Mövzu 2: HÜquq sistemiNİn konstitusiya əsaslari


§9. Qeyri-hökumət təşkilatlarının (İctimai birliklərin) hüquqi statusunun əsasları



Yüklə 408,06 Kb.
səhifə16/82
tarix26.11.2023
ölçüsü408,06 Kb.
#136505
1   ...   12   13   14   15   16   17   18   19   ...   82
H-QUQ-S-STEM-N-N-KONST-TUS-YA-SASLARI

§9. Qeyri-hökumət təşkilatlarının (İctimai birliklərin) hüquqi statusunun əsasları.


Demokratik cəmiyyətdə siyasi sistemin fəaliyyət göstərməsi siyasi plüralizmdən, yəni insanların mənafe və fikirlərinin rəngarəngliyindən, ayrı-ayrı siyasi qüvvələrin fəaliyyətinin müxtəlifliyindən, xüsusilə seçki kampaniyaları dövründə onların rəqabətindən, siyasi mübarizələrindən başlanır. Bütün bunlar, ancaq qanun çərçivəsində və hədlərində olmalıdır.
İctimai birliklər haqqında qanunvericiliyin əsasını Azərbaycan Respublikasının Konstitusiyası, «Qeyri-hökumət təşkilatları (ictimai birliklər) haqqında» Azərbaycan Respublikasının 13 iyun 2000-ci il tarixli qanunu, «Siyasi partiyalar haqqında» 3 iyun 1992-ci il Azərbaycan Respublikası qanunu və digər normativ hüquqi aktlar təşkil edir.
«Qeyri-hökumət təşkilatları (ictimai birliklər) haqqında» qanunun 2-ci maddəsində ictimai birliklərin anlayışı verilmişdir. Həmin maddənin 1-ci hissəsinə görə, ictimai birlik təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır. İctimai birliklərə siyasi partiyalar, kütləvi hərəkatlar, dini birliklər, həmkarlar ittifaqları, vətəndaşların digər assosiasiyaları (qadınlar, veteranlar, gənclər təşkilatları, yaradıcılıq ittifaqları və i.a.) aiddir.
Kütləvi ictimai hərəkatlar - siyasi və yaxud digər məqsədlər güdən, qəti müəyyən edilmiş üzvlüyə malik olmayan birliklərdir. Üzvlüyün olmaması ictimai hərəkatları digər birliklərdən fərqləndirir və onun tərkibində kollektiv üzvlərin, məsələn, partiyaların iştirakına imkan yaradır.
Cəmiyyətdə həmkarlar ittifaqlarının da böyük rolu vardır. Onlar dövlət orqanları, təsərrüfat təşkilatları, kooperativlərlə qarşılıqlı əlaqədə istehsal, sosial-iqtisadi və mədəni sahələrdə öz üzvlərinin mənafelərini təmsil edir və müdafiə edirlər. Həmkarlar ittifaqları qəti müəyyən edilmiş fərdi üzvlüyə malikdirlər. Bütün həmkarlar ittifaqları qanun qarşısında bərabərdirlər.
Bütün siyasi partiyalar, ictimai təşkilatlar və kütləvi hərəkatlar Azərbaycan Respublikası Konstitusiyası və qanunları çərçivəsində fəaliyyət göstərməlidir. Azərbaycan Respublikasında məqsəd və fəaliyyəti konstitusiya quruluşunun əsaslarının zorla dəyişdirilməsi və ya dövlətin ərazi bütövlüyünün pozulması, dövlət təhlükəsizliyinin sarsılması, hərbi birləşmələrin yaradılması, sosial, irqi, milli və dini ədavətin qızışdırılmasından ibarət olan ictimai birliklərin təşkil edilməsi və fəaliyyəti qadağandır (AR Konstitusiyasının 58-ci maddəsinin IV hissəsi).
İctimai birlik onun qanunla nəzərdə tutulan subyektlər tərəfindən təsis edilməsi nəticəsində, habelə mövcud olan ictimai birliyin yenidən təşkili nəticəsində yaradıla bilər.
İctimai birliyin təsis edilməsi nəticəsində yaradılması təsisçilərin qərarı ilə həyata keçirilir. Bu halda təsis yığıncağı çağırılır və birliyin nizamnaməsi qəbul olunur.
İctimai birliyin nizamnaməsində birliyin adı və yerləşdiyi yer, fəaliyyətinin məqsədləri və idarə olunması qaydası, üzvlərin hüquq və vəzifələri, üzvlüyə qəbulun və ondan çıxmanın şərtləri və qaydası, ictimai birliyin əmlakının formalaşma mənbələri, nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi qaydası, birliyin ləğv edilməsi və ləğv edildiyi halda əmlakdan istifadə qaydası müəyyən edilir.
İctimai birliklərin əmlakının formalaşdırılma mənbələri aşağıdakılardır:

  1. təsisçilərin və ya ictimai birliklərin üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları;

  2. könüllü əmlak haqları və ianələri;

  3. malların satışından, xidmətlər göstərilməsindən, işlər görülməsindən daxilolmalar;

  4. səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlər və dividentlər, gəlirlər;

  5. öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;

  6. qrantlar;

  7. qanunvericiliklə qadağan olunmayan başqa gəlirlər.

İctimai birliklərin idarə olunmasının əsasları «Qeyri-hökumət təşkilatları haqqında» Azərbaycan Respublikası qanununun 25-ci maddəsində göstərilmişdir. İctimai birliyin strukturu, tərkibi, idarəetmə orqanlarının səlahiyyəti, formalaşdırılma qaydası və onların səlahiyyət müddəti, qərar qəbuletmə və ictimai birliyin adından çıxış etmə qaydaları qanunlara müvafiq olaraq ictimai birliyin nizamnaməsi ilə müəyyən edilir.
Siyasi partiyalar - daimi əsasda fəaliyyət göstərən, təşəkkül tapmış təşkilati quruluşa malik birliklərdir. Siyasi partiyalar - öz üzvlərinin siyasi mənafelərini ifadə edən, xalqın siyasi iradələrinin formalaşdırılmasında yardımçı olan, əsas məqsədi dövlət hakimiyyəti və idarəetmə orqanlarının təşkilində və habelə dövlət orqanlarına seçilən nümayəndələri vasitəsilə hakimiyyətin həyata keçirilməsində iştirak etməkdən ibarət olan ictimai birliklərin bir növüdür. Azərbaycan Respublikasında bütün partiyalar qanun qarşısında bərabərdirlər.
Siyasi partiyaları başqa ictimai birliklərdən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, siyasi partiyalar parlament və hökumətdə yer əldə etmək üçün açıq şəkildə mübarizə aparır. Siyasi partiyalar siyasi sistemin əsas komponentidir. Onlar siyasi prosesin bütün mərhələlərində (seçkilərdə, dövlət orqanlarının təşkilində, siyasi və dövlət qərarlarının qəbulunda və onların həyata keçirilməsində) fəal iştirak edir.1992-ci il 3 iyun tarixli «Siyasi partiyalar haqqında» Azərbaycan Respublikasının Qanununun 1 - ci maddəsində deyilir:
«Siyasi partiya dedikdə ümumi siyasi ideyaları və məqsədləri olan, ölkənin siyasi həyatında iştirak edən Azərbaycan Respublikası vətəndaşlarının birlikləri nəzərdə tutulur».
Deməli, siyasi partiya anlayışının tərkib elementləri aşağıdakılardır:

    • vahid siyasi ideya və məqsəd (siyasi partiyada mütləq vahid siyasi ideya və məqsəd olmalıdır, ictimai birliklərdə də ideya və məqsəd olur, amma onlar siyasətdə iştirak edə bilməzlər)

    • ölkənin siyasi həyatında iştirak.

    • könüllü birlik;

    • partiyaya üzv olmaq hüququnun, yalnız Azərbaycan Respublikası vətəndaşlarına mənsub olması.

Əsas tərkib elementlərindən başqa, köməkçi tərkib elementləri də var.

    • hər bir siyasi partiya cəmiyyətin müəyyən hissəsinin avanqardı, aparıcı qüvvəsidir;

    • hər bir partiya cəmiyyətin müəyyən hissəsinin ideoloji daşıyıcısıdır. Hər bir partiya onun ətrafında birləşən insanların ideologiyalarının daşıyıcısıdır.

