fövqəmilli nizamasalma metodu – Avropa İttifaqının özü dövlətdən üstün qurumdur. Üzv dövlətlər Avropa İttifaqının aktlarını məcburi olaraq yerinə yetirməlidirlər.
subsidiar mizamasalma metodu – birgə səlahiyyətlərə aid edilmiş məsələləri yaranmış konkret şəraitdən asılı olaraq həm Avropa İttifaqı, həm də üzv dövlətlər icra edə bilər. Əgər məsələ üzv dövlətlərin milli qanunvericiliyi ilə lazımi səviyyədə tənzimlənməzsə, Avropa İttifaqı subsidiar nizamasalma metodundan istifadə edərək həmin məsələni həll edir.
müqavilə nizamasalma metodu – Avropa İttifaqı bu metoddan istifadə edərək üçüncü dövlətlərlə, beynəlxalq təşkilatlarla beynəlxalq müqavilələr bağlayır.
Avropa hüququnun qüvvəsinin 4 növü vardır:
Predmetə görə qüvvə - Avropa hüququnun yalnız öz nizamasalma predmetinə daxil olan ictimai münasibətlərə görə hüquqi qüvvəsi vardır.
Zamana görə qüvvə - Avropa hüquq normalarını əks etdirən normativ hüquqi aktlar müəyyən müddət ərzində qüvvədə olur və tətbiq edilir.
Məkana görə qüvvə - Avropa hüquq normalarının yalnız Avropa İttifaqı ərazisində qüvvəsi vardır. Avropa İttifaqının ərazisi üzv dövlətlərin milli ərazilərinin məcmusudur. Bəzən ümumi qaydadan istisnaya yol verilir. Belə ki, Avropa hüquq normaları Avropa İttifaqının üzvü olmayan, lakin Şengen zonasının iştirakçısı olan dövlətlərin ərazilərinə şamil olunur.
Subyektə görə qüvvə - Avropa hüququ onunla tənzimlənən münasibətlərin iştirakçılarına görə hüquqi qüvvəyə malikdir. Avropa hüququnun subyektlərinə Avropa İttifaqı, üzv dövlətlər, Avropa İttifaqının orqanları, üzv dövlətlərin fiziki və hüquqi şəxsləri aiddir.
Ümumiyyətlə, Avropa hüquq subyektliyi dedikdə, Avropa hüquq normaları ilə tənzimlənən ictimai münasibətlərin iştirakçısı olmaq qabiliyyəti (imkanı) başa düşülür. Hansı qurum və ya şəxs belə imkana malik olarsa, o, Avropa hüququnun subyekti sayılır. Avropa hüquq subyektliyi 3 elementdən ibarətdir:
Avropa hüquq qabiliyyəti – Avropa hüquq subyektlərinin hüquqlara malik olmaq, hüquqi vəzifələr daşımaq qabiliyyəti;
Avropa fəaliyyət qabiliyyəti – Avropa hüquq subyektlərinin öz hərəkətləri ilə hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün hüquqi vəzifələr yaratmaq və icra etmək qabiliyyəti;
Avropa delikt qabiliyyəti – Avropa hüquq subyektləri tərəfindən yol verilən hüquq pozuntusuna görə onların məsuliyyət daşımaq qabiliyyəti.