2-ci yoldan istifadə edildikdə vergi əvəzləşdirmələri sistemində, xarici hüquqi və ya fiziki şəxslərin ərazi prinsipi üzrə yaranmış gəlirindən xarici yurisdiksiyada ödədikləri verginin məbləği, rezidentləri olduqları yurisdiksiyalarda hüquqi şəxslərin vergiyə cəlb olunan mənfəətlərinin məbləği, fiziki şəxslərin isə vergiyə cəlb olunan gəlirlərinin məbləği hesablanarkən nəzərə alınır.
Vergi kreditləri sistemi isə fiziki və ya hüquqi şəxslərə xaricdə ödədikləri verginin məbləğini rezidentləri olduqları yurisdiksiyada yaranmış vergi öhdəliklərinin məbləğindən çıxmaq hüququ verir.
Beynəlxalq ikiqat vergitutmanın tənzimlənməsində vergi ödəyiciləri üçün vergi kreditləri sistemi vergi əvəzləşməsi sistemindən üstündür.
Beynəlxalq vergi sazişləri.
Beynəlxalq vergi sazişləri aşağıdakı məqsədləri güdür:
İkiqat vergitutmanın tənzimlənməsi;
Hər hansı bir ölkənin başqa bir ölkədə xarici iqtisadi fəaliyyətlə məşğul olan təsərrüfat subyektlərinin müdafiəsi, vergitutma nöqteyi - nəzərindən onlara ayrı seçkilik edilməməsi;
Vergidən yayınmanın müxtəlif üsullarına qarşı hər bir ölkədə mübarizə aparılmasına;
Dövlət və vergi ödəyiciləri arasında ortaya çıxan mübahisəli məsələnin tənzimlənməsi prosedurunun işlənib hazırlanması.
AR-nın vergi məsələlərinə dair bağladığı beynəlxalq vergi müqavilələrində ya gəlir, əmlak və mənfəət vergisinə ya da bütün vergilər üzrə tətbiq edilən müqavilələr bağlanıb.