Mövzu 2 : İstehsal, onun mahiyyəti və amilləri.( 2 saat)
Plan
1. İqtisadi proseslər və ictimai istehsalın tərəfləri.
2. İqtisadi ehtiyatlar. Onların kəmiyyət və keyfiyyəti.
3. Məhdud miqdarda iqtisadi ehtiyatlardan istifadənin səmərəliliyi.
1. İqtisadi proseslər və ictimai istehsalın tərəfləri.
Bəşəriyyət meydana gəldiyi gündən insanlar həm təbiətin, həm də cəmiyyətin sirlərini öyrənməyə çalışmışlar. İndi hamıya məlumdur ki, siyasətlə, elm ilə, incəsəntlə məşğul olmazdan əvvəl , yemək, geyinmək, yanacağa; mənzilə və başqa maddi nemətlərə malik olmaq lazımdır. Lakin ictimai fikir bu nəticəyə birdən- birə deyil, uzun müddəti əhatə edən çətin bir yol keçməklə gəlib çıxmışdır. Və insanlar bu həqiqəti dərk etməklə, sanki ictimai həyatın inkişaf qanunauyğunluqlarının çox mürəkkəb yumağında kələfin ucunu tapmağa nail olmuşlar.
İnsan cəmiyyətinin həyatı isə həqiqətən olduqca mürəkkəb, çoxcəhətli və dolaşıqdır. O, maddi nemətlərin istehsalı, xidmətlər, elm və texnika, siyasət və ideologiya sahələrində insanların çoxsaylı fəaliyyət növlərindən ibarətdir. Başqa sözlə, insanlar arasında tədriclə ictimai münasibətlərin elə bir bütöv sistemi formalaşmış, müəyyən həyat tərzi, dövlətin ailənin, mənəviyyatın konkret formaları meydana gəlmişdir ki, bunların içərisindən həyatın əzəli ( ilkin) əsasını təşkil edən prosesləri ayırmaq lazım idi. Belə bir ilkin əsas bütün ictimai münasibətlər sistemindən ayrıldı və bu ictimai istehsaldan ibarətdir.
İqtisadiyyat cəmiyyət həyatının əsası olduğuna görə iqtisadi( istehsal) proseslər də bütün ictimai münasibətlər sistemində həlledici əhəmiyyətə malikdir. İqtisadi proseslərin baş verdiyi başlıca sahə isə iqtisadiyyatın əsasını təşkil edən ictimai istehsaldır.
İctimai istehsalda gedən proseslərdə insanlar bir tərəfdən təbiətlə, digər tərəfdən isə öz aralarında müəyyən münasibətlərə girirlər. Bu münasibətlərdə müəyyənedici rol insanlarla təbiət arasındakı münasibəti ifadə edən məhsuldar qüvvələrə məxsusdur.
Məhsuldar qüvvələr nədir? Bu suala cavab vermək üçün əvvəlcə ictimai istehsalın əsas amillərini nəzərdən keçirək.
İctimai istehsal aşağıdakı üç amil mövcud olduqda mümkündür:
1) iş qüvvəsi; 2) əmək cisimləri; 3) əmək vasitələri
İş qüvvəsi insanların əmək sərf etmək qabiliyyətləri, başqa sözlə, onların malik olduqları və istənilən vaxt istehsal prosesində istifadə edə biləcəkləri fiziki və zehni qabiliyyətlərinin məcmusudur. İstehsal prosesinin baş verməsi üçün iş qüvvəsi hər dəfə istehlak olunmalıdır. İş qüvvəsi istehsalın şəxsi amilidir.
Əmək cisimləri- insan əməyinin təsir göstərdiyi bütün şeylərdir ki, bunlar da gələcək məhsulun maddi əsasını təşkil edir. Əmək cisimlərini 2 yerə bölmək olar:
1) təbiətin insan cəmiyyətinə hazır halda verdiyi əmək cisimləri ( kömür, dəmir filizi, təbii sututarlardakı balıq və s. )
2) insanların özlərinin əməyi ilə yaradılan əmək cisimləri ( xammal və ya xam material, yanacaq və i. a. ).
