Mövzu 14. Tərəvəz və bostan bitkilərinin zərərvericiləri
və onlarla mübarizə tədbirləri
İsmayıl-zadə N.N.
Məmmədov V.Ə.
PLAN:
-
Kələm mənənəsi və bəzəkdi kələm bağacığının morfoloji quruluşu, bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.
-
Kələm ağ kəpənəyi, kələm güvəsi, kələm sovkası və turp ağ kəpənəyinin morfoloji quruluşu və bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.
-
Birəciklər və kələm gövdə gizli xortumlusunun morfoloji quruluşu, bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.
-
Kələm milçəyi və soğan milçəyinin morfoloji quruluşu, bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.
-
Bostan mənənsi və yemiş milçəyinin morfoloji quruluşu, bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.
ƏDƏBİYYAT
-
Məmmədova S.R., Xəlilov B.B. – Kənd təsərrüfatı entomologiyası. Baki, 1986
-
Xəlilov B.B., Quliyev Ç.S. – Azərbaycanda bostan bitkilərinin zərərvericiləri və onlarla mübarizə tədbirləri. Gəncə, 1990
-
Alaoglu Ö., Boyraz N. - Bitki koruma. Selçuk Üniversitesi, Ziraat
Guncan A.,BAştaş K.K. fakültəsi, Bitki koruma bölümü, 2014, 265 s.
-
Горбацов И.В., Грилченко В.В., Захваткин Ю.А. Зашита растений отвредителей Москва, 2002, 472с
GƏNCƏ - 2017
Mövzu 14. Tərəvəz və bostan bitkilərinin zərərvericiləri
və onlarla mübarizə tədbirləri
Tərəvəz və bostan bitkilərinə bir sıra polifaq (müxtəlif bitkilərlə qidalanan) zərərvericiləri zərər vurur. Onlardan düzqanadlılar dəstəsinin bütün nümayəndələri (çəyirtkələr, şalalar, sisəklər, danadişi), lövhəbığ böcəklərin sürfələri, məftil qurdu, sovkalar və s. göstərmək olar.
Bunlarla yanaşı tərəvəz və bostan bitkilərinə zərər verən bir sıra xüsusiyyətlənmiş zərərvericilər mövcuddur. Bunlar aşağıdakılardan ibarətdir.
Kələm mənənəsi (Brevicoryne lrassicae L.) – Bərabərqanadlılar dəstəsi (Homoptera), mənənələr fəsiləsinin (Aphididae) nümayəndəsidir.
Yetkin fərdin bədəni yumurtavaridir, üzəri mumabənzər örtüklə örtülüb. Uzunluğu 1,9-2,3 mm-dir. Yumurtası ovalvaridir, qara rənglidir, uzunluğu 0,5 mm-dir.
Zərərverici yetkin, sürfə və yumurta fazasında yabanı xaççiçəkli bitkilər üzərində qışlayır.
Qışlamadan çıxan fərd əvvəlcə yabanı xaççiçəkli bitkilərlə qidalanır və sonra isə kələm bitkisi üzərinə keçir.
Bir dişi fərd 40-a qədər diri sürfə doğur. Bir nəslin inkişafı 10-15 gündə başa çatır. Bakirə yolla çoxalır. İl ərzində 16-ya qədər nəsil verir.
Mübarizə tədbirləri.
1. Bitkinin inkişafını sürətləndirmək üçün mütərəqqi aqrotexniki tədbirlər həyata keçirilməlidir.
2. Müntəzəm olaraq yabanı xaççiçəkli bitkilər məhv edilməlidir.
3. Zərərvericinin məhv edilməsində xeyirli yırtıcı həşəratlardan 7 və 2 nöqtəli parabüzən və qızılgözün böyük rolu vardır.
4. Kimyəvi mübarizədə 2,5%-li desis (0,4-0,5 l/ha, Sumi-alpha (0,3-0,4 l/ha), Lannate (35-50 ml/10 lt), Avaunt (50-100 ml/10lt) s. preparatlarla çiləmə aparılması məsləhət bilinir.
Bəzəkli kələm bağacığı (Eurydema ventralis Rol.) – Yarımsərt qanadlılar dəstəsi (Hemiptera), qalxanlılar fəsiləsinin (Pentatomidae) nümayəndəsidir.
Yetkin fərdin ön kürəkciyi qırmızı olmaqla, üzərində 6 qara ləkə vardır. Uzunluğu 9-10 mm-dir.
Yumurtası çəlləkşəkillidir, böyüklüyü 1 mm-dir. Sürfəsi qırmızıdır, yetkin fərdə oxşayır.
Zərərverici yetkin halda bağda, meşədə xəzəllərin, otların və bitki qalıqlarının altında qışlayır. Erkən yazda yetkin fərdlər qışlamadan çıxıb, əvvəlcə yabanı xaççiçəkli və sonra kələm bitkisi ilə qidalanırlar.
Erkək və dişi fərdlər cütləşdikdən sonra dişi fərdin yumurtası mayalanır və dişi fərdlər yarpaq üzərinə iki cərgədə 12 ədəd olmaqla yumurta qoyur. Qoyulmuş yumurtalardan 10-12 gündən sonra sürfələr çıxır. Sürfələr 4-5 dəfə qabıq dəyişmədən sonra yetkin fərdə çevrilirlər.
Yetkin fərdlər, eləcə də sürfələr kələm bitkisinin yarpaqları ilə qidalanaraq dairəvi zədələr əmələ gətirir ki, bu da baş bağlamaya mənfi təsir göstərir.
Bir nəslin inkişafı 25-30 gündə tamamlanır. İldə 2 nəsil verir.
Mübarizə tədbirləri.
1. Yabanı xaççiçəklilər məhv edilməlidir. Şitillər erkən əkilməli və digər aqrotexniki tədbirlər həyata keçirilməlidir.
2. Əkin sahəsinə yaxın bağlarda və meşə qoruyucu sahələrdə olan xəzəllər toplanıb yandırılmalıdır.
3. Kimyəvi mübarizədə 2,5%-li desis (0,4-0,5 l/ha, Sumi-alpha (0,3-0,4 l/ha), Lannate (35-50 ml/10 lt), Avaunt (50-100 ml/10lt) s. preparatlarla çiləmə aparılması məsləhət bilinir.
Kələm ağ kəpənəyi (Pieris brassicae L.) – Pulcuqqanadlılar dəstəsi (Lepidoptera) ağ kəpənəklər (Pieridae) fəsiləsinin nümayəndəsidir.
Yetkin kəpənək ağ rəngdədir, ön qanadı üzərində uc hissədə qara ləkə vardır. Qanadları açılan halda uzunluğu 55-60 mm-dir.
Yumurtası sarı rəngdə olub, uzunsovdur. Uzunluğu 1,25 mm-dir.
Tırtılın bədəni üst tərəfdən yaşıl və alt tərəfdən sarıdır, üzərində qara nöqtələr vardır. 3 cüt döş ayağı və 5 cüt qarıncıq ayaqlarına malikdir. Yaxırıncı yaşda uzunluğu 40 mm-ə çatır.
Zərərvericinin pupları qışlayır. Aprel ayının əvvəllərində qışlamış puplardan çıxan kəpənəklər bir müddət alaq otlarının və mədəni bitkilərin çiçəklərinin nektar şirəsi ilə qidalanır və bir müddətdən sonra dişi fərdin yumurtalığında olan yumurtalar yetişir və erkək-dişi fərdlər cütləşir, mayalanma prosesi gedir. Bundan sonra dişi fərdlər kələm bitkisinin yarpaqlarının alt səthinə topa halında yumurta qoyur. Yumurtanın embrional inkişafı 6-13 gündə başa çatır.
Bir dişi fərd 250 ədəd yumurta qoya bilir. Yumurtadan çıxan tırtılın inkişafı 20-25 gündə başa çatır və onlar bitki üzərində pup halına keçir, 10-15 gündən sonra puplardan yetkin kəpənəklər uçur. İl ərzində 3-4 nəsil verir.
Zərərvericinin əsasən tırtılları zərər vurur. Tırtıllar kələmin yarpaqlarının ətli hissəsini tamamilə yeyir. Belə zədələnmiş yarpaqlar quruyur və baş bağlaya bilmir.
Mübarizə tədbirləri.
1. Yabanı xaççiçəklilər və digər alaq otları məhv edilməlidir.
2. Təbiətdə olan apanteles tüfeylisi tırtılların məhv edilməsində fəal iştirak edir. Bəzi illərdə tırtılların tüfeyli tərəfindən yoluxması 70-90% -ə qədər olur.
3. Kimyəvi mübarizə kələm baş bağlayana qədər aparılmalıdır.
4. Xəstəlik törədən mikrobioloji preparatlardan entobakterin - 3-4 kq/ha, baverin - 3 kq/ha və dendrobasilin-100 preparatından 1 kq/ha suspenziyaları ilə çiləmə aparılmalıdır.
5. Kimyəvi mübarizədə Karate Zeon (0,1 l/ha), Koru-alfa 5 (0,2 l/ha) emulsiyası ilə çiləmə aparılması məsləhət bilinir.
Kələm güvəsi (Plutella maculipennis C.) – Kəpənəklər (Lepidoptera) dəstəsi, güvələr (Plutellidae) fəsiləsinin nümayəndəsidir.
Yetkin fərd bozumtul-qonur, yaxud qəhvəyi rəngdədir. Arxa qanadlar saçaqlıdır. Qanadları açıq halda 14-17 mm-dir.
Yumurtası ovalvaridir, açıq sarıdır, uzunluğu 0,4-0,5 mm-dir. Tırtılları yaşıldır, 3 cüt döş ayağı və 5 cüt qarıncıq ayaqları vardır. Uzunluğu 9-12 mm-dir.
Zərərverici yabanı xaççiçəklilər və məhsul qalıqları üzərində tor barama içərisində pup halında qışlayır.
Yazda (apreldə) qışlamış puplardan kəpənəklər uçur. Bir müddət qidalanır, cütləşir və yarpaqların alt səthinə, damarlar boyu yumurta qoyur. Bir dişi fərd 300 ədədə qədər yumurta qoyur. Qoyulmuş yumurtanın embrional inkişafı 3-7 gündür. Tırtılın inkişafı 9-15 günə başa çatır, bundan sonra onlar ağ barama toxuyub orada puplaşır və 7-10 gündən sonra kəpənək uçur. İldə 5-dən az olmayaraq nəsil verir.
Mübarizə tədbirləri.
1. İl boyu yabanı xaççiçəkli bitkilər məhv edilməli, məhsul yığıldıqdan sonra bitki qalıqları sahədən çıxarılmalıdır.
2. Tırtıllara qarşı mübarizədə mikrobioloji preparatlardan entobakterin-3 (3-4 kq/ha), dendrobasilin-100 (1-1,2 kq/ha) və boverin (3 kq/ha) preparatlarının suspenziyası çilənməlidir.
3. Kimyəvi mübarizədə Karate Zeon (0,1 l/ha), Koru-alfa 5 (0,2 l/ha) emulsiyası ilə çiləmə aparılması məsləhət bilinir.
Kələm sovkası (Mamestra brassicae L.) - Kəpənəklər (Lepidoptera) dəstəsi, gecə kəpənəkləri (Noctuidae) fəsiləsinin nümayəndəsidir.
Yetkin kəpənəyin ön qanadları bozumtul-qonur rəngdədir. Üzərində 3 ləkə – böyrəkşəkilli, dairəvi və paz şəkilli vardır. Qanadları açılan zaman böyüklüyü 50 mm-dir.
Yumurta yarım kürəvaridir, sarımtıl rəngdədir, böyüklüyü 0,5 mm-dir.
Tırtıllar yaşımtıl-boz, yaxud qonur rəngdədir. Axırıncı yaşda uzunluğu 50 mm-dir.
Pupu qırmızımtıl-qəhvəyidir, uzunluğu 20-25 mm-dir. Əsasən respublikanın dağlıq və dağətəyi rayonlarında çox yayılmışdır.
Zərərverici torpağın üst qatında 6-12 sm dərinlikdə pup halında qışlayır. Aprel ayının əvvəli və mayın əvvəlində qışlamış puplardan kəpənəklər uçur, qidalanır, cütləşir və yumurta qoyur. Yumurtalar topa halında (bir topada 100-200 ədəd) yarpağın alt səthinə qoyulur. Bir dişi fərd 1500 ədədə qədər yumurta qoya bilir.
Yumurtanın embrional inkişafı 10-15 gün çəkir. Tırtıllar 45-60 gündə inkişafını başa çatdırır, bu müddətdə 5 dəfə qabıq dəyişir və 6 yaş keçirir. İnkişafını başa çatdırmış tırtıllar torpağa düşür və orada pup halına keçir. İkinci nəslin inkişafı da birinci nəsildəki kimi gedir. İldə 2 nəsil verir.
Tırtıllar əsasən yarpaqlarla qidalanır, kələm baş bağladıqda isə yumrunu deşərək onun içərisinə girib orada qidalanır. Belə zədələnmiş baş yumrusu öz əmtəəlik dəyərini itirir və çürüyür.
Mübarizə tədbirləri.
1. Alaqlarla müntəzəm olaraq mübarizə aparılmalıdır.
2. Məhsul yığıldıqdan sonra bitki qalıqları sahədən çıxarılmalı və dərin dondurma şumu aparılmalıdır.
3. Bitkinin inkişafını sürətləndirmək məqsədilə üzvi və mineral gübrələr vaxtında verilməlidir.
4. Vegetasiya dövründə tırtıl və yumurtalar əllə yığılıb məhv edilməlidir.
5. Xəstəlik törədən mikrobioloji preparatlardan istifadə edilməsi məsləhətdir.
6. Kimyəvi mübarizədə Karate Zeon (0,1 l/ha), Koru-alfa 5 (0,2 l/ha), Dentiz 2,5% (0,3 kq/ha) preparatlarının emulsiyası ilə çiləmə aparılması məsləhət bilinir
Turp ağ kəpənəyi (Pierisrapae L.) - Kəpənəklər (Lepidoptera) dəstəsi, ağ kəpənəklər (Pieridae) fəsiləsinə mənsubdur.
Yetkin kəpənək kələm ağ kəpənəyinə oxşardır, ancaq ondan kiçikdir (40 mm).
Yumurtası çəlləkvaridir, açıq sarımtıl rəngdədir. Tırtıllar yaşılımtıl rəngdədir, uzunluğu 20-25 mm-dir. Zərərverici pup halında quru çöplər üzərində qışlayır.
Dişi fərd yumurtasını yarpağın alt və üst səthinə tək-tək qoyur. Yumurtanın embrional inkişafı 5-10 gündür. Tırtılın inkişafı 20-30 gündə başa çatır. ildə 4-5 nəsil verir.
Zərərvericinin fəaliyyəti nəticəsində məhsulun kəmiyyəti azalır, əksər halda zədələnmiş kələm başı çürüyür və onu uzun müddət saxlamaq olmur.
Mübarizə tədbirləri.
Kələm ağ kəpənəyinə qarşı aparılan mübarizə tədbirləri bu zərərvericiyə qarşı da tətbiq edilə bilər.
Birəciklər – Böcəklər (Coleoptera) dəstəsi, yarpaqyeyənlər (Chrysomelidae) fəsiləsinin nümayəndəsidir.
Bir neçə növü vardır: ağayaq, zolaqlı, göy və qara birəcik. Birəciklər atlandırıcı ayaqlara malik olan 2-3 mm böyüklükdə böcəklərdir. Yumurtası ovalvaridir, sarı rəngdədir. Böyüklüyü 0,3-0,4 mm-dir.
Sürfəsi açıq sarıdır və 3 cüt döş ayağı vardır. Pupu sərbəstdir, sarımtıldır.
Zərərverici yetkin halda torpağın üst qatında və bitki qalıqları altında qışlayır.
Mayın əvvəlində qışlamadan çıxan böcəklər əvvəlcə yabanı xaççiçəkli bitkilərlə qidalanır, sonra isə mədəni bitki üzərinə keçir.
Zərərvericinin yetkini və sürfələri kələm bitkisinin yarpaqları ilə qidalanaraq, nəticədə yarpaqlarda yara kimi kiçik çökəkciklər əmələ gəlir. Bir müddətdən sonra çökəkciklər deşilir. Zərərverici il ərzində 2 nəsil verir.
Mübarizə tədbirləri.
1. Alaq otları məhv edilməli və bitki qalıqları sahədən çıxarılmalı və dərin dondurma şumu aparılmalıdır.
2. Mütərəqqi aqrotexniki tədbirlər həyata keçirilməlidir.
3. Kimyəvi mübarizədə 2,5%-li Dentiz (0,3 kq/ha) və ya Lannate (250 ml/100l su) preparatlarından istifadə edilməsi məsləhətdir.
