4. İqtisadi qanunları və iqtisadi kateqoriyalar.
Cəmiyyətdə iqtisadi proseslər daxili, özünəməxsus qanunlarla idarə olunur. Iqtisadi qanunlar sosial-iqtisadi proseslərin inkişaf qanunlarıdır. Hegel qeyd edirdi ki, bütün qanunlar kimi, iqtisadi qanunlar da «iki hadisə arasındakı əlaqəni»1 ifadə edir.
Iqtisadi qanunlar – insanlar, hadisə və proseslər arasında daim təkrarlanan, onların mənafelərini ifadə edən obyektiv, zəruri səbəb-nəticə əlaqələridir. Buradan aydın olur ki, iqtisadi qanunlar hadisə və proseslər arasındakı daxili, zəruri, sabit əlaqələri ifadə edir.
Təbiət qanunları kimi, iqtisadi qanunlar da obyektiv xarakter daşıyır. Yəni onlar insanların şüurundan, istək və arzularından asılı olmayaraq meydana çıxır və fəaliyyət göstərir. Insanlar onları yarada, ləğv edə, dəyişdirə bilməzlər. Iqtisadi qanunların obyektiv xarakterdə olmasını etiraf etmək subyektiv amillərin rolunu azaltmaq kimi başa düşülməməlidir. Başqa sözlə, insanlar iqtisadi qanunların qarşısında aciz deyildirlər, onlar həmin qanunları dərk və bundan özlərinin mənafelərinə uyğun olaraq istifadə edə, bununla da iqtisadi inkişafı sürətləndirə bilərlər. Lakin iqtisadi qanunların obyektiv xarakterdə olmasını inkar edənlər də vardır. Onlar bu qanunların insanların iradəsindən, dərrakəsindən, psixologiyasından asılı olduğunu qeyd edirlər. Hətta bu qanunları fetişləşdirənlərə də rast gəlinir. Onlar sözdə iqtisadi qanunların obyektiv xarakterini qəbul etsələr də, obyektivliyi kortəbiilikdə, qanunların fəaliyyətinin qarşısının alınmasının mümkün olmamasında görürlər.
Təbiət qanunları kimi cəmiyyətin inkişafının iqtisadi qanunları da obyektiv xarakter daşısalar da, bunları bir-birindən fərqləndirən cəhətlər də vardır. Belə ki:
1) Təbiət qanunları insanların iştirakı olmadan meydana gəlib, fəaliyyət göstərir, iqtisadi qanunlar isə insan cəmiyyəti ilə eyni vaxtda meydana gəlib fəaliyyət göstərməyə başlamışdır;
2) Təbiət qanunları uzunmüddətli, əbədidir. Iqtisadi qanunlar isə tarixi inkişafın müəyyən pilləsində meydana gəlir, fəaliyyət göstərir, onları doğuran səbəblər, şərait aradan çıxdıqda, onlar da aradan çıxır, öz yerini yeni qanunlara verirlər.
Dostları ilə paylaş: |