Mövzu 10. İstehsal xərcləri və mənfəət( 4 saat).
Plan
1. Istehsal xərclərinin mahiyyəti,quruluşu və təsnifləşdirilməsi.
2. Firmaların qısa və uzunmüddətli dövrdə fəaliyyətləri və xərcləri.
3. Miqyasın səmərəliliyi və ya istehsalın miqyasının genişləndirilməsinin müsbət və mənfi cəhətləri.
4. Mənfəətin məzmunu, onun növləri, vəzifələri və artırılması yolları. Normal və xalis mənfəət.
1. Istehsal xərclərinin mahiyyəti,quruluşu və təsnifləşdirilməsi.
Məhsulların istehsalı prosesində xammal, material, yanacaq, elektrik enerjisi, əməyin müxtəlif növləri sərf olunur, əsas kapital ünsürləri – maşın və avadanlıqlar, binalar istifadə olunduqca köhnəlir və öz dəyərlərinin bir hissəsini amortizasiya ayırmaları formasında istehsal edilən məhsulların üzərinə keçirirlər. Deməli, bu və ya digər məh-sulun istehsalına müəyyən miqdarda canlı və maddiləşmiş əmək sərf olunur və bunlar istehsal xərclərini əmələ gətirir.
Lakin istehsal xərcləri kateqoriyası ilə əlaqədar iqtisadçılar arasında fikir birliyi yoxdur. Demək olar ki, iqtisadi məktəblərin hamısının tanınmış nümayəndələri bu barədə fikir söyləmişlər. Məsələn, klassik burjua siyasi iqtisadının nümayəndələri A. Smit və D. Rikardo istehsal xərcləri haqqında öz mülahizələrini bildirir və onu istehsal qiyməti ilə eyniləşdirirlər. Ingiltərə iqtisadçıları R. Torrens, C. Mill, C. Mak-Kulloh belə hesab edirdilər ki, əmtəələrin dəyəri əmək haqqı, mənfəət və rentadan ibarətdir. J. B. Seyin fikrincə istehsal xərcləri üç amildən – əmək, torpaq, kapital – əmələ gəlir. Fransız iqtisadçısı N. Senior istehsal xərclərinin izahının subyektiv variantını irəli sürmüşdür. Onun fikrincə dəyərin kəmiyyəti işçilərin və sahibkarların şəxsi istehlakdan imtina etmələrinin nəticəsidir.
K. Marksa görə əmtəələrin istehsalı üzrə cəmiyyətin və müəssisələrin istehsal xərclərini bir-birindən fərqlən-dirmək lazımdır. Məhsulların hazırlanması ilə əlaqədar sərf olunan bütün canlı və maddiləşmiiş (keçmiş) əmək məsrəfləri cəmiyyətin istehsal xərclərini əmələ gətirir. A. Marşall istehsal xərclərinin obyektiv və subyektiv variant-larını birləşdirməyə cəhd göstərmişdir. O, belə hesab edirdi ki, istehsal xərcləri işçilərin «əziyyəti» və sahibkarların «imtinasının» cəmidir. Müasir dövrdə Qərb ölkələrin-də istehsal xərclərini həm mahiyyət, həm də quruluş və terminologiya cəhətdən onun marksist konsepsiyasından fərqləndirirlər. Əgər əvvəllər istehsal xərclə-rinin əsas hissəsi istehsalda bilavasitə çalışan işçilərin əmək haqqından ibarət idisə, hazırda onun tərkibində qeyri-istehsal işçilərinin əməyi, marketinq, idarəetmə, reklam və s. əlaqədar xərclər çoxluq təşkil edir.
Kempbell R. Makkonnell və Stenli L. Bryunun «Ekonomiks» kitabında istehsal xərcləri belə səciyyələndirilir: «Istehsal xərclərinə mülkiyyətçiyə məxsus olan və istehsal prosesi üçün ehtiyatlardan kifayət qədər göndərilməsinə təminat verən bütün ödənişlər daxildir. Burada malgöndərənlərə ödənilən kənar (xarici) xərclər, habelə daxili xərclər nəzərdə tutulur. Daxili xərclərin ünsürlərindən biri sahibkarın yerinə yetirdiyi vəzifələrin müqabilində götürdüyü normal mənfəətdir»1.