İnsan əməyinin təsir göstərdiyi əmək cisimlərinə xammal və ya xam material deyilir. Məsələn, domna sobalarında istifadə olunan kömür və filiz, maşınqayırma zavodundakı metal, toxuculuq müəssisələrindəki iplik xammal və ya xam materialdır. Elmi- texniki inqilab inkişaf etdikcə qabaqcadan nəzərdə tutulmuş xassələrə malik olan keyfiyyətcə yeni, yəni təbiətdə olmayan əmək cisimlərinin yaradılması mümkün olur. Lakin qeyd etmək lazımdır ki, bu zaman da torpaq, təbiət əzəli əsasdır. Bu, onu göstərir ki, klassik ingilis siyasi iqtisadının görkəmli nümayəndəsi U. Pettinin “ Əmək sərvətin atası, torpaq isə anasıdır” tezisi müasir dövrlə həmahəng səslənir.
Əmək vasitələri insanların əmək cisimlərinə təsir göstərdikləri şeylərə və ya şeylər kompleksinə deyilir. İnsanlar bu şeylərin fiziki, kimyəvi, bioloji xüsusiyyətlərindən istifadə etməklə özlərinə lazım olan məhsulları istehsal edirlər.
Əmək vasitələri bir neçə növə ayrılır. Bunların içərisində həlledici yer mexaniki əmək vasitələri və ya əmək alətlərinə - maşın və avadanlıqlarına məxsusdur. Bunlar istehsalın sümük və əzələ sistemini təşkil edirlər. Əmək alətlərinin inkişafı texniki tərəqqinin əsas göstəricisidir. İstehsalın inkişafında hər bir tarixi dövrün başlıca fərqləndirici əlaməti hər şeydən əvvəl əmək alətlərinin inkişaf səviyyəsi ilə müəyyən edilir.
Əmək vasitələrinin növlərindən biri də istehsalın damar ( borular, çənlər, çəlləklər və s. ) sistemidir. Kimya, metallurgiya, atom sənayesinin inkişafı ilə əlaqədar olaraq cəmiyyətdə bu əmək vasitələrinin rolu nəzərə çarpacaq dərəcədə artır.
Əmək vasitələrinə, həmçinin istehsalat binaları, şosse və dəmir yolları, kanallar və s.- də daxildir. Torpaq həm əmək vasitələri, həm də əmək cismidir. Başqa sözlə, torpaqdan kənd təsərrüfatı məhsullarını istehsal etmək üçün bir vasitə kimi istifadə olunduğuna görə o, əmək vasitəsidir. Digər tərəfdən, insan öz əməyi ilə torpağa təsir göstərdiyinə görə ( məsələn, torpaq şumlandıqda, toxum səpildikdə, bitkilər becərildikdə və s. ) o, həm də əmək cismidir.
Əmək cisimləri ilə əmək vasitələri ikisi birlikdə istehsal vasitələrini əmələ gətirir. İstehsal vasitələri ictimai istehsalın maddi amilidir.
İstehsalın şəxsi və maddi amilləri bir- biri ilə qarşılıqlı əlaqədədir. Bu o deməkdir ki, istehsalın onun ünsürlərinin- işçi qüvvəsi, əmək cisimləri və əmək vasitələri- mexaniki birləşməsindən ibarət olduğunu təsəvvür etmək düzgün olmaz, bu qarşılıqlı əlaqədə olan mürəkkəb bir sistemdir. Qarşılıqlı əlaqədə və bir – birindən asılı olan bütöv sistem isə istehsalın ünsürlərinin mexaniki toplusundan keyfiyyətcə fərqlənir və istehsal texnologiyası və onun təşkili ilə əlaqədar daha çox səmərə əldə edilməsinə imkan verir.
Texnologiya istehsalın əsas amilləri arasıdakı qarşılıqlı əlaqələri, həmçinin istehsal vasitələrinin elmi kəşflər vasitəsilə və təcrübədə aşkara çıxarılan mexaniki, fiziki və kimyəvi xassələrinə əsalanmaqla əmək cisimlərinə insanların təsiretmə üsullarını ifadə edir.
İnsanlar şeylərin əvvələrində məlum olmayan xassələrini aşkara çıxarmaqla yeni növ məhsullar hazırlamağın sirlərinə yiyələnir, daha mütərəqqi texnologiyadan, keyfiyyətcə tamamilə başqa materiallardan istifadə edirlər. Bu da öz növbəsində işçilər qarşısında yeni tələblər qoyur.
Bununla birlikdə istehsalın təşkili də fasiləsiz olaraq dəyişir və daim təkmilləşir, ictimai istehsalın sahə quruluşu dəyişir və mürəkkəbləşir, ixtisaslaşdırılma və kooperasiyalaşdırmanın yeni- yeni formaları meydana çıxır, istehsalın ictimai xarakteri , istehsal prosesində müəssisələr, sahələr arasında qarşılıqlı əlaqələr güclənir.