Kələm gövdə gizli xortumlusu (Ceuthorrhynchus quadridens Pz) – Böcəklər dəstəsinin (Coleoptera) uzunburun böcəklər fəsiləsinə (Curculaionidae) mənsubdur.
Böcəyin xortumu uzun və nazikdir. Qara rəngdədir, böyüklüyü 2,5-3,2 mm-dir.
Yumurtası ovalvaridir, uzunluğu 0,4-0,5 mm-dir. Sürfəsi sarımtıl, yaxud ağ rəngdədir. Uzunluğu 2,5 mm-dir.
Zərərverici aprelin axırı, mayın əvvəlində qışlamadan çıxır və bir müddət qidalanır, yarpaq damarları və gövdələrin qabıqları altına yumurta qoyur. Bir dişi böcək 40-a qədər yumurta qoyur. Rüşeymin inkişafı 4-8 gün çəkir. Yumurtadan çıxan sürfələr gövdənin daxilinə keçib özək hissəsi ilə qidalanır. Sürfə təxminən 30 gün qidalanır, 3 dəfə qabıq dəyişir, 4 yaş keçirir. İnkişafını başa çatdırmış sürfələr gövdə daxilindən çıxıb torpağa düşür, yuva düzəldir və orada pup halına keçir. 2-3 həftədən sonra pupdan yeni böcək çıxır. Neçə nəsil verməsi müəyyən edilməyib.
Mübarizə tədbirləri.
1. Aqrotexniki tədbirlər həyata keçirilməlidir.
2. Kimyəvi mübarizədə 5%-li karate – 0,4 l/ha, 2,5%-li desis – 0,3-0,4 l/ha emulsiyaları ilə çiləmə aparmaq olar.
Kələm milçəyi (Anthomyinae) – İkiqanadlılar (Diptera) dəstəsi, həqiqi milçəklər (Musridae) fəsiləsinə mənsubdur.
Əsasən 2 növ – yaz (Delia brassicae B.) və yay milçəklərinə (Delia floralis Fall) təsadüf edilir.
Kələm milçəkləri yalançı barama içərisində torpağın 3-20 sm dərinliyində qışlayır. Qışlamadan çıxan dişi fərdlər torpağa yumurta qoymağa başlayır. Bir dişi fərd 150-yə qədər yumurta qoya bilir. Rüşeymin inkişafı 5-10 gündə başa çatır. Sürfələr kələmin kökü ilə qidalanır. Sürfənin inkişafı 3-4 həftə çəkir və onlar torpağa keçib puplaşır. Neçə nəsil verməsi müəyyən edilməyib.
Soğan milçəyi (Delia Antiqua Mg.) - İkiqanadlılar (Diptera) dəstəsi, çiçək milçəkləri (Anthomyidae) fəsiləsinin nümayəndəsidir.
Yetkin milçəyin rəngi bozdur. Uzunluğu 5-7 mm-dir. Yumurtası uzunsovdur, uzunluğu 1 mm-dir.
Sürfəsi ağ rəngdədir, ayaqsızdır. Uzunluğu 10 mm-ə çatır.
Yalançı barama tünd-qəhvəyidir. Zərərverici yalançı barama içərisində torpağın 10-20 sm dərinliyində qışlayır.
Dişi fərdlər yumurtalarını yarpaq və soğanaq pulcuğu üzərinə qoyur. Yumurtanın rüşeym inkişafı 3-5 gün çəkir. Yumurtadan çıxan sürfə soğan yumrusu içərisinə girib orada qidalanır. Sürfənin inkişafı 15-20 gündür. İnkişafını başa çatdıran sürfələr soğan yumrusu içərisindən çıxıb torpaqda yalançı barama içərisində pup halında qışlayır. İldə 2-3 nəsil verir.
Zərərvericinin sürfələri soğan başının içərisinə girib orada qidalanır. Belə zədələnmiş yumruların əmtəəlik dəyəri aşağı düşür və belə yumrulardan ərzaq kimi istifadə etmək olmur.
Mübarizə tədbirləri.
1. Mütərəqqi aqrotexniki tədbirlər həyata keçirilməlidir.
2. Kimyəvi mübarizədə 35%-li fozalon – 2 l/ha, 2,5%-li desis – 0,4 l/ha preparatlarından istifadə etmək olar.
Bostan bitkilərinin zərərvericiləri. – Bostan bitkilərinə ən çox bostan mənənəsi və yemiş milçəyi zərər verir.
Bostan mənənəsi (Aphis gossyypii G.) - Bərabərqanadlılar dəstəsi (Homoptera), mənənələr fəsiləsinin (Aphididae) nümayəndəsidir. Bu zərərverici respublikamızda geniş yayılıb qarpıza və yemişə zərər vurur.
Bostan mənənəsi yetkin və sürfə halında bitki qalıqları altında və alaq otları üzərində qışlayır. Mart-aprel aylarında qışlamadan çıxan yetkin və sürfələr ilk dəfə inkişaflarını alaq otları üzərində keçirir, sonra isə qarpız və yemiş cücərtiləri əmələ gəldiyi dövrdə onların üzərinə keçərək qidalanır. Zərərverici az bir zamanda çoxalaraq yarpaqların alt səthinə kalonya şəklində toplanaraq hüceyrə şirəsini sormaqla qidalanır. Nəticədə hüceyrə şirəsi sorulmuş yarpaqlar qıvrılır, inkişafdan qalır və bitki zəifləyir. Bostan bitkiləri üzərində mənənəyə ən çox may, iyun və sentyabr aylarında təsadüf edilir. bostan mənənəsi il ərzində 18-20 nəsil verir. Bir nəslin inkişafı 10-12 gündə başa çatır. Bakirə yolla, yəni diri bala doğmaqla çoxalır. Zərərvericinin 3-4 nəslinin inkişafı alaq otları üzərində gedir, qalan nəsillərin inkişafı isə bostan bitkiləri üzərində gedir.
Mübarizə tədbirləri.
1. Müntəzəm olaraq alaq otları məhv edilməlidir.
2. Bitkinin inkişafını yüksəltmək məqsədilə aqrotexniki tədbirlər kompleksi həyata keçirilməlidir.
3. Kimyəvi mübarizədə desis – 0,4-0,5 l/ha, poliqor – 2 l/ha və Bİ-58 (YENİ)– 2 l/ha preparatlarının biri ilə çiləmə aparmaq olar.
Yemiş milçəyi (Myiopardalis pardalina Big) - İkiqanadlılar (Diptera) dəstəsi, əlvan qanadlılar (Tephritidae) fəsiləsinin nümayəndəsidir.
Yetkin fərd sarı rəngdədir, kürəyində parlaq qara ləkə vardır. Uzunluğu 5,5-6,5 mm-dir. Sürfəsi ağ rəngli olub, ayaqsızdır, uzunluğu 10 mm-dir.
Yemiş milçəyi yalançı barama halında torpağın 2-18 sm dərinliyində qışlayır. Yemiş bitkisinin çiçəkləmə fazasında milçəklər yalançı baramalardan uçması başlayır. Yetkin fərdlər yumurtaqoyanı ilə yemiş meyvəsini deşərək oradan çıxan şirə ilə qidalanır. Dişi fərdlər uçduqdan 5-6 gün sonra yumurta qoymağa başlayır. Yumurtalar yemiş meyvəsinin qabığı altına qoyulur. Bir dişi fərd 25-ə qədər yumurta qoya bilir. Qoyulmuş yumurtanın embrioanl inkişafı 3-5 gün çəkir. Yumurtadan çıxan sürfə 10-18 gün qidalanır. Belə ki, onlar yemişin lətli hissəsi ilə qidalanaraq, orada izlər açır, hətta toxuma qədər gedib onunla da qidalanır. İnkişafını başa çatdırmış sürfələr torpağa keçir və orada yemişin içərisində puplaşır, 10-15 gündən sonra yeni nəslin milçəkləri uçur. İl ərzində 2 nəsil verir.
Mübarizə tədbirləri.
1. Məhsul yığıldıqdan sonra dərin dondurma şumu aparılmalıdır.
2. Növbəli əkin sisteminə əməl edilməlidir.
3. Yemiş milcəyinə qarşı Korsulfan 36 (3 l/ha) preparatı ilə çiləmə aparılması məsləhət görülür. Dərmanlama 10-12 gündən sonra təkrar edilməlidir.
Mövzu 15. Pambıq və tütün bitkilərinin zərərvericiləri
və onlarla mübarizə tədbirləri
İsmayılzadə N.N.
Məmmədov V.Ə.
PLAN:
-
Pambıq və yonca mənənəsinin morfoloji quruluşu, bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.
-
Tütün tripsininin morfoloji quruluşu və bioloji xüsusiyyətləri, onunla mübarizə tədbirləri.
-
Pambıq sovkası, payızlıq əkin sovkası və tor gənəsinin morfoloji quruluşu, bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.
-
Tütün mənənəsi və fır nematodunun morfoloji quruluşu, bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.
ƏDƏBİYYAT
-
Məmmədova S.R., Xəlilov B.B. – Kənd təsərrüfatı entomologiyası. Baki, 1986
-
Əliyev S. - Pambığın bar orqanlarına zərər verən sovkalar. Bakı, 1981
-
Məmmədova S.R., Əsgərov H.Y., Hüseynov C.H. – Azərbaycanda pambıq bitkisinin zərərvericilərdən, xəstəliklərdən və alaq otlarından mühafizəsinə dair tədbirlər sistemi. Bakı, 1986.
-
Cəbrayıl H. Pambıq bitkisinin zərərvericilərinə qarşı inteqrir mübarizə. Gəncə, 2015.
-
Camalov H.İ., Səmədov İ.İ. – Trixoqramanın istehsalat şəraitində artırılması üsulları və pambıq sovkasına qarşı tətbiqi (dərs vəsaiti). Kirovabad, 1986
GƏNCƏ - 2017
Mövzu 15. Pambıq və tütün bitkilərinin zərərvericiləri
və onlarla mübarizə tədbirləri
Pambıq bitkisi zərif bitki olaraq bir sıra zərərvericilər tərəfindən zədələnir. Pambıq bitkisi üzərində 200-ə yaxın həşərat və gənə növlərinə rast gəlmək olar.
Bir sıra polifaq həşəratlar müxtəlif illərdə kütləvi surətdə artaraq zərər vurur. Bunlardan çəyirtkəkimiləri (Asiya, İtaliya, Mərakeş və s.), cırcıramaları, karadrina, böyük pambıq mənənəsini, gövdə güvəsini və s. göstərmək olar.
Respublikamızın pambıq əkilən bütün bölgələrində geniş yayılan və zərər verən xüsusiyyətlənmiş zərərvericilərdən pambıq (bostan) və yonca (akasiya) mənənəsi, tütün tripsi, tor gənəsi, pambıq sovkası, payızlıq əkin sovkası və s. qeyd etmək olar.
Mənənələr – Bərabərqanadlılar (Homoptera) dəstəsinin mənənələr (Aphidinea) yarım dəstəsinə mənsubdur.
Respublikamızda pambığa ik növ mənənə zərər vurur: pambıq, yaxud bostan (Aphis gossypii G.) və yonca, yaxud akasiya (Aphis craceivora K.) mənənəsi.
Pambıq mənənəsinin qanadsız dişi fərdləroinin rəngi olduqca dəyişkəndir, sarıya, limonu-sarıya və tünd-qonura çalan rəngdə olur. Bığcıqları altı buğumludur. Uzunluğu 1,25-2,1 mm-dir. Sürfələr yaşlarından asılı olaraq solğun-yaşıl və sarımtıl-yaşıl rəngdə olur.
Yonca mənənəsi qonur və qonur-qara roəngdə olmaqla, pambıq mənənəsindən fərqlənir.
Hər iki növün həyat tərzi, qidalanma xüsusiyyətləri, onlara qarşı mübarizə tədbirləri, demək olar ki, eynidir.
Pambıq mənənəsi geniş yayılmaqla bir sıra mədəni və yabanı bitkilərlə qidalanır. Pambıq mənənəsi əsasən yetkin halda, bəzən isə sürfə və nimfa halında qışlayır. Bunlar qışlamadan çıxan zaman bağayarpağı, biyan, əməköməci və digər bitkilərlə qidalanırlar.
Bir müddət keçdikdən sonra onlar yenicə cücərmiş pambıq bitkisi üzərinə keçirlər və orada qidalanırlar. Pambıq mənənəsi bakirə yolla çoxalır.
Yazda havanın temperaturu 120S-dən yuxarı olduqda bu mənənə çoxalmağa başlayır. Zərərvericiyə kütləvi halda may-iyun aylarında təsadüf edilir. Avqust və iyul aylarında onların miqdarı nisbətən məhdudlaşır, zəif olur. Mənənənin inkişafı üçün optimum temperatur 16-220S-dir. 250S-dən yuxarı temperatur mənənənin inkişafına mənfi təsir edir.
