Təfəkkür həm də özünün həqiqətə doğru hərəkətində müəyyən pillələrdən keçir. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, bir sıra anlayışlar əsasında müəyyən hipotez, yəni öyrənilən iqtisadi proseslərin fəaliyyətdə olması və hərəkəti haqqında fərziyyə meydana çıxır. Idrakın sonrakı pilləsi konsepsiyadır. Fərziyyəyə nisbətən konsepsiya hadisə və proseslərə dair müəyyən nöqteyi–nəzərləri əsaslandıran geniş baxışlar sistemidir. Buna Azərbaycan Respublikasının iqtisadi inkişaf, yaxud da qiymətlərin əmələ gəlməsi konsepsiyalarını misal göstərmək olar. Həm də qarşıya qoyulan sosial-iqtisadi vəzifələrin həll edilməsinin ən səmərəli yollarını müəyyən etmək üçün bir neçə konsepsiya hazırlamaq məqsədəuyğundur. Başqa sözlə, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində çoxvariantlılıqdan istifadə olunmalıdır. Digər tərəfdən, müxtəlif konsepsiyalar elmi cəhətdən əsaslandırılmalı, obyektiv iqtisadi qanunların tələbləri nəzərə alınmalıdır. Müxtəlif konsepsiyaların diq-qətlə və dərindən işlənməsi və onların hərtərəfli əsaslandırıl-ması nəticəsində elmi biliklərin təcrübədə sınanmış və özünü doğrultmuş, tamamlanmış və mükəmməl sistemi olan iqtisadi nəzəriyyə formalaşır.
Bütövlükdə təfəkkürün tərkib hissəsi olan iqtisadi təfəkkür yaradıcı xarakter daşıyır. Bu, məlum iqtisadi forma və metodlara tənqidi yanaşmaq, onların məhdudluğunu, iqtisadi həyatın real faktları ilə onların barəsindəki təsəvvürlər arasında fərqləri görmək, özünütənqid şəraitində həyatımızda dərin kök salmış və özünü doğrultmayan, vaxtı keçmiş stereotiplərdən yaxa qurtarmağı bacarmaq qabiliyyətinə malik olmaq deməkdir.
Dostları ilə paylaş: |