Hüquqidövlət. Ölkəmizdə həyata keçirilən konstitusion islahatların məqsədi demokratik dəyərlərin təsbit olunması və gerçəkləşdirilməsi mexanizmlərinin işlənib hazırlanmasıdır.
Hüquqi dövlət anlayışı özündə konstitusion demokratik dövlət anlayışında mövcud olan əlamətləri birləşdirir. Lakin hüquqi dövlətin spesifik əlamətlərinin üzərində dayansaq hüquqi dövlət haqqında daha geniş, aydın təsəvvür yaratmış olarıq.
Bu prinsiplər əsasən, aşağıdakılardır:
Hüququn aliliyi prinsipi;
Hakimiyyətin bölgüsü prinsipi;
Hamının qanun qarşısında bərabərliyi;
Hüquq və azadlıqların üstünlüyü prinsipi;
İnsan və vətəndaşın hüquq və azadlıqlarının real təminatı prinsipi.
Qarşılıqlı məsuliyyət, yəni şəxsin dövlət və dövlətin şəxs qarşısında məsuliyyəti;
Məhkəmə hakimiyyətinin müstəqilliyi prinsipi.
Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunan - «Azərbaycan hüquqi dövlətdir» formulasına belə dövlət quruculuğunun başlıca məqsədi, vəzifəsi və istiqaməti kimi baxmaq lazımdır.
Hüququn aliliyi prinsipi hüquqi dövlətin ən mühüm prinsipidir. Bu prinsip öz təzahürünü hər şeydən əvvəl qanunun aliliyində tapır. Başqa sözlə, ictimai həyatın bütün sferalarına aid olan əsas ictimai münasibətlər qanunqüvvəli aktlarla deyil, yalnız qanunla nizama salınmalıdır. Ölkəmizdə Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan qanundur. Konstitusiya təkcə qanunvericilik sisteminin yox, eyni zamanda hüquq sisteminin əsasını təşkil edir. Digər tərəfdən Konstitusiya - dövlətin bütün ərazisində birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsində Konstitusiyanın əsas qanun kimi bir sıra özünəməxsus əlamətləri təsbit edilmişdir.
«I. Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir.
Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir.
Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır».
Hüquqi dövlətin növbəti prinsipləri - hər kəsin qanun qarşısında bərabərliyi və insan və vətəndaşların hüquq və azadlıqlarının üstünlüyü konstitusion quruluşun humanist əsası kimi qəbul edilir.
Hüquqi dövlətdə dövlət, insan və vətəndaşların təbii hüquq və azadlıqlarının Konstitusiyada təsbit edilməsi ilə yanaşı, bu hüquq və azadlıqların realizə edilməsi təminatlarını, həmçinin onların müdafiə edilməsi vəzifəsini daşıyır.
Azərbaycan dövlətinin mahiyyətini təşkil edən xarakterik cəhətlərdən biri də onun sosiallığıdır, yəni sosial dövlət olmasıdır. Azərbaycan Respublikasının sosial dövlət kimi siyasətinin əsas istiqamətini insanın azad inkişafı və onun ləyaqətli həyatının təmin edilməsi şərtləri təşkil edir. bu da Konstitusiyanın I və II bölmələrində təsbit edilmişdir. Konstitusiyaya əsasən insanların sağlamlığı və əməyin müdafiəsi; əmək haqqının təminatlı minimum məbləğdə müəyyən edilməsi; ailələrin, analığın, atalığın və uşaqların, əlil və yaşlı vətəndaşların dövlət tərəfindən himayə edilməsinin təmin edilməsi; dövlət təqaüdlərinin, yardımların və sosial müdafiənin digər təminatlarının müəyyən edilməsi və s. hüquqi dövlətin əsas prinsiplərini təşkil edir.