Mülki hüquq münasibətlərinin obyektləri. Mülki hüquq münasibətlərinin mühüm ünsürlərindən biri də bu münasibətlərin obyektləridir. Mülki hüquq münasibətlərinin obyektləri dedikdə, bu hüquq münasibətlərinin nəyə qarşı yönəldiyini başa düşmək lazımdır. Mülki hüquq subyektlərinin öz aralarında hüquq münasibətlərinə daxil olmalarına səbəb olan maddi və mənəvi nemətlər mülki hüquq münasibətlərinin obyektləri adlanır. Belə nemətlərin (obyektlərin) dairəsi olduqca geniş və müxtəlifdir. Mülki Məcəllənin 4-cü maddəsinə uyğun olaraq əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər.
Mülki hüquq münasibətlərinin obyektlərinə aşağıdakılar daxildir:
əşyalar;
yaradıcılıq fəaliyyətinin nəticələri;
işlər və xidmətlər;
qeyri-maddi nemətlər.
Mülki hüquq münasibətlərinin obyektləri içərisində əşyalar xüsusi yer tutur. Bu, mülki dövriyyədə onların daha çox yayılması və mülkiyyət hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olması ilə əlaqədardır.
Əşyalar insanlar arasındakı münasibətlərə görə müəyyən edilən zahiri maddi predmetlərdir. Mülki Məcəllənin 135.1-ci maddəsinə, əsasən yalnız fiziki obyektlər əşya sayılırlar. Əşyalar maddi və mənəvi mədəniyyətin predmeti kimi insan əməyinin məhsulu, yaxud da təbiətin özü tərəfindən yaradılmış və insanların öz həyat fəaliyyəti üçün istifadə etdiyi - torpaq, faydalı qazıntılar, bitkilər və s-dən ibarətdir. Mülki hüquq münasibətlərinin obyekti kimi əşyaların ən mühüm əlaməti insanların bu və ya digər tələbatlarının ödənilməsində özünü göstərir.
Hüquq ədəbiyyatlarında əşyalar öz təyinatına, iqtisadi xarakterinə və əlamətlərinə görə aşağıdakı kimi təsnifləşdirilir:
istehsal vasitələri və istehlak predmetləri;
daşınar və daşınmaz əşyalar;
dövriyyədən çıxarılmamış, dövriyyəsi məhdudlaşdırılmış və dövriyyədən çıxarılmış əşyalar;
istehlak edilən və istehlak edilməyən əşyalar;
fərdən və cinsən müəyyən edilən əşyalar;
bölünər və bölünməz əşyalar;
əsas və yardımçı əşyalar;
cüt və tək əşyalar;
bəhər, gəlir və məhsul.
Mülki hüquq ədəbiyyatlarında əşyaların canlı və cansız əşyalara bölünməsi qəbul edilsə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.3-cü maddəsində göstərilir ki, bitkilər və heyvanlar əşya deyildir. Onların hüquqi vəziyyəti xüsusi qanunlarla müəyyənləşdirilir. Əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara şamil edilir.
Ümumiyyətlə, əşyaların təsnifatı aparılarkən hər bir əşyanın özünəməxsus hüquqi vəziyyəti müəyyən olunur. Əşyaların hüquqi vəziyyəti dedikdə, mülki hüquq münasibətlərinin obyekti kimi əşyaların əldə olunmasını, onlardan istifadə edilməsini və onlar üzərində sərəncam verilməsini tənzim edən hüquq normalarının məcmusu başa düşülür.
Əşyaların xüsusi qrupunu pul və qiymətli kağızlar təşkil edir. Mülki hüquq münasibətlərinin obyekti kimi pulun əsas xüsusiyyəti onun ümumi əvəzedici olması və bu xüsusiyyətinə görə digər əşyalardan əhəmiyyətli dərəcədə fərqlənməsindən ibarətdir. Başqa sözlə, əgər qanun qadağan etmirsə, yaxud da kreditorun buna etirazı yoxdursa, istənilən əmlak borcunu praktiki olaraq pul ilə ödəmək olar.
Öz təbiətinə görə pullar cinsən müəyyən edilən, əvəz olunan və bölünər əşyalara aid edilir. Bunlar öz təbii xüsusiyyətlərinə və xüsusi mal dəyərinə görə yox, onda ifadə olunan pul məbləğinə görə digər cinsən müəyyən edilən əşyalardan fərqlənir.
Mülki dövriyyədə istifadə olunan materiallar içərisində qiymətli kağızlar da mühüm yer tutur. Qiymətli kağızlar özündə əmlak hüquqlarının vacib şərtlərini əks etdirən, müəyyən formada yerinə yetirilməsi ilə təsdiq edilən və yalnız təqdim olunması ilə həyata keçirilən qiymətli sənədlərə deyilir.
