Iqtisad elmləri sistemində iqtisadi nəzəriyyə xüsusi yer tutur. Belə ki, müasir iqtisad elmini ağaca bənzətsək, iqtisadi nəzəriyyəni onun gövdəsi, iqtisadi sistemin ayrı-ayrı sahələrini öyrənən xüsusi iqtisadi elmləri isə onun qol- budağı adlandırmaq olar. Lakin qeyd etmək lazımdır ki, iqtisadi nəzəriyyənin predmetinin müəyyən olunmasında iqtisadçılar arasında yekdil fikir yoxdur.
Merkantilistlərin fikrincə iqtisadi nəzəriyyə mübadilə qanunları, fiziokratlara görə həm mübadilə, həm də istehsalın idarə edilməsi ilə əlaqədar olan qanunlar haqqında elmdir. A. Smit onun mübadilə və istehsal da daxil olmaqla sərvət, D. Rikardo isə sərvətin müxtəlif siniflər və qruplar arasında bölüşdürülməsi qanunları haqqında elm olduğunu iddia edirdilər. Sonralar iqtisadi nəzəriyyənin öyrəndiyi məsələlərə istehlak da daxil edilmiş və beləliklə də, onun predmetinin istehsal, bölgü, mübadilə və istehlakı idarə edən qanunlardan ibarət olması haqqında fikir formalaşmışdır.
Müasir dövrdə iqtisadi hadisə və proseslərdən bəhs edən elmi, sadəcə olaraq «Iqtisadiyyat» da adlandırırlar. Məşhur Amerika iqtisadçısı, Nobel mükafatı laureatı Pol Samuelsonun dərsliyi məhz bu ad altında 20 dəfəyə qədər nəşr olunmuşdur. Bu dərslik ali məktəb tələbələri üçün yazılmış və demək olar ki, kapitalist ölkələrinin əksəriy-yətində ondan istifadə olunur. Dərslikdə «iqtisadi nəzəriyyə nədir?» başlığı altında xüsusi fəsil vardır. P. Samuelson iqtisadi nəzəriyyənin predmetinin müəyyən olunmasına dair ən çox yayılmış beş fikri sadalayır və belə bir nəticəyə gəlir ki, «iqtisadi nəzəriyyənin predmeti dəqiq müəyyən oluna bilməz və buna ehtiyac da yoxdur1». Bununla birlikdə o, belə hesab edir ki, iqtisadi nəzəriyyənin predmetinə dair aşağıda göstərilən təriflərdən hər biri doğrudur və hər bir savadlı adam bu siyahını bir neçə dəfə uzada bilər: 1) Iqtisadi nəzəriyyə insanlar arasında mübadilə və pul sövdələşmələri ilə əlaqədar olaraq baş verən fəaliyyət növləri haqqında elmdir; 2) Iqtisadi nəzəriyyə insanların gündəlik işgüzar fəaliyyətləri, yaşamaq üçün vəsait əldə etmələri və ondan istifadə olunmasını öyrənmələri haqqında elmdir; 3) Iqtisadi nəzəriyyə istehsal və istehlak sahəsində bəşəriyyətin üzərinə düşən vəzifələrin öhdəsindən necə gələ bilməsi haqqında elmdir; 4) Iqtisadi nəzəriyyə sərvət haqqında elmdir; 5) Iqtisadi nəzəriyyə müxtəlif əmtəələrin istehsalı, indi və gələcəkdə istehlak etmək məqsədilə onların müxtəlif adamlar və qruplar arasında bölüşdürülməsi,insanlar və cəmiyyət tərəfindən pulun köməyilə və ya onun iştirakı olmadan nadir ehtiyatlardan məhsuldar istifadə olunması haqqında elmdir.2
Iqtisadi nəzəriyyə mülkiyyətin formasından, sahələrin və ərazilərin, tarixi dövrlərin xüsusiyyətlərindən asılı olmayaraq, təsərrüfatçılığın bir sıra prinsiplərinə əməl olunmasını nəzərdə tutur. Bunlar nəticə və xərclərin ölçülməsi, onlardan səmərəli istifadə edilməsi, istehsalçılar üçün müəyyən stimulların yaradılması və s-dir. Müasir dövrün qlobal sosial-iqtisadi problemlərinin-inflyasiya, işsizlik, hərbi xərclər, büdcə çatışmazlığı, yoxsulluq və qeyri-bərabərlik, ətraf mühitin çirklənməsinin qarşısının alınması, biznesin hökumət tərəfindən tənzimlənməsi və xalqın həyat səviyyəsinin yüksəldilməsi və s. həll edilməsi xeyli dərəcədə məhdud miqdarda ehtiyatlardan səmərəli istifadə olunma-sından asılıdır. Deməli, iqtisadi nəzəriyyə cəmiyyət üzvlə-rinin tələbatlarını maksimum dərəcədə ödəmək üçün məhdud miqdarda istehsal ehtiyatlarından səmərəli istifadə olunması, yaxud da onların idarə edilməsi problemlərini öyrənir.
Dostları ilə paylaş: |