Mülki hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamının əsasları. - Mülki hüquq münasibətlərinin əmələ gəlməsi (dəyişməsi, xitamı) əsasını hüquqi faktlar təşkil edir. Hüquqi faktlar dedikdə, hüquq normasında nəzərdə tutulan və hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitam edilməsinə səbəb olan həyati hallar başa düşülür. Lakin faktların hamısı deyil, yalnız müəyyən hüquqi nəticələrə səbəb olan hüquqi əhəmiyyətli faktlar hüquqi faktdır.
Hüquqi faktlar üçün üç əsas hal xarakterikdir:
hüquqi fakt - bizim şüurumuzdan, düşüncəmizdən asılı olmayan real gerçəklikdir;
hüquqi fakt - mülki hüquq normalarında nəzərdə tutulur. Məhz bu normalar onun hüquqi əhəmiyyət kəsb etdiyini bildirir;
hüquqi fakt - hansı faktların mülki hüquq normaları əsasında müəyyən nəticəyə gəlməsini müəyyən edir.
Hüquqi nəticəyə səbəb olan hüquqi faktlar üç dərəcəyə (kateqoriyaya) bölünür:
Hüquq yaradan hüquqi faktlar;
Hüquq dəyişən hüquqi faktlar;
Xitamverici hüquqi faktlar.
Hüquq yaradan hüquqi faktlar mülki hüquq münasibətlərinin yaranmasına səbəb olur. Buna alqı-satqı müqaviləsini misal göstərmək olar. Burada, alıcıda aldığı əşyaya mülkiyyət hüququ yaranır. Adətən, hüquq yaradan hüquqi faktlarda subyektə hüquq ilk dəfə verilir.
Hüquq dəyişən faktlar o hüquqi faktlara deyilir ki, burada fakt mütləq hüquq münasibətlərinin dəyişməsinə səbəb olur. Bu cür faktlara borcun tələb edilməsinin güzəşti və ya başqa şəxsə keçirilməsini misal göstərmək olar. Mülki hüquq münasibətlərinin dəyişməsi təkcə bu münasibətlərin subyektiv tərkibində deyil, həm də obyektlərinin, məzmununun dəyişməsində özünü göstərir. Məsələn, əmlak kirayəsi (icarə) müqaviləsinə əsasən, kirayəçi (icarəçi) əşyanı itirərsə, onun dəyərini ödəməlidir.
Xitamverici hüquqi faktlar elə faktlardır ki, burada mövcud hüquq normaları əsasında mülki hüquq münasibətlərinə xitam verilir. Mülki hüquq münasibətlərinə xitam verilməsi şəraitdən asılı olaraq müxtəlif cür olur. Məsələn, mülkiyyət hüququ olan obyektin məhvi, sıradan çıxması, hüquq münasibətlərinə girən iştirakçılardan birinin ölməsi, borclunun borcu ödəməsi və s.
Mülki hüquqi nəticələrin baş verməsi üçün tələb olunur ki, onları yaradan şərait qanunla müəyyən olunsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsində deyilir: «Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir». Hüquqi nəticələr müxtəlifdir. Məsələn, insanın doğulması faktı ilə onun mülki hüquq qabiliyyəti yaranır, vətəndaşın 18 yaşına çatması ilə o, tam fəaliyyət qabiliyyəti əldə edir, iddianın irəli sürülməsi iddia müddətinin axımını kəsir.
Hüquqi faktların daha çoxsaylı qrupunu mülki hüquq münasibət-ərinin əmələ gəlməsi, dəyişməsi və ya xitamı ilə bağlı vəziyyətlər (əsaslar) təşkil edir (MM-nin 14-cü maddəsinin 2-ci hissəsi). Həmin əsaslara əqdlər, müqavilələr, səlahiyyətli orqanların verdiyi aktlar, elm, ədəbiyyat, incəsənət əsərlərinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma və s. daxildir. Qanun mülki hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitam olunmasını çox vaxt bir vəziyyətlə deyil, hüquqi və ya faktiki tərib adlanan hüquqi faktların məcmusu ilə əlaqələndirir. Məsələn, vəsiyyətnaməyə görə vərəsə üç hüquqi faktın yaranması ilə miras əmlakına sahib olur: vəsiyyətnamənin tərtib olunması, vəsiyyət edənin ölümü, mirasın qəbul edilməsinə razılığın olması.
