Mövzu 1. CƏMİYYƏTİN İNKİŞAFINDA ELMİN ROLU.
ELMİ FƏALİYYƏTİN METODOLOGİYASI HAQQINDA ANLAYIŞ
Elm anlayışı, elmi biliklərin əldə olunması ilə bağlı olan yaradıcılıq fəaliyyətini əhatə edən: insan, idarə və təşkilatlar, cihaz və avadanlıqlar, elmi-tədqiqat işləri kimi təşkiledicilərdən ibarətdir.
Elmlə məşğul olan insanın əsas məqsədi bir tərəfdən obyektiv bilikləri əldə etməkdən, digər tərəfdən onları nəzəri cəhətdən sistemləşdirməkdən ibarətdir.
Tarixi inkişafın gedişində elm cəmiyyətin istehsal gücünə çevirilərək, texniki proqresin əsas sütununu təşkil edir. Müasir texniki tərəqqi əsrində insanlar öz həyatlarında elmin rolunu və dəyərini daha aydın anlayırlar. Çağdaş cəmiyyətdə biliklərin mövcud sahələrində elmi-tədqiqat işlərinin aparılmasına, ətraf mühit haqqında daha çox məlumatın əldə edilməsinə, maddi rifahın yüksəldiməsinə xidmət edən yeni texnologiyaların yaradılmasına daha çox fikir verilir.
Avropada elmin vətəni Qədim Yunanıstan sayılır. Orada insanlar ilk dəfə olaraq ətraf mühitin heç də onların hiss edərək anladıqları kimi olmadığı qənaətinə gəliblər. Yunanlar ilk dəfə olaraq təbiət hadisələrinin öyrənilməsində “hiss etməklə öyrənməkdən” abstrak biliklərə keçərək ətrafda baş verən əsas faktların qanunauyğunluqlarını öyrənməyə cəhd etmişlər.
Orta əsrlərdə elm teologiyanın təsiri altına düşür və onun inkişafı ləngiyir. Sonralar N.Kopernikin, Q.Qalileyin, C.Brunonun etdikləri kəşflər sayəsində elm yenidən təkamül alaraq insanların gündəlik həyatında önəmli rol oynamağa başlayır. XVII əsrdən başlayaraq Avropada elm bir ictimai qurum kimi formalaşır: elmi cəmiyyətlər və akademiyalar yaranır, elmi dərgilər çap olunur, “alim” anlayışı geniş yayılır.
XIX-XX əsrdə elmin yeni təşkil forması meydana gəlir: elmi laboratoriyalar, institutlar və mərkəzlər bilavasitə elmi problemlərin araşdırılması ilə məşğul olurlar. Bu dövrdən başlayaraq elm istehsalın inkişafına önəmli təsir edir, onun mənəvi dayağına çevrilir [1].
Müasir elm bir neçə yüzilliklər öncə mövcud olandan kəskin fərqlənir. Daimi tərəqqi nəticəsində onun cəmiyyətlə qarşılıqlı əlaqəsi inkişaf edərək tam yeni müstəviyə qədəm qoymuşdur. Müasir elmə konseptual nöqteyi-nəzərdən həm bilik, həm fəaliyyət, həm də bir sosial qurum kimi baxılır. Bilik onun özünəməxsus “substansiyası” (mahiyyəti) rolunu oynadığı halda, sosial qurum elm adamlarının birləşdirilməsi və onların birgə fəaliyyətinin təşkilinə xidmət edir.
Bu qurumlar daxilində çalışan elm adamları maddi istehsal və mənəvi fəaliyyətdən fərqli olaraq bilik istehsalı ilə səciyyələnən yaradıcılığın xüsusi forması ilə məşğul olurlar. Maddi istehsalda bilik ideal vasitə kimi tətbiq edildiyi halda, elmi fəaliyyətdə ona əsas tədqiqat mənbəyi kimi baxılır. Nəticələri əvvəlcədən məlum olan işlərdən fərqli olaraq, elmi fəaliyyətin son nəticəsini qabaqcadan dəyərləndirmək mümkün deyil, çünki bu nəticələr özü-özlüyündə yenidirlər. Buna görə də, elmə həmişə digər fəaliyyət sahələrində inqilaba təkan verici bir qüvvə kimi baxılır. Elmi fəaliyyət sistemli xarakter daşıyır. O, yalnız biliyi əldə edib, onu müxtəlif üsullarla qeyd etmir, həmçinin onu mövcud hipotez (fərziyyə), qanun və nəzəriyyələrin köməyi ilə izah edir.
Dostları ilə paylaş: |