Xidmət standartı –yerinə yetirilən bütün əməliyyatların müəyyən edilmiş keyfiyyətinə təminat verən və müştərilərə xidmət zamanı hökmən icra olunması nəzərdə tutulan kompleks qaydalardır. Xidmət standartı ilə müştərilərə göstərilən xidmət səviyyəsinin və eyni zamanda, firma əməkdaşının fəaliyyətinin qiymət-ləndirilməsi üçün formal meyarlar müəyyən edilir. Bu meyarlar aşağıdakıları ehtiva edir:
xidmət müddəti – standartlara görə müştərilərin 85%-i növbədə 5 dəqiqədən çox dayanmamalıdır. Bərbərxanalarda isə əksinə, xidmət müəyyən edilmiş vaxtdan az (bərbərin tələskənliyə yol verməməsi üçün) olmamalıdır;
şikayət və təkliflərlə iş – bir əməkdaşdan ay ərzində 2-dən çox şikayət daxil olmamalıdır və hər bir şikayət üzrə müştəri hökmən cavab almalıdır;
telefonla cavab gözləmənin maksimal vaxtı və digər formal meyarlar (məsələn, bəzi firmalar əməkdaşlarının görünüşü və geyiminə də müəyyən tələblər qoyurlar) da müəyyən edilmişdir;
sənədlərin, məktubların və işgüzar kağızların, elanların asılan və divara vurulan materialların tərtibatına müəyyən tələblər qoyulur. Yaxşı tərtib olunmuş və savadlı yazılmış işgüzar yazılar müştərilərə hörməti göstərir, təşkilatda heyətin və rəhbərliyin təhsil səviyyəsini, mədəniyyətini və nüfuzunu nümayiş etdirir.