Beləliklə, müxtəlif iqtisadi məktəblərin nümayəndə-lərinin fikrincə, hər bir məhsulun istehsalına müəyyən miq-darda iqtisadi ehtiyatlar və ya istehsal amilləri (əmək, kapital və s.) sərf olunur ki, bazar iqtisadiyyatı şəraitində bunlar dəyər forması alır və istehsal xərclərini əmələ gətirir.
Iqtisadi ədəbiyyatda istehsal xərcləri aşağıdakı kimi təsnifləşdirilir: 1) Kənar və daxili xərclər; 2) Alternativ xərclər; 3) Sabit, dəyişən və ümumi xərclər; 4) Orta və son hədd xərcləri.
Istehsal xərclərini hər şeydən əvvəl, firma miqya-sında nəzərdən keçirmək lazımdır. Bu, onunla əlaqədardır ki, ayrı-ayrı firmalar hər hansı bir məhsulu istehsal etməyi qarşılarına məqsəd qoyarkən birinci növbədə daha çox mənfəət əldə etməyə çalışırlar. Başqa sözlə, hər bir firma elə istehsal prosesi seçməli və təşkil etməlidir ki, bu, eyni miqdarda məhsul istehsal etmək üçün daha az istehsal amillərindən istifadə etməyə imkan versin, sahibkar üçün sərfəli olsun.
Firmaların məhsul istehsalı ilə əlaqədar çəkdikləri xərcləri iki yerə bölmək olar: 1) Kənar (xarici) xərclər; 2) Daxili xərclər.
Məlum olduğu kimi, firmalar istehsal prosesini təşkil etmək üçün kənardan müəyyən iqtisadi ehtiyatları – xammal, yanacaq, elektrik enerjisi satın alır, muzdla tutulmuş işçilərə əmək haqqı verir, göstərilən nəqliyyat xidmətlərinin dəyərini ödəyir. Bütün bunlarla əlaqədar olan xərclər kənar (xarici) xərclər adlanır. Lakin firmalar özlərinə məxsus ehtiyatlardan da istifadə edirlər ki, bunlara da daxili xərclər deyilir. Məhsulların istehsalına çəkilən xərclər həm də onların «sərf olunduğu yerlər», məhsulların və xərclərin növləri üzrə qruplaşdırılır. Xərclərin sərf olunduğu yerlər dedikdə onla-rın sexlər,sahələr və digər bölmələr üzrə müəyyən edilməsi nəzərdə tutulur. Hər məhsul və yerinə yetirilmiş iş növü üzrə də xərclər hesablanır. Bununla əlaqədar olaraq xərclər, kalkulyasiya maddələri və xərc ünsürləri üzrə təsnifləşdirilir.
Bazar iqtisadiyyatına keçildiyi müasir şəraitdə kiçik və orta müəssisələrin çoxunda kalkulyasiya maddələrinə aşağı-dakı xərclər daxil edilir: maddi xərclər (xammallar, materi-allar, yanacaq və texnoloji məqsədlər üçün elektrik enerjisi); əmək haqqı xərcləri; idarəetmə və istehsala xidmət göstəril-məsi ilə əlaqədar xərclər (üstəlik xərclər). Geniş mənada isə kalkulyasiya maddələri üzrə xərclərə aşağıdakılar daxildir: 1)Xammal və materiallar (tullantılar çıxılmaqla); 2)koope-rasiya əlaqələrində olan müəssisələrdən satın alınmış məmu-lat və yarımfabrikatlar; 3) əsas istehsalat işçilərinin əmək haqqı; 4) istehsalat işçilərinin əlavə əmək haqqı; 5) istehsalat işçilərinin əsas və əlavə əmək haqqına görə hesablanmış so-sial sığorta ayırmaları; 6) istehsalın hazırlanması və mənim-sənilməsi ilə əlaqədar xərclər; 7)Avadanlıqların saxlanması və istismarı ilə əlaqədar olan xərclər; 8) sex xərcləri; 9) ümumzavod xərcləri; 10) zay məhsula görə itkilər; 11) Istehsaldankənar xərclər.
Xərclər iqtisadi məzmununa (xərc ünsürlərinə) görə aşağıdakı kimi qruplaşdırılır: 1)maddi xərclər (istehsalata qaytarılmış tullantıların dəyəri çıxılmaqla); 2) əmək haqqı üzrə xərclər; 3) sosial ehtiyaclar (məqsədlər) üçün ayırmalar 4)əsas kapi-talın (əsas fondların) amortizasiyası; 5)digər xərclər.
Firmaların fəaliyyətinə qiymət verərkən alternativ xərclər xüsusi əhəmiyyət kəsb edir. Alternativ xərclər de-dikdə, daha çox gəlir əldə etmək məqsədilə eyni məbləğdə vəsaitin tətbiq olunması üçün əlverişli, daha çox səmərə verən fəaliyyət növünün seçilməsi nəzərdə tutulur.
Sabit və dəyişən xərcləri də bir-birindən fərqləndir-mək lazımdır. Istehsalın həcminin dəyişməsindən asılı olmayan xərclərə sabit xərclər deyilir (FC – ingiliscə fixed costs). Sabit xərclər firmaların istehsal avadanlıqlarının mövcudluğu ilə əlaqədardır və buna görə də hətta həmin avadanlıqlardan istifadə olunmadıqda da ödənilməlidir. Sabit xərclərə istiqrazlar üzrə təəhhüdlərin ödənilməsi, ren-ta tədiyələri, bina və avadanlıqların dəyərindən hesablanan amortizasiya ayırmalarının bir hissəsi, sığorta haqları, firmanın idarə heyətinin əmək haqqı, müəssisədə işləmək üçün gələcək mütəxəssislərin hazırlanması ilə əlaqədar olan xərclər aid edilir. Elə xərclər də vardır ki, onlar istehsalın həcminin dəyişməsindən bilavasitə asılıdır. Başqa sözlə istehsalın həcmi dəyişdikdə həmin xərclər də dəyişir. Bu xərclərə dəyişən xərclər deyilir (VC – ingiliscə variable costs). Dəyişən xərclərə xammal, yanacaq, enerji sərfi, nəqliyyat xidmətinin ödənilməsi ilə əlaqədar olan xərcləri misal göstərmək olar. Lakin qeyd etmək lazımdır ki, istehsalın həcminin artması ilə əlaqədar olaraq məhsul vahidinə düşən bütün dəyişən xərclərin artması daimi xarakter daşımır. Belə ki, dövrün əvvəlində istehsalın artması ilə əlaqədar olaraq dəyişən xərclər aşağı sürətlə artır və müəyyən müddətədək (adətən istehsal olunan məhsulun dördüncü vahidinədək) davam edir. Bundan sonra isə dəyişən xərclər sonrakı hər məhsul vahidi hesabı ilə sürətlə artmağa başlayır.
Sabit və dəyişən xərclər ikisi birlikdə ümumi istehsal xərclərini əmələ gətirir (TC = FC + VC ; TC–ingiliscə total costs). Deməli, istər sabit, istərsə də dəyişən xərclərə qənaət edilməsi ümumi xərclərin azalmasına səbəb olur. Odur ki, istehsalçılar ümumi xərclərə biganə qala bizməzlər. Çünki orta, yaxud da məhsul vahidinə düşən istehsal xərcləri ümumi istehsal xərclərindən asılıdır. Bundan başqa, qiy-mətlər bir qayda olaraq orta istehsal xərcləri ilə müqayisə edilir. Orta istehsal xərclərini üç yerə bölmək olar: 1) Sabit orta istehsal xərcləri; 2) Dəyişən orta istehsal xərcləri; 3) Ümumi orta istehsal xərcləri.
Sabit orta istehsal xərcləri (AFC – ingiliscə average fixed costs) sabit istehsal xərclərinin (FC) ümumi məbləğini istehsal edilmiş məhsulların miqdarına (Q – ingiliscə quantity) bölmək yolu ilə aşağıdakı düsturla hesablanır.
AFC = FC : Q
Sabit istehsal xərcləri istehsalın həcmindən asılı olmadığına görə istehsal olunan məhsulun miqdarı artdıqca sabit orta istehsal xərcləri azalırDəyişən orta istehsal xərcləri (AVC – ingiliscə average variable costs) dəyişən istehsal xərclərinin (VC) ümumi məbləğini istehsal edilmiş məhsulların miqdarına (Q) bölmək yolu ilə aşağıdakı düsturla hesablanır:
AVC = VC : Q
Dəyişən istehsal xərclərinin ümumi məbləği «səmə-rəliliyin azalması qanunu»na tabe olduğuna görə, bu, öz əksini dəyişən orta istehsal xərclərində tapmalıdır.
Ümumi orta istehsal xərcləri (ATC) ümumi istehsal xərclərini (TC) istehsal edilmiş məhsulların miqdarına (Q) bölmək yolu ilə aşağıdakı düsturla müəyyən edilir:
ATC = TC : Q
Son hədd xərcləri (MC – ingiliscə marginal costs) dedikdə, əlavə məhsul vahidinin istehsalı ilə əlaqədar olaraq sərf edilən əlavə xərclər nəzərdə tutulur. MC məhsulun hər əlavə vahidinə görə hesablana bilər. Bunun üçün sadəcə olaraq əlavə məhsulun istehsalına sərf olunan xərci, istehsal edilmiş əlavə məhsulun miqdarına bölmək lazımdır. Bunu belə ifadə etmək olar:
MC = TC-nin dəyişməsi : Q-nin dəyişməsi
Son hədd xərcləri konsepsiyasının strateji əhəmiyyəti vardır. Çünki bu, firmanın nəzarət edə biləcəyi xərcləri müəyyən etməyə imkan verir. Daha dəqiq desək, MC məhsulun son vahidi istehsal olunduqda firmanın artıq sərf edəcəyi xərci, yaxud da istehsalın həcmi ixtisar edildikdə və buna görə də son məhsul vahidinin istehsalı dayandırıldıqda əldə edəcəyi «qənaəti» göstərir.
Son hədd xərcləri ilə son məhsuldarlığın kəmiyyəti arasında qarşılıqlı əlaqə vardır. Belə ki, əməyin hər sonrakı vahidinin eyni qiymətə satın alındığı fərz edilməklə, hər əlavə işçinin son məhsuldarlığı artdığı zaman istehsal olunan məhsulun hər əlavə vahidinə düşən son hədd xərcləri aşağı düşür. Bu, onunla əlaqədardır ki, son hədd xərcləri sadəcə olaraq qiymətlərin dəyişmədiyini göstərir, yaxud da muzdla tutulmuş əlavə işçilərə verilən əmək haqqının onların məhsuldarlığına bölünməsi yolu ilə əldə edilən kəmiyyəti ifadə edir.
Firmaların ümumi və orta xərclərinin kəmiyyətinə iki əsas amil təsir göstərir: 1) istifadə olunan texnologiya; 2) iq-tisadi ehtiyatların qiymətləri. Yeni, mütərəqqi texnologiya-dan istifadə edilməsi xərclərin azaldılmasına imkan verir. Məsələn, digər şərtlər sabit qalmaqla, istifadə olunan texno-logiya və ona uyğun gələn texnikadan istifadə olunduqda və ondan əvvəl əmək haqqının ödənilməsi ilə əlaqədar olan xərcləri müqayisə edək. Tutaq ki, ənənəvi texnikadan istifa-də olunduqda işçi bir saat ərzində 10 məmulat hazırlayır və bunun müqabilində 1manat əmək haqqı alır. Deməli, mə-mulat vahidinin hazırlanmasına çəkilən xərc 10 qəpiyə bəra-bərdir. Daha mütərəqqi texnologiya tətbiq olunduqda isə işçi bir saatda 20 məmulat istehsal edir və onun əmək haqqı 1,6 manat, məhsul vahidinə çəkilən əmək haqqı xərci isə 8 qəpik təşkil edir. Deməli, nəzərdən keçirilən misalda əmək haqqının artmasına baxmayaraq məmulatın hər vahidinə düşən xərc 10 qəpikdən 8 qəpiyə düşmüşdür.
Istehlak olunan iqtisadi ehtiyatların qiymətlərinin yüksəlməsi bütün xərc növlərinin artmasına, əksinə aşağı düşməsi onun azalmasına səbəb olur. Həm də qeyd etmək lazımdır ki, real həyatda iqtisadi ehtiyatlardan bəzilərinin qiyməti yüksəlir, bəzilərininki isə aşağı düşür. Bu,təbii olaraq onların bir-birini əvəz etməsinə gətirib çıxarır.
.
2. Firmaların qısa və uzun müddətli dövrlərdə fəaliyyətləri və xərcləri.
Istehsal prosesində istifadə olunan ehtiyatların həc-minin dəyişməsinə müxtəlif miqdarda vaxt sərf olunur. Bununla əlaqədar olaraq qısa və uzun müddətli dövrləri bir-birindən fərqləndirmək lazımdır.
Qısa müddətli dövr dedikdə, müəssisənin malik ol-duğu mövcud güclərdən istifadənin intensivlik dərəcəsini dəyişdirmək üçün kifayət edən və özünün istehsal güclərini dəyişdirmək üçün lazım olan dövr nəzərdə tutulur. Bu dövrdə firmaların istehsal gücləri dəyişməz qalsa da, çox və ya az miqdarda canlı əmək, xammal və başqa ehtiyatları tətbiq etmək yolu ilə istehsalın həcmini dəyişdirmək olar. Və bu dövrdə mövcud istehsal güclərindən az və ya çox intensiv istifadə edilir.
Uzun müddətli dövr dedikdə, istehsal gücləri də daxil olmaqla bütün iqtisadi ehtiyatların miqdarının dəyiş-dirilməsi üçün kifayət edən uzun bir dövr nəzərdə tutulur. Uzun müddətli dövrə həmçinin ayrı-ayrı sahələrin məna-feləri baxımından, bu və ya digər sahədə fəaliyyət göstərən firmaların ləğv edilməsi və onların bu sahələri tərk etmə-ləri, yeni firmaların meydana gəlməsi və həmin sahələrdə qərarlaşmaları üçün zəruri olan vaxt da daxildir. Beləliklə, qısa müddətli dövr istehsal güclərinin dəyişmədiyi, uzun müddətli dövr isə onların dəyişdiyi dövrü səciyyələndirir.
Qısa və uzun müddətli dövrlər bir-birindən yalnız müddətə görə deyil, həm də ümumi təsəvvürlərə görə fərqlə-nir. Belə ki, yüngül sənaye müəssisələrində istehsal güclərini az qala bir gecədə dəyişdirmək mümkündür. Lakin ağır sənayedə vəziyyət tamamilə başqadır. Məsələn, yeni bir neftayırma zavodu tikdirmək üçün bir neçə il lazım gəlir.
Firmaların qısa müddətli dövrdə fəaliyyətlərini nəzərdən keçirdikdə müəyyən miqdarda məhsul buraxılışı-nı təşkil etmək məqsədilə yalnız bir istehsal amilinin dəyişdiyi fərz edilir. Uzunmüddətli dövrdə isə firma müəyyən miqdarda məhsul buraxmaq məsələsini tətbiq olunan bütün istehsal amillərini dəyişməklə həll edə bilər. Lakin bu cür qərarların qəbul edilməsi sahibkarın üzərinə böyük məsuliyyət qoyur. Ona görə ki, yol verilən hər hansı bir səhv məhsuldarlığı aşağı olan avadanlıqların istehsalının təşkili, onların reallaşdırılmasında çətinliklərin meydana çıxmasına, bu isə öz növbəsində onun müflis-ləşməsinə səbəb ola bilər. Bundan başqa, uzunmüddətli dövr üzrə qərarlar qəbul olunarkən gələcəkdə istehsal ehtiyatlarının qiymətlərinin dəyişib-dəyişməməsi, bazarın mümkün olan konyukturası, bütövlükdə sahənin vəziyyəti nəzərə alınmalıdır.
Firma daha çox mənfəət əldə etmək üçün istehsalı elə təşkil etməlidir ki, bu, buraxılan məhsul vahidinə düşən xərclərin azalmasına imkan versin. Qısa müddətli dövrdə firmanın fəaliyyətini nəzərdən keçirəndə olduğu kimi, burada da iqtisadi ehtiyatların qiymətlərinin dəyişdiyi ehtimal edilir.
