Vandal – Alan krallığı
“Xalqların böyük köçü”ndə iştirak edən barbar tayfalarından biri də vandallardır. Şərqi alman tayfalarından olan vandallar əvvəllər Skandinaviyada yaşayırdılar. Burdan onlar Baltik dənizinin cənub sahillərinə köçmüş, sonra isə Dunaya qədər yayılmışdılar. Vandallar eramızın 2-ci əsrində Roma imperiyasına qarşı Markoman müharibəsində iştirak etmiş, 3-4-cü əsrlərdə isə Pannoniyada Roma dövlətinin müttəfiqi kimi məskən salmışdılar. Burda onlar, Don sahillərində hunlara məğlub olduqdan sonra Pannoniyaya doğru çəkilmiş irandilli alanların bir hissəsi ilə birləşdilər. Lakin vandallar və alanlar Pannoniyada möhkəmlənə bilmədilər. Çünki onları bu zaman hunlar tərəfindən təqib olunan qotlar sıxışdırdılar. Bundan sonra vandallar və alanlar Qalliyaya, ordan da İspaniyaya (409) keçdilər. Vestqotlarla toqquşmalar vandallara burda da möhkəmlənməyə imkan vermədi. Onlar 429-cu ildə alanlarla birlikdə Şimali Afrikaya keçdilər. Bu zaman donatistlər və aqonistiklər hərəkatı nəticəsində Şimali Afrikada Roma hakimiyyəti zəifləmişdi. Beləliklə, vandallara və alanlara Roma imperiyasının Şimali Afrikadakı torpaqlarını işğal etmək üçün əlverişli şərait yaranmışdı. Roma quldar dövlətinin zülmündən təngə gəlmiş istismar olunan əhali (qullar, kolonlar və.s.) barbarların tərəfinə keçirdilər. Bundan istifadə edərək Afrikanın şimalında çoxlu torpaqlar ələ keçirən vandallar və alanlar 439-cu ildə burda – Roma imperiyasının torpaqlarında paytaxtı Karfagen olan dövlət yaratdılar. Çox keçmədən vandal kralı Qeyzerix (428-477) Balear adalarını, Korsika, Sardiniya və Siciliyanı da aldı. 455-ci ildə isə Qeyzerixin başçılıq etdiyi vandallar Romanı alıb dağıtdılar. Vandal krallığı 534-cü ilədək yaşadı. Bu barbar dövlətini Şərqi Roma (Bizans) imperatoru Yustinianın qoşunları aradan qaldırdı. Şimali Afrika Bizansa birləşdirildi.
Vandal-alan krallığı dövründə Şimali Afrikada feodalizmin inkişafına əlverişli şərait yarandı. Roma dövründən qalmış quldarlıq münasibətlərinin qalıqlarına ağır zərbə dəydi.
Dostları ilə paylaş: |