C. Etibarnamənin forması – etibarnamənin (xüsusən baş etibarnamənin) xüsusi forması olur və notarius tərəfindən təsdiq edilir. Birdəfəlik etibarnamə vəkalətnaməyə çox oxşayır. Birdəfəlik etibarnamədə vərəqin ortasında «Etibarnamə» sözü yazılır. Aşağıdakı sətirdə sol tərəfdə etibarnamə yazıldığı şəhər, həmin sətirdə, vərəqin sağ tərəfində etibarnamənin verildiyi tarix göstərilir. Etibarnamənin məzmunu qurtardıqdan sonra etibar edən şəxs onu imzalayır. Əgər tərəflər bir müəssisədəndirlərsə, müəssisənin kadrlar şöbəsinin rəisi və ya rəhbəri tərəfindən, əgər tərəflər müxtəlif idarə və təşkilatlara aiddirlərsə, onda etibarnaməni notarius təsdiq edir.
Raport
«Raport» fransız sözü olub, hərbi xidmətçinin rütbəcə özündən böyük şəxsə verdiyi şifahi və ya yazılı məlumat mənasını verir.
Raport, eyni zamanda, yuxarı, rəhbər təşkilatlara verilən yazılı və ya şifahi məlumatdır. Məsələn: hər hansı bir öhdəliyin yerinə yetirilməsi haqqında iclasda, brifinqdə, mətbuatda təntənəli məlumatvermə.
TƏLİMAT
Təlimat hüquqi sənəddir. Təlimat ərəbcə «təlim» sözünün cəmi olub, bir şey həyata keçirmək üçün qayda və üsulla müəyyən edilən yazılı sənəddir. Bu haqda hüquq ensiklopediyasında deyilir. «Təlimat-qanun qüvvəli akt, qanunvericilik aktının, nazirin yaxud digər orqan rəhbərinin əmrini izah etmək və onun tətbiqi qaydasını müəyyənləşdirmək məqsədilə verilir. Təlimatı, bir qayda olaraq, nazirliklər, dövlət komitələri, baş idarələr verir. Bəzi təlimatlar həmkarlar təşkilatı ilə razılaşdırılır… Texniki xarakterli göstərişlər və s.
TƏLƏBNAMƏ
Tələbnamə ərəb mənşəli “tələb” (istəmə, tələb etmə) və fars mənşəli “namə” (məktub, əsər, bəzən də yazı) sözlərinin birləşməsindən yaranıb. Bir şeyin verilməsi və ya bir işin görülməsi, yaxud bir şəxsin müəyyən adamın sərəncamına göndərilməsi haqqında rəsmi yazılı xahişdir.
Tələbnamələr hər hansı bir şeyi tələb etmək, istəmək məqsədilə yazılmış sənəddir. Tələbnamə ərizədən fərqli olaraq, yalnız xahiş-istəmə məqamında yazılır. Bunlar arasındakı fərq ondan ibarətdir ki, tələbnamədə tələb edilən mövqe ərizəyə nisbətən möhkəm və sərt olur. Tərtibetmə formaları, demək olar ki, eynidir.
Dostları ilə paylaş: |