Əqdlərin formaları. Əqd bağlanarkən iradənin ifadə üsulu əqdin forması adlanır. Əqdin etibarlı olması üçün qanunvericiliklə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Belə forma müəyyənləşdirilməyibsə, tərəflər onu özləri müəyyənləşdirə bilərlər. Əqdlər şifahi və ya yazılı formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
Mülki Məcəllənin 330-cu maddəsinə əsasən, bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yazılı forması müəyyənləşdirilməmiş əqd şifahi bağlana bilər. Əgər tərəflərin razılaşmasında ayrı qayda müəyyənləşdirilməyibsə, bağlanarkən icra edilən bütün əqdlər şifahi bağlana bilər, amma notarial forması müəyyənləşdirilmiş əqdlər və sadə yazılı formasına riayət edilməməsi etibarsızlığına səbəb olan əqdlər istisna təşkil edir.
Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
Yazılı formada əqdin bağlanmasının aşağıdakı müsbət cəhətləri vardır:
Yazılı formada bağlanması şifahiyə nisbətən əqdin məzmununu daha geniş açır;
Mülki dövriyyənin işirakçılarına öz iradələrini dəqiq ifadə etməyə və müqaviləni dəqiq yerinə yetirməyə imkan verir;
Əqddən irəli gələn öhdəliklərin tərəflərdən birinin yerinə yetirməməsi hallarını aradan qaldırmaq üçün məhkəmənin işini yüngülləşdirir.
Yazılı əqdlər də iki cür olur: sadə əqdlər və notarial qaydasında təsdiq edilməli olan əqdlər. Sadə yazılı formada bağlanan əqdlərdə müqavilə üçün lazım olan bütün rekvizitlər – tərəflərin adları, əqdin məzmunu, iştirakçıların imzaları göstərilməlidir. Bu cür əqdlərin etibarlı olması üçün əqddə iştirak edən şəxslərin mütləq imzaları olmalıdır. Əgər fiziki şəxs bədən qüsuruna, xəstəliyinə və ya savadsızlığına görə əqdi özü imzalaya bilmirsə, əqdi onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Başqa fiziki şəxsin imzası əqdi bağlayanın özünün imza edə bilməməsinin səbəbləri göstərilməklə, notarius tərəfindən və ya bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxs tərəfindən təsdiqlənməlidir.
Elə dövlət hüquqi şəxsləri var ki, onların bağladığı əqdlər iki imza ilə - müdirin (direktorun, rəisin və s.) və baş mühasibin imzası ilə təsdiq olunmalıdır. Məktub və ya teleqramlarla mübadilə, sifarişin qəbul olunmasının təsdiq edilməsi də sadə yazılı əqdlərə aiddir.
Əqdin sadə yazılı formasına riayət edilməməsi mübahisə halında əqdi və onun şərtlərini təsdiq etmək üçün tərəfləri şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, lakin yazılı və digər sübutlar təqdim etmək hüququndan məhrum etmir. Qanunvericiliklə müəyyən edilmiş hallarda əqdin sadə yazılı formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur.
Notarial formanın sadə yazılı formadan fərqi ondan ibarətdir ki, əqdin notariat qaydasında təsdiqlənməsi yazılı sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
Mülki Məcəllənin 334.3-cü maddəsinə əsasən, əqdlərin notariat qaydasında təsdiqlənməsi aşağıdakı hallarda məcburidir:
bu Məcəllədə göstərilmiş hallarda;
bu Məcəllə ilə həmin növlü əqdlər üçün bu forma nəzərdə tutulmuş olmasa da, tərəflərdən hər hansı birinin tələbi ilə.
Hər şeydən əvvəl yaşayış evinin və s. daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən, vəsiyyətnamə tərtib edilərkən bu qaydalara riayət olunmalıdır.
Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır.
Bir sıra hallarda yazılı formaya riayət etməkdən başqa, həm də əqdin müəyyən dövlət orqanında qeydiyyata alınması tələb olunur. Qeydiyyatdankeçmə başlıca olaraq əqdin məzmununun qanuniliyini yoxlamaq, həmçinin, əqddən əmələ gələn hüquqların qeydiyyata alınması məqsədi daşıyır. Əqddən irəli gələn hüquqların dövlət qeydiyyatına alınması tələbinə riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır.
Əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır (Mülki Məcəllənin 336.2-ci maddəsi).