İctimai istehsal inkişaf etdikcə istər onun amillərini, istərsə də onların qarşılıqlı əlaqələrinin xarakteri də dəyişir, enerji problemi daha kəskin xarakter alır. İlk dövrlərdə başlıca enerji mənbəyi insanın ( yaxud istehsalda istifadə olunan heyvanların) qüvvəsi olmuş və enerji istehsalın müstəqil amili kimi ayrılmamışdır. İndi isə vəziyyət tamamilə dəyişmişdir. Hazırda istehsalın amilləri arasında qarşılıqlı əlaqə və asılılıq güclü enerji mənbələrini mənimsəmədən mümkün deyildir. Deməli, indiki şəraitdə istehsalın enerji ilə təmin olunması son dərəcə böyük əhəmiyyət kəsb edir.
Elmi- texniki inqilabın təsiri ilə xidmət sahələri surətlə inkişaf edir və onlar cəmiyyət üçün çox vacib olan vəzifələri yerinə yetirirlər. Bu sahələr istehsalın infrastrukturu adlanır və bunlara nəqliyyat, rabitə, enerji və informasiya xidməti daxildir. İstehsalın şəxsi amilinin inkişafında isə sosial infrastruktur( təhsil, səhiyyə, ictimai- iaşə, mənzil kommunal təsərrüfatı) mühüm rol oynayır.
İctimai istehsalın amillərinin mürəkkəbləşməsi və onlar arasındakı qarşılıqlı əlaqələrin güclənməsi cəmiyyətin inkişafının bütün mərhələlərində onun əsas ünsürlərinin işçi qüvvəsi, əmək cisimləri əmək vasitələrindən ibarət olması haqqında müddəanı aradan qaldırmır, əksinə, istehsalın amillərinin qarşılıqlı fəaliyyəti nəticəsində insanların bu və ya digər tələbatını ödəmək xassəsinə malik olan əmək məhsulları yaranır.
İstehsalın şəxsi amili ilə maddi amili ikisi birlikdə və qarşılıqlı əlaqədə cəmiyyətin məhsuldar qüvvələrini təşkil edir.
Məhsuldar qüvvələrin inkişafı insanların təbiət qüvvələrini və hadisələri üzərində hökmranlıq dərəcəsini ifadə edir və öz əksini əmək məhsuldarlığının yüksəldilməsində, cəmiyyətin sərvətinin artmasında tapır. Məhsuldar qüvvələrin inkişaf səviyyəsi ictimai tərəqqinin başlıca meyarı və ən mühüm ümumi göstəricisidir.
İctimai tərəqqinin bir pilləsindən digərinə keçilməsi inkişafı dayandırmır və mövcud məhsuldar qüvvələrin məhv edilməsini tələb etmir. Əksinə, hakimiyyətə gəlmiş qabaqcıl sinif köhnə cəmiyyətdə yaradılmış məhsuldar qüvvələrdən istifadə etməklə onları yenidən qurmağa, keyfiyyətcə yeni səviyyəyə qaldırmağa nail olur, öz hakimiyyətini qəti olaraq bərqərar edir.
İstehsal prosesində insanlar yalnız təbiətlə deyil, həm də az aralarında müəyyən münasibətlərə girirlər.
İctimai istehsal, maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesində insanların iradəsindən , istək və arzularından asılı olmayaraq meydana çıxan münasibətlərin məcmusu istehsal münasibətləridir.
İstehsal münasibətləri bütün ictimai münasibətlər sistemində başlıca, həlledici münasibətlərdir, cəmiyyətin ictimai bazisidir.
İstehsal münasibətlərinin aşağıdakı iki növünü bir- birindən fərqləndirmək lazımdır.
Təşkilati- iqtisadi münasibətlər.
Sosial- iqtisadi münasibətlər.
Təşkilati- iqtisadi münasibətlər məhsuldar qüvvələrin inkişaf dərəcəsi və təşkili səviyyəsini səciyyələndirir. Buna əmək bölgüsü, istehsalın ixtisaslaşdırılması, kooperasiyalaşdırılması, təmərküzləşməsi, mərkəzləşməsi və s. aiddir.
Sosial- iqtisadi münasibətlər isə istehsalın ictimai formasını ( xüsusi kapitalist, xırda əmtəə istehsalı və s. ) ifadə edir.
Dostları ilə paylaş: |