Mövzu 2 Strategiyanın hazırlanması prosesi və maragların təsiri


Firmaların həyat tsiklinin mərhələlərindən asılı olaraq onların bazar davranışları və strategiyaları



Yüklə 1,01 Mb.
səhifə7/8
tarix31.12.2021
ölçüsü1,01 Mb.
#112542
1   2   3   4   5   6   7   8
Mövzu 2

Firmaların həyat tsiklinin mərhələlərindən asılı olaraq onların bazar davranışları və strategiyaları kəskin şəkildə fərqlənir.

Yeni yaranmış firmaların əksəriyyətinin davranışları, bir qayda olaraq, “boz siçanlar”ı xatırladır: bunlar sahədə yeni və kiçik olduqlarından, kifayət qədər rəqabət gücünə və səriştələrə malik olmadıqlarından, daima ehtiyatlı davranır, rəqiblərlə sərt mübarizəyə girməkdən çəkinir, bazarın “boş yerləri”ni tutmağa üstünlük verirlər. Belə firmaların istifadə etdikləri avadanlıqlar məhsuldarlığına görə əksər hallarda iri firmalardakından geri qalır. Bunlar adətən “kommutant firmalar” adlandırılır (“commutant” – “dəyişən”, “dəyişkən” mənasında işlənir). Bu tip firmalar ehtiyatlı davranışlar sərgiləyərək mənfəətli işləməkdə davam edir, iş və rəqabət təcrübəsi toplayır, bazarını getdikcə böyüdür, mənfəəti artdıqca müəssisəyə daha məhsuldar avadanlıq cəlb etməklə böyüyür və inkişaf edirlər. əgər bu tip firmaların fəaliyyət göstərdikləri sahələr yeni inkişaf edən sahələr olarsa, belə böyümə və inkişaf bir qədər daha sürətlə gedə bilər. Lakin, formalaşmış və rəqabətin sərt olduğu sahələrdə bu tip firmaların böyüməsi daha çox zaman və enerji tələb edir, çünki rəqiblər heç də onların böyüməsində maraqlı deyil və hər çür bunun qarşısını almağa meyllidirlər.

Həm də nəzərə almaq lazımdır ki, firmaların miqyasca böyüməsi buna uyğun olaraq idarəetmənin də kəmiyyət və keyfiyyətcə dəyişilməsini zəruri edir.

Kəskin rəqabət şəraitində böyüməkdə olan firmalar “hiyləgər tülkülər”in davranışlarına bənzər addımlardan geniş faydalanırlar. Belə firmalarda ixtisaslaşma getdikcə dərinləşir, elə səriştələr formalaşır ki, bu sahədə o, rəqiblərini üstələyir və bu onlara rəqabət üstünlükləri verir. Bunlar “patiyent firmalar” adlandırılır (“patient” ingiliscədən “dözümlü” mənasındadır). Patient müəssisələr biznesin inkişafında təmərküzləşdirici artım strategiyalarına üstünlük verirlər.

Belə firmalar əldə etdikləri səriştələr və “nou-hau”lar hesabına getdikcə daha da inkişaf edir, bazarlarını genişləndirməyə başlayır: tədricən ölkənin bütün regionlarını əhatə edir, hətta xarici bazarlara çıxır və oralarda möhkəmlənməyə başlayır. Bu mərhələdə müəssisələr kütləvi istehsal sferasına daxil olmalıdır ki, böyüməni davam etdirə bilsin. Kütləvi istehsal mərhələsinə keçid firmanın risklərini və buna uyğun olaraq məsuliyyətini daha da artırır. Belə firmalar getdikcə şəbəkələşir, dünyaya yayılır və beynəlxalq səviyyədə nəhəng şirkətlərə çevrilir. Bu mərhələdə firmanın rəqabət davranışlarında hücum strategiyalarına üstünlük verirlər və özlərini “məğrur aslanlar” kimi aparırlar. Bunlar “violent firmalar” adlandırılır (“violent” sözü ingiliscədən “güclü” mənasını verir).

Müəyyən tip firmalar da var ki, onlar yarandıqdan az sonra nəhəngləşə bilirlər – bunlar adətən tamamilə yeni məhsullarla bazara çıxan yaxud ənənəvi məhsulu texnoloji cəhətdən daha yeni üsullarla istehsal edərək yüksək risk nümayiş etdirən firmalar olur. Adətən yeni sahələrin yaranmasının əsasını qoyduqları üçün bunlar “eksplerent firmalar” yaxud “ilk qaranquşlar” adlandırılır. Bu firmalar ciddi rəqabətlə üzləşmədiklərindən az bir zamanda şəbəkələşə və nəhəngləşə, nəticədə “violent firmalar”a çevrilə bilirlər.

Violent müəssisələr biznesin inkişafının etalon strategiyalarından integrallaşdırılmış artım strategiyalarına və diversifikasiyalı artım strategiyalarına üstünlük verirlər. Firmaların bundan sonrakı böyüməsi və inkişafı “məğrur aslanlar”ı tədricən “qüdrətli fillər”ə çevirir. “Qüdrətli fillər”in bazar vəziyyəti çox sabit olur: firma bu durumda onilliklərlə, hətta yüzillərlə qala bilər. Bu isə firmadan davamlı olaraq bazar dəyişikliklərinə zamanında uyğunlaşmasını tələb edir.

Firma müxtəlif bölmələri özünə birləşdirməkdə davam etdikcə, bölmələrinin sayını artırdıqca, idarəetməni mürəkkəbləşdirdikcə xərclər artır, qərar qəbulu prosesi mürəkkəbləşir və qərar qəbulu müddətləri uzanır, effektivlik aşağı düşür və s. Əgər belə firmalar xarici mühitdə, xüsusilə bazarlarda baş verən dəyişiklikləri vaxtında nəzərə ala bilməzsə, onda onun nəhəng miqyasları sonrakı mərhələdə çevik qərar qəbulunu və sürətli dəyişiklikləri mümkünsüz edir – bu halda firmanın hərəkətləri “astagəl begemotlar”ın davranışına uyğunlaşır. Çevik qərarların qəbulu əvəzinə firma çox ləng qərarlar verir, hərəkətlər edir ki, nəticədə onun xərcləri artır, gəlirləri azalır, zərərlər sürətlə artır. Firma ayrı-ayrı bölmələrindən, çoxsaylı işçilərindən azad olmağa başlayır. “Astagəl begemotlar” vəziyyətində olan firmalar biznesin sonrakı inkişafının təmin edilməsi üçün ixtisaretmə strategiyalarından faydalanırlar.

Firmanın həyat tsiklinin müxtəlif mərhələlərinə uyğun bazar davranışı tiplərinə aiddir:

a) kommutant müəssisələr - bazara ənənəvi məhsul və xidmətlərlə yeni daxil olan müəssisələrdir.

b) patient müəssisələr - bazarın müəyyən segmentini tutan və bazar payını böyütməyə cəhd göstərən dərin ixtisaslaşmış müəssisələrdir.

c) eksplerent müəssisələr - innovativ məhsul və xidmətlərlə bazara yeni daxil olan müəssisələrdir.

d) violent müəssisələr - bazar rəqabətindən çəkinməyən, rəqabətə dözümlü və kütləvi istehsalla məşğul olan dərin ixtisaslaşmaya malik fimalardır.


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin