Barbar istilalarının nəticələri
Barbar istilaları ilə Avropanın tarixi inkişafında dönüş yarandı. Hər şeydən əvvəl “Xalqların böyük köçü” zamanı qədim dünyanın ən böyük dövlətlərindən olan Qərbi Roma imperiyası dağıldı.
Qərbi Roma imperiyasının süqutu nəticəsində həm bu dövlətin ərazisində, həm də Avropanın başqa yerlərində quldarlığa nisbətən daha mütərəqqi cəmiyyətin – feodalizmin inkişafı üçün əlverişli şərait yarandı. Çünki, Qərbi Roma imperiyası quldar dövləti olmaqla feodalizmə keçid yolunda başlıca maneə idi.
Qərbi Roma imperiyası ərazisində, habelə Avropanın başqa yerlərində yaranmış barbar krallıqlarında feodal istehsal üsulunun inkişafı üçün daha əlverişli şərait vardı. Bu dövlətlərdə əsas istehsalçılar qullar deyil, ictimai-iqtisadi həyatda mühüm rol oynayan azad icma üzvləri idi. Barbar kralıqlarında nəsli quruluş tədricən dağılır, onu getdikcə feodalizm cəmiyyəti əvəz edirdi. Bu mənada Qərbi Roma imperiyasının dağılması və onun yerində barbar krallıqlarının yaranması Avropa tarixində ictimai-iqtisadi dönüş idi. Çünki, bunun nəticəsində Roma quldarlıq cəmiyyəti və qədim almanlardakı nəsli quruluş feodal istehsal üsulu ilə əvəz olundu.
Barbar işğalları Avropanın siyasi tarixində də dönüş yaratdı. Başqa sözlə, geniş ərazili Qərbi Roma imperiyasının ərazisində çoxlu yeni dövlətlər - barbar krallıqları yarandı. Bu krallıqlar Avropanın sonrakı iri dövlətlərinin rüşeymləri idi.
Barbar krallıqlarının sərhədləri içərisində müxtəlif Avropa xalqları təşəkkül tapırdı. Bu baxımdan barbar işğalları Avropanın etnik tarixində də mühüm rol oynamışdır.
Dostları ilə paylaş: |