Pambıq bitkisi üzərində ən çox iki dövrdə: yazda, pambıq cücərtiləri əmələ gəldikdə və payızda qozalar açıldıqda təsadüf edilir. Məhsul yığıldıqdan sonra mənənə yabanı bitkilər üzərinə keçərək qışlamaya gedirlər. Mənənə il ərzində 20-yə qədər nəsil verir.
Mənənələr əsasən pambıq yarpaqlarının alt səthində olmaqla onun hüceyrə şirəsini sorur. Sorma nəticəsində yarpaqlar qıvrılır, inkişafdan qalır, bunun nəticəsində isə bitkinin inkişafı zəifləyir və məhsula mənfi təsir göstərir. Mənənə eyni zamanda virus xəstəliklərini də yayır. Qozalar açıldığı dövrdə mənənələr açılmış qoza üzərinə çıxıb yapışqanlı ifrazatı ilə lifləri çirkləndirir, ağımtıl örtük əmələ gətirir və onu kəltənə çevirir. Belə çirklənməyə «ağ şirə» deyilir. Rütubətli havada kif göbələkləri onları qara rəngə boyayır ki, buna da «qara şirə» deyilir. Belə şirələnmiş liflərin emalı çətinləşir və keyfiyyəti aşağı düşür.
Mübarizə tədbirləri.
1. Yazın əvvəllərində pambıq əkiləcək sahənin kənarlarındakı və arxların ətrafındakı alaq otları müntəzəm olaraq məhv edilməlidir.
2. Pambıq bitkisi sahəsi yanında bostan bitkiləri əkilməməlidir.
3. Bitkinin inkişafını sürətləndirmək məqsədilə müasir aqrotexniki tədbirlər həyata keçirilməlidir.
4. Kimyəvi mübarizədə 2,5%-li desis – 0,4 l/ha, 40 %-li Roqor (1,5 l/ha), Karate Zeon (0,1 kq/ha) preparatlarının emulsiyası ilə çiləmə aparılması məsləhətdir.
5. Zərərvericilərin azalmasında təbiətdə mövcud olan yırtıcı parabüzən böcəkləri və qızılgöz müsbət rol oynayır.
Tütün tripsi (Thrips tabaci L.) – Qovuqayaqlılar (Thysanoptera) dəstəsinin, tripslər (Thripidae) fəsiləsinə mənsubdur.
Yetkin fərd açıq-sarımtıl rəngdə olmaqla üzərində qılçıqlar vardır. Bığcıqları 7 buğumludur. Uzunluğu 0,8-1 mm-dir.
Sürfələr yetkin fərdə oxşayır, ancaq bədəncə ondan kiçikdir. Yumurtası böyrəkvaridir, şəffafdır. Uzunluğu 0,2-0,5 mm-dir. Tripsin yetkin fərdləri pambıq və tütün bitkilərinə zərər verir. Zərərverici qışı yetkin halında torpağın üst səthində və xəzəllərin altında keçirir. Aprelin ortalarından yetkin fərdlər qışlamadan çıxır və mürəkkəbçiçəkli, eləcə də xaççiçəkli yabanı bitkilərlə qidalanaraq çoxalır. Zərərvericinin 1-ci və 2-ci nəslinin inkişafı yabanı bitkilər üzərində gedir, sonra isə onların inkişafı pambıq bitkisi üzərində gedir. Bir müddətdən sonra yetkin dişilər yumurtalarını yarpaq saplaqlarının əsasında onun daxilinə qoyurlar. Bir nəslin inkişafı 25-30 günə başa çatır. Çoxalma cinsi yolla gedir. Zərərverici il ərzində 6-8 nəsil verir.
Pambıq bitkisi üzərində tütün tripsinə may və iyun aylarında rast gəlinir. Zərərvericinin pambıqla qidalanması nəticəsində yarpaqların alt səthində damarlar boyu gümüşü ləkələr əmələ gəlir. Sonralar bu ləkələr quruyur və yerində yarıqlar əmələ gəlir. Zədələnmə nəticəsində bitkinin böyüməsi zəifləyir və inkişafdan qalır. Belə bitkilər körpə düşür.
Dostları ilə paylaş: |