Məlum olduğu kimi, əmək və kapitalın həcmi və on-lar arasındakı nisbət müəyyən miqdarda məhsul buraxıl-masına imkan verir. Başlıca vəzifə bu istehsal amillərinin birinin digəri ilə əvəz edilməsi nəticəsində məhsul vahidinə düşən xərclərin azaldılmasına imkan yaratmaqdır. Firma əməyi kapitalla, yaxud da əksinə, kapitalı əməklə o vaxta qədər əvəz edəcəkdir ki, əmək amilinin bir manatına düşən son məhsul, kapitalın bir manatına düşən son məhsula bərabər olsun. Bunu aşağıdakı misalla izah edək. Tutaq ki, ay əzində əmək vahidinin dəyəri 250 manat, kapital vahidinin dəyəri isə 100 manat təşkil edir. Indi deyək ki, hər əlavə kapital vahidinin müqabilində məhsul buraxılışı 10 vahid artır, yəni kapitalın son məhsulu 10-dur, əməyin son məhsulu isə 5 vahidə bərabərdir. Deməli, əlavə əmək amili, əlavə kapital amili ilə əvəz olunmalıdır. Çünki əlavə kapital amili daha çox səmərə verir. Bu 10/100>5/250 formulu ilə əlaqədardır.
3. Miqyasın səmərəliliyi və ya istehsalın miqyası-nın genişləndirilməsinin müsbət və mənfi cəhətləri.
Təcrübə göstərir ki, istehsalın miqyasının genişlən-dirilməsi müəyyən dövr ərzində məhsul vahidinə çəkilən xərclərin azalmasına, sonra isə artmasına səbəb olur. Bunlardan biri istehsalın miqyasının səmərəli, digəri isə səmərəsiz olmasıdır. Başqa sözlə, müəssisələrin həcmi genişləndikcə bə-zi amillər orta istehsal xərclərinin aşağı düşməsinə, bəziləri isə əksinə artmasına səbəb olur. Birinci qrup amillərə başlı-ca olaraq əməyin, o cümlədən idarəetmə əməyinin ixtisas-laşdırılmasını, kapitaldan səmərəli istifadə olunmasını, köməkçi məhsullar istehsalının təşkilini misal göstərmək olar.
Əməyin ixtisaslaşdırılması səviyyəsinin yüksəldilməsi istehsalın miqyası genişləndikdə mümkündür. Əlavə muzdlu işçilərin işə qəbul edilməsi o deməkdir ki, tapşırıq-lar onlar arasında daha konkret bölünə bilər. Başqa sözlə, əməyin ixtisaslaşdırılması dərinləşdikdə hər bir işçi istehsal prosesinin gedişində bir neçə əməliyyatı yerinə yetirmək əvəzinə, konkret olaraq bir əməliyyat üzrə tapşırıq alır. O, bütün iş günü ərzində özünün ixtisasına uyğun gələn əməliyyatı yerinə yetirməklə məşğul olur. Kiçik müəssisə-lərdə isə ixtisaslı işçilər bəzi hallarda iş gününün yarıya qədərini heç bir ixtisas tələb etməyən işlərin yerinə yetiril-məsinə sərf edir ki, bu da istehsal xərclərinin artmasına səbəb olur.
Istehsalın miqyasının geniş olması idarəetmə ilə məş-ğul olan işçilərin əməyindən səmərəli istifadə edilməsinə im-kan verir. Məsələn, 30 nəfər işçinin əməyinə nəzarət etmək qabiliyyətinə malik olan rəhbər işçinin əməyi 10 nəfər işçisi olan kiçik müəssisədə az səmərəli olur. Bu isə o deməkdir ki, bu halda iri müəssisələrdə idarəetmə aparatı dəyişməz qalmaqla sənaye–istehsal heyəti işçilərinin sayının üçqat artırılması imkanı var. Eyni zamanda qeyd etmək lazımdır ki, kiçik firmalar idarəetmə ilə məşğul olan mütəxəssislərin əməyindən öz təyinatlarına görə istifadə etmək imkanına malik deyildirlər. Kiçik firmalar əksəriyyət hallarda mütərəqqi texno-logiyaya əsaslanan avadanlıqlardan istifadə edə bilmirlər. Çünki bir çox məhsul növlərinin istehsalı üçün istifadə edilən maşınları satın almağa onların gücü çatmır. Deməli, ən yaxşı avadanlıqları iri müəssisələr satın ala və istehsal prosesində istifadə edə bilirlər. Istehsalı iri miqyasda iəşkil edən müəssisələr kiçik müəssisələrə nisbətən əlavə məhsul istehsalını təşkil etmək imkanına malikdirlər. Məsələn, ətin qablaşdırılması ilə məşğul olan iri müəssisələr, əmələ gələn tullantılardan yapışqan, gübrə, dərman preparatları və bir sıra digər məhsullar hazırlayırlar, halbuki kiçik müəssisələr üçün bunlar iqtisadi cəhətdən sərfəli deyildir.
