Bazar konyukturası nəzərə alınmaqla qiymətləndirmədə aşağıdakı üç üsuldan istifadə olunur: 1) Kapital bazarları üsulu; 2) Sövdələşmə üsulu; 3) Sahələr üzrə qiymətləndirmə üsulu. Kapital bazarları üsulu ilə qiymət-ləndirmə zamanı dünyanın fond bazarlarında eyni tipdən olan (oxşar) firmaların satın alındığı qiymətlər əsas götürülür. Bu üsuldan istifadə etmək üçün müqayisə olunan firmaların maliyyə vəziyyətləri və qiymətlər haqqında dəqiq və ətraflı informasiya olmalıdır. Bu zaman müqayisə üçün qiymətlər/mənfəət; qiymətlər/pul axını; investisiya kapitalı/mənfəət göstəricilərindən geniş istifadə olunur.
Sövdələşmə üsulunda nəzarət səhm zərfinin satın alındığı qiymət təhlil olunur. Burada da qiymətlər/mənfəət; qiymətlər/pul axını; investisiya kapitalı/mənfəət göstərici-lərindən istifadə edilir.
Sahələr üzrə qiymətləndirmə üsulu ayrı-ayrı sahələrdə sabitləşmiş göstəricilərə əsaslanır. Məsələn, reklam agentliyinin satış qiyməti onun bir ildə əldə etdiyi mənfəə-tin 75%-nə, çörəkxananınkı satışın illik məbləğinin, habelə onun avadanlıqlarının və ehtiyatlarının dəyərinin 15%-nə bərabər götürülür. Avtomobillərin icarəyə verilməsi sahə-sində ixtisaslaşmış agentlik satılarkən hər avtomobilin qiy-məti 1000 dollara bərabər götürülür və avtomobillərin sayı 1000-ə vurulmaqla onun (agentliyin) bazar dəyəri tapılır. Bu üsulun üstünlüyü ondadır ki, o, bazar qiymətlərinə əsas-lanır. Onun çatışmazlığı isə özünü müqayisə olunan şirkət-lər haqqında məlumatların (xüsusilə də keçmiş dövrlərə aid məlumatların) əldə edilməsindəki çətinliklərdə və dəyi-şən bazar konyukturasının nəzərə alınmamasında göstərir.
Xərc nəzərə alınmaqla qiymətləndirmədə isə hər şeydən əvvəl, firmadakı mövcud aktivlər qiymətləndirilir. Bu zaman müxtəlif cür təshihetmələr (köhnəlmə, aşınma) nəzərə alınmaqla, balans hesabatları əsasında müəssisənin maliyyə vəziyyəti, maddi (torpaq, binalar, tikililər, maşınlar, avadanlıqlar) və qeyri-maddi (peşə və ixtisaslar, ticarət markası və i.a.) aktivləri qiymətləndirilir. Bu metodun üs-tünlüyü ondadır ki, o, mövcud aktivlərə əsaslanır. Onun ça-tışmazlığı isə qeyri-maddi aktivlərin, şirkətin perspektivinin nəzərə alınmasındakı çətinliklərlə əlaqədardır.
Təcrübədə bu metodların hər birindən həm ayrı-ayrılıqda, həm də onların hamısından eyni vaxtda istifadə oluna bilər və olunur. Bəzi hallarda bu işə təcrübəli eks-pertləri də cəlb edirlər.
Əsas kapitalın istehsal prosesində uzun müddət isti-fadə edilməsi, tədriclə aşınması və bu müddət ərzində təkrar istehsal prosesinin dəyişməsi ilə əlaqədar olaraq, onların qiymətləndirilməsi üçün bir sıra digər metodlardan da istifadə olunur. Bunlar əsas kapitalın tam ilk, bərpa və qalıq dəyəri ilə qiymətləndirilməsi üsullarıdır.
Əsas kapitalın tam ilk dəyəri dedikdə onun satın alın-ması (və ya hazırlanması) ilə əlaqədar xərclər nəzərdə tutulur.
Bərpa dəyəri müasir şəraitdə əsas kapitalın təkrar istehsalı ilə əlaqədar olan xərcləri ifadə edir.Bu, bir qayda olaraq əsas kapitalın yenidən qiymətləndirilməsi yolu ilə müəyyən edilir.
Əsas kapitalın qalıq dəyəri dedikdə isə onun tam ilk və ya bərpa dəyəri ilə köhnəlmə məbləği arasındakı fərq nəzər-də tutulur.
Dostları ilə paylaş: |