Yaratdığı hüquqi nəticələrdən və insanların iradəsi ilə əlaqəsindən asılı olaraq hüquqi faktlar təsnifləşdirilir. Mülki qanunvericilikdə hüquqi faktların iki növü fərqləndirilir.
Hadisələr;
Hərəkətlər.
İnsanların iradəsi ilə əlaqəsi olmayan hüquqi faktlara hadisələr deyilir. Hadisələrə insanın anadan olması, onun təbii ölümü, zəlzələ, ildırım çaxması və s. misal ola bilər. O hadisələr hüquqi əhəmiyyət kəsb edir ki, onların baş verməsi hüquqi nəticələrə səbəb olur. Məsələn, insanın anadan olması, valideynlərin uşağı saxlamaq və tərbiyə etmək vəzifəsini əmələ gətirir, yaxud insanın ölməsi, bir hüquqi fakt kimi vərəsələr arasında hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur və s.
Mülki hüquqda hadisələr də iki qrupa bölünür:
Mütləq və yaxud fors-major hadisələr;
Nisbi hadisələr.
Mütləq hadisələr elə hadisələrdir ki, onların yaranması və inkişafı insanın iradəvi fəaliyyəti ilə bilavasitə bağlı deyil. Məsələn, zəlzələ, vaxtın keçməsi və s.
Nisbi hüquqi hadisələr insanların fəaliyyəti nəticəsində yaranır, ancaq bu hərəkətdən asılı olmayaraq inkişaf edir. Məsələn, yanğın, insan ölümü, insanın doğulması və s.
Hərəkətlər insanların iradəvi hərəkətlərinin, yəni şüurlu fəaliyyətinin nəticəsi olan həyati faktlardır. Qanun isə onları müəyyən hüquqi nəticə ilə əlaqələndirir. Hüquqi faktların əksəriyyətini hərəkətlər təşkil edir. Hərəkətlər də öz növbəsində hüquqauyğun və hüquqazidd hərəkətlərə bölünür.
Hüquqauyğun hərəkətlər o hərəkətlərə deyilir ki, onlar hüquq normalarının (qanunun) tələbləri ilə üst-üstə düşür, heç bir halda qanuna zidd olmur. Qanun əsasında bağlanılmış bütün mülki-hüquqi əqdlər alqı-satqı, dəyişmə və s. müqavilələr belələrindəndir.
Hüquqauyğun hərəkətlər içərisində hüquqi aktlar və hüquqi əməllər mühüm yer tutur. Mülki hüquqda mülki hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və xitam edilməsinə yönəldilmiş hüquqi fəaliyyət hüquqi akt adlanır. Mülki hüquqi aktlar sistemində əsas yerlərdən birini əqdlər tutur. Hüquqi aktlara, həmçinin, səlahiyyətli dövlət orqanlarının fərdi aktları, ərizələr, şikayətlər, sazişlər və s. aiddir. Vətəndaşların və təşkilatların müəyyən hüquqi nəticələr əldə edilməsinə yönəldilmiş hüquqauyğun fəaliyyəti saziş adlanır. Sazişlərin əhatə dairəsi olduqca genişdir.
Hüquqi əməl mülki hüquq subyektinin elə hüquqauyğun hərəkətidir ki, burada hüquqi nəticə şəxsin arzusundan asılı olmayaraq baş verir. Hüquqi əməllərə elmi əsərin yaradılması, müəssisələrdə malların hazırlanması və s. misal ola bilər.
Mülki hüquqda bəzən hərəkətsizlik də, yəni qanunla nəzərdə tutulmuş müəyyən hərəkətləri etməmək də hüquqi nəticələrə səbəb olur. Məsələn, kreditorun vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etməməsi və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirməməsi və s.
Hüquqauyğun hərəkətlərdən fərqli olaraq, hüquqazidd hərəkətlər hüquq pozuntusuna səbəb olan hərəkətlərdir. Öhdəliklərin yerinə yetirilməməsi, başqasının mülkiyyətinə ziyan vurulması və s. hüquqazidd hərəkətlərə misal ola bilər. Hüquqazidd hərəkətlər hüququ pozan şəxs üçün xoşagəlməz hüquqi nəticələrə səbəb olur. Bu hərəkətlər hüquq normaları və cəmiyyətin mənafeyinə zidd olduqlarına görə mülki hüquqi məsuliyyət yaradır.