Iqtisadi nəzəriyyənin bizneslə məşğul olanlar tərəfin-dən öyrənilməsinin xüsusilə böyük əhəmiyyəti vardır. Çünki iqtisadi sistemin mahiyyəti və xarakterini daha yaxşı başa düşən, inflyasiyanın səbəbləri və nəticələri haqqında aydın təsəvvürə malik olan müəssisə rəhbəri, həmin dövrdə vəziyyətdən çıxmaq üçün başqalarına nisbətən daha ağıllı qərarlar qəbul edə bilir. Bunun nəticəsidir ki, iri şirkətələrin idarə olunmasına iqtisadçıları daha çox cəlb edirlər ki, bunlar da informasiyaları toplamaq və təhlil etmək əsasında səmərəli qərarlar qəbul etməklə məşğul olurlar.
Lakin iqtisadi nəzəriyyə çox böyük əməli əhəmiyyətə malik olsa da, onun tədqiqat obyektində nəzəri problemlər üstünlük təşkil edir və o, daha çox ümumi əhəmiyyət kəsb edən problemləri öyrənir. Bütün bunlara əsasən demək olar ki, cəmiyyətdə gedən sosial-iqtisadi proseslərdən baş çıxarmaq üçün iqtisadi nəzəriyyənin öyrənilməsinin çox böyük əhəmiyyəti vardır. Doğrudur, həyatda heç bir iqtisadi təlim görməmiş elə adamlara, o cümlədən mütəxəssislərə rast gəlinir ki, onlar cəmiyyətdə gedən çox mürəkkəb iqtisadi proseslərdən düzgün baş çıxarır, çevikdirlər və yaranmış vəziyyətlə əlaqədar tez manevr etməyi yaxşı bacarırlar. Bütün bunlara baxmayaraq, hər cür inikas kimi, sosial-iqtisadi münasibətlərin inikası olan iqtisadi təfəkkür də mürəkkəb və ziddiyyətli olduğu, bəzi hallarda hətta aldadıcı və təhrif olunmuş şəkildə göründüyü, cəmiyyətin inkişafına əks təsir göstərə bildiyi üçün iqtisadi nəzəriyyənin öyrənilməsi ilə hamının müntəzəm məşğul olması olduqca vacibdir. P. Samuelsonun təbirincə, iqtisadi nəzəriyyənin öyrənilməsi ilə müntəzəm məşğul olmayan adam musiqi əsərinə qiymət verməyə cəhd göstərən kar adama bənzəyir.
Dostları ilə paylaş: |