Mülki hüquqda qiymətli kağızların üç növü fərqləndirilir:
Təqdimedici (adsız) qiymətli kağızlar;
Adlı qiymətli kağızlar;
Orderli qiymətli kağızlar.
Təqdimedici qiymətli kağızlar dedikdə, təqdim olunması ilə icra edilən və orada göstərilmiş hüquqların konkret olaraq kimə məxsus olması qeyd edilməyən kağızlar başa düşülür. Onlara səhmlər, lotereya, adsız istiqrazlar, özəlləşdirmə çekləri və s. daxildir.
Adlı qiymətli kağızlar müəyyən şəxsin adına yazılmış qiymətli kağızlardır. Yəni kağızda adı qeyd olunan şəxsin özü və ya onun nümayəndəsi tərəfindən təqdim olunduqda orada göstərilən hüquqlar həyata keçirilə bilər. Adlı qiymətli kağızlara əmanət kitabçaları, adlı istiqrazlar və s. misal ola bilər.
Orderli qiymətli kağızlarda isə icranın kimin üçün yerinə yetirilməsi göstərilir. Bu qiymətli kağızlara veksellər, konosamentlər və s. aiddir.
Mülki hüquq münasibətlərinin böyük bir hissəsi yaradıcılıq fəaliyyətinin nəticələri - elm, ədəbiyyat, incəsənət əsərləri, kəşf, sənaye nümunələri və i.a. yaradılması və istifadəsi ilə əlaqədar əmələ gəlir. Yaradıcılıq fəaliyyətinin bu məhsulları əqli mülkiyyətin obyektini təşkil edir. Əqli mülkiyyət - bu, şərti ümumiləşdirilmiş anlayış olub, Azərbaycan da daxil olmaqla bir çox ölkələrin qanunvericiliklərində və beynəlxalq konvensiyalarda istifadə olunmaqla əqli, hər şeydən əvvəl yaradıcılıq fəaliyyətinin nəticələrinə olan xüsusi hüquqların məcmusunu ifadə edir.
Yaradıcılıq fəaliyyətinin nəticələri əşyalardan fərqli olaraq özündə qeyri-maddi nemətləri əks etdirir. Belə ki, elm, ədəbiyyat, incəsənət əsərləri - yeni ideyaların, obrazların, anlayışların məcmusu; ixtira, faydalı nümunə və səmərələşdirmə təklifləri - məsələlərin texniki həlli; sənaye nümunələri - məmulatların xarici görünüşlərinin bədii-konstruktor həllini və s. əks etdirir. Onlar mülki hüquq münasibətlərinin obyekti onda ola bilərlər ki, digər şəxslərin onları mənimsəmələrini təmin edən hər hansı bir obyektiv formada ifadə olunsunlar. Belə ki, ədəbiyyat əsərləri əlyazma şəklində mövcud ola bilər, maqnit lentinə yazıla bilər və i.a; ixtira çertyojlar, sxemlər formasında ifadə oluna bilər və i.a.
Yaradıcılıq nəticəsinin maddi daşıyıcıları (əlyazma, maqnit lentinə yazılma, çertyoj və i.a.) əşyalar kimi digər şəxslərin mülkiyyətinə verilə bilər, sərf oluna bilər və i.a. Yaradıcılıq fəaliyyətinin həmin nəticələri qeyri-maddi nemətlər olmaqla onun müəlliflərinin razılığına əsasən digər şəxslər tərəfindən ancaq müəllifliyi saxlanılmaqla istifadə oluna bilər (qanunda nəzərdə tutulan hallar istisna olmaqla).
Mülki hüquq münasibətlərinin obyektinə yaradıcılıq fəaliyyətinin nəticələri ilə yanaşı, digər fəaliyyətlərin nəticələri də daxildir. Belə ki, podrat müqaviləsinin predmetini podratçının sifarişçi üçün yerinə yetirdiyi işin nəticələri təşkil edir. Podrat müqaviləsində və podrat tipli digər müqavilələrdə nəticə maddi forma alır, yəni yaradılmış, təmir olunmuş, hazırlanmış əşyalarda maddiləşdirilir. Bu nəticə həmin fəaliyyətlərdən ayrılmaqla mülki hüquq münasibətlərinin müstəqil obyekti hesab oluna bilər.
Mülki hüquq münasibətlərinin xüsusi qrupunu qeyri-maddi nemətlər təşkil edir. Qeyri- maddi nemətlər dedikdə, qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan və mühafizə edilən, şəxsiyyətdən ayrılması qeyri-mümkün olan və iqtisadi məzmuna malik olmayan nemət və azadlıqlar başa düşülür. Onlara həyat və sağlamlıq, şərəf və ləyaqət, şəxsi toxunulmazlıq, işgüzar nüfuz, şəxsi və ailə sirri, ad, müəlliflik hüququ və s. qeyri-maddi nemətlər daxildir.