Dünya praktikasında siyasi partiyaların meydana gəlməsinin iki yolu var:

  1. Elektoral yol

  2. Milli-azadlıq hərəkatı nəticəsində partiyaların yaranması.

Qeyd olunduğu kimi, siyasi partiyaların əsas məqsədi hakimiyyətə gəlməkdir. Seçkilər isə hakimiyyətə gəlməyin yeganə qanuni yoludur. Yəni istənilən partiya seçkilər vasitəsilə - elektoral yolla hakimiyyətə gələ bilər.
Milli azadlıq hərəkatı zamanı hərəkatın idarə edilməsi üçün bir quruma ehtiyac yaranır. Belə qurum da bir qayda olaraq siyasi partiya olur.
«Siyasi partiyalar haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, respublikamızda partiyalar aşağıdakı yolla siyasi fəaliyyət göstərirlər:

    • nizamnamələrinə uyğun olaraq ictimai rəyin fomalaşmasına təsir göstərmək;

    • öz üzvlərinin siyasi fəallığına rəvac vermək;

    • vətəndaşları öz sıralarından seçkili dövlət orqanlarına irəli sürmək;

    • nizamnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericilik və icra hakimiyyəti orqanlarının fəaliyyətinə təsir göstərmək;

    • siyasi və sosial proqramlar hazırlamaq yolu ilə Azərbaycan Respublikasının daxili və xarici siyasətinin formalaşmasına təsir göstərmək.

Siyasi partiyaların təsnifatı müxtəlif meyarlara əsasən aparılır.

  1. Siyasi rejimə görə:

  2. Siyasi sistemdəki yerinə görə:

  3. İdeoloji əlamətinə görə:

  4. Açıq və ya gizli fəaliyyət göstərməsindən asılı olaraq:

  5. Üzvlərin sayı və təşkilati strukturuna görə:

  6. Sinfi xarakterindən asılı olaraq:

Respublikamızda dini birliklərin fəaliyyəti xüsusi olaraq «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikasının 20 avqust 1992-ci il Qanunu ilə tənzimlənir.
Bu qanun dövlətlə dini birliklərin qarşılıqlı münasibətlərini tənzimləyərkən müəyyən edir ki, dövlət:

    • vətəndaşların, özlərinin dini mənsubiyyətini müəyyənləşdirməsinə, valideynlərin uşaqlarmı öz dini əqidələrinə və dinə münasibətlərinə uyğun tərbiyə etmələrinə müdaxilə etmir;

    • dini birliklərin üzərinə dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının funksiyalarının həyata keçirməsi vəzifəsini qoymur;

    • mövcud qanuna zidd olmayan dini birliklərin fəaliyyətinə müdaxilə etmir;

    • dövlət və bələdiyyə tədris müəssisələrində təhsilin dünyəvi xarakterini təmin edir; Bu qanunda təsbit olunmuşdur ki, dini birlik:

    • özünün xüsusi quruluşuna və mövcud qanunvericiliyə uyğun yaradılır;

    • dövlət orqanları və yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirak etmir;

    • siyasi partiyaların və hərəkatların fəaliyyətində iştirak etmir və onlara maddi və digər köməkliklər göstərmir.

Qanuna görə dini birliklər vətəndaşlar tərəfindən öz dini tələbatlarını ödəmək üçün könüllü olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada, azı 10 nəfər üzvlərin ərizəsinə əsasən yaradılan dini təşkilatlardır. Lazımi qaydada qeydə alınmış dini cəmiyyət öz daxili işlərini idarə etmək üçün icra orqanı və nəzarət komissiyasını seçir, dindarlar qrupu isə öz rəhbərini seçir. Dini mərkəzlər, dini idarələr və dini təhsil müəssisələri dini birliklərin könüllü ianəsi hesabına saxlanılır və öz nizamnamələrinə uyğun fəaliyyət göstərirlər.
Dini birliklərin nizamnaməsində (əsasnaməsində) aşağıdakılar göstərilməlidir:

    • dini birliyin növü, dini mənsubiyyəti və yeri;

    • dini birliyin əmlak vəziyyəti;

    • dini birliyin nizamnaməsinə dəyişikliklər və əlavələr etmək qaydası;

    • dini birliyin fəaliyyətinə xitam verildikdə əmlak məsələlərinin və başqa məsələlərin həlli qaydası və s.

Qanunvericiliyi mütəmadi şəkildə pozduqda dini birliklərin fəaliyyətinə müəyyən edilmiş qaydada xitam verilə bilər.
Azərbaycan Respublikasında dinin, dini birliklərin dövlətdən ayrılması heç də birlik üzvlərinin cəmiyyətin və dövlətin idarə olunmasında, dövlət orqanları və yerli özünüidarəetmə orqanlarına seçkilərdə, siyasi partiyaların və digər birliklərin fəaliyyətində iştirak etmək kimi vətəndaş hüquqlarını məhdudlaşdırmır.
Din vicdan azadlığının ifadə forması kimi, onun siyasi institut kimi dövlətlə
münasibətlərinin qanunvericilik tənzimi bütövlükdə cəmiyyətin ahəngdar inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.



Yüklə 408,06 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin