ANNOTASİYA
Annotasiya latınca “annotatio” sözündən olub, qeyd mənasındadır.
A. Annotasiyanın mahiyyəti – hər hansı elmi, bədii əsər, tamaşa haqqında əvvəlcədən müəllifın və ya başqa birisinin məlumatıdır.
B. Annotasiyanın məzmunu- Annotasiya əsərin müəllifi, janrı, həcmi, habelə ideya istiqaməti, bədii məzmunu haqqında məlumat verir. Annotasiyada bəhs edilən əsərə rəy də verilə bilər. Burada əsərin həcmi, quruluşu və s. göstərilir.
C. Annotasiyanın forması – Vərəqin ortasında “annotasiya” sözü yazılır. Ondan aşağıda müəllifin adı, atasının adı və soyadı yazılır. Aşağıdakı sətirdə əsərin mövzusu, nəşri, ili haqqında məlumat verilir.
Ç. Annotasiyanın dili – Annotasiya elmi üslubda yazılmalıdır. Elmin hansı sahəsinə aid olduğundan asılı olaraq, terminlərdən istifadə edilə bilər. Şərhlər yığcam olmalı, cümlələr ardıcıl şəkildə, fikir səlis ifadə edilməlidir.
Ədəbi dildə annotasiyanın mənası kitab, jurnal və məqalənin məzmununu qısa şəkildə şərh etmək deməkdir. Annotasiya vasitəsi ilə tələbə hər hansı bir kitabın məzmunu ilə daha yaxından tanış ola bilir.
Annotasiyanın planında aşağıdakılar öz əksini tapmalıdır:
kitabın adı, nəşriyyatın adı, harada nəşr edilməsi, həcmi;
kitabın müəllifinin adı və soyadı;
kitabda nələrdən bəhs olunması, ideya məzmunu;
kitabın nə məqsədlə, kimin üçün yazılması.
Annotasiyanı, əsasən, əsərin müəllifi yazır və məqsədini bir neçə cümlə ilə şərh edir.
TƏLİQƏ
«Təliqə» ərəb mənşəli olub, hərfi mənası “əlaqə” sözündəndir. Müasir dövrdə təliqə rəsmi məktub mənasında işlənir. Təliqə idarə və müəssisə arasında olan rəsmi yazışmadır. Təliqənin tərtibedilmə forması rəsmi məktub kimidir. Burada da dil sadə və anlaşıqlı, ədəbi-rəsmi üslubda olmalıdır. Təliqənin məzmunu müxtəlif ola bilər.
LAYİHƏ
«Layihə» ərəb sözü olub, hər hansı sənədin, qərarın, prosesin əvvəlcədən yazılmış təxmini mətninin mənasını özündə ehtiva edir: məsələn, qərar layihəsi, nizamnamə layihəsi, müqavilə layihəsi.
Layihə başqa bir məna da daşıyır. Tikiləcək, qurulacaq, yaradılacaq bir şeyin əvvəlcədən düşünülüb hazırlanmış, işlənmiş proyekti də layihə adlanır: məsələn, tikinti layihəsi, körpü layihəsi, diplom işi layihəsi və s.
Dostları ilə paylaş: |