Lakin istehsalın miqyasının həddindən artıq genişlən-dirilməsi mənfi iqtisadi nəticələrə və deməli, məhsul vahidi-nə düşən istehsal xərclərinin artmasına gətirib çıxara bilər. Miqyasın genişləndirilməsinin mənfi cəhətləri idarəetmədə baş verən çətinliklərlə əlaqədardır.
Beləliklə, nəzərdən keçirilənlərə əsasən belə bir ümu-mi nəticə çıxarmaq olar ki, miqyasın səmərəsinin aydınlaş-dırılmasına müsbət və mənfi cəhətdən yanaşmaq lazımdır. Istehsalın genişləndirilməsinin müsbət cəhətləri aşağıda-kılarla əlaqədardır:
– Müəssisələrin həcmi böyüdükcə istehsalda və idarə-etmədə ixtisaslaşdırmanın üstünlüklərindən istifadə olun-ması imkanları da artır;
–Daha iri müəssisələrdə yüksək məhsuldarlıqlı və çox qiymətli avadanlıqlardan istifadə edilməsi mümkün olur;
– Əsas istehsalatların tullantıları əsasında məhsul buraxılışını təşkil etmək üçün fəaliyyətin diversifikasiya-laşdırıılması, köməkçi istehsalatların yaradılması imkanı daha böyük olur;
Miqyasın mənfi cəhətləri həddən çox böyük firm-alarda idarəetmənin pozulması ilə əlaqədardır. Çünki:
– Müəssisələrin ayrı-ayrı bölmələri arasındakı qarşı-lıqlı əlaqələrin faydalılığı azalır, firma çevikliyini itirir;
– Firmaların rəhbərliyi tərəfindən qəbul olunan qə-rarların həyata keçirilməsinə nəzarət çətinləşir;
– Firmaların ayrı-ayrı bölmələrində «yerli» maraq-larla ümumi maraq arasında ziddiyyət əmələ gəlir;
– Firmaların həcmi böyüdükcə qərarların qəbulu üçün lazım olan informasiyaların verilməsi və «işlənməsi» ilə əlaqədar olan xərclər artır;
Miqyasın səmərəliliyi müxtəlif sahələrdə eyni deyildir. Elə sahələr var ki, bazarın tələbini ödəmək üçün kifayət edən çox böyük həcmdə məhsul buraxıldıqda da xərclər minimuma enir. Bunlara təbii inhisarların mövcud olduğu sahələri misal göstərmək olar. Xərclərə qənaət etmək məq-sədilə belə sahələrdə bir iri firmanın fəaliyyət göstərməsi məqsədəuyğundur. Təbii inhisarlara iri şəhərlərin elektrik, qaz, su təchizatı müəssisələri misal ola bilər. Təbii inhisarların fəaliyyəti dövlət tərəfindən tənzimlənir.
Xərclərin və zərərin azaldılması, mənfəətin isə artırı-lması son nəticədə bazar iqtisadiyyatında firmanın vəziy-yətinin sabit və möhkəm olmasını təmin etmək, mənfəət götürmək üçün bir vasitədir.
4. Mənfəətin məzmunu, onun növləri, vəzifələri, artırılması yolları. Normal və xalis mənfəət.
Firmanın ümumi gəliri dedikdə, istehsal olunmuş məh-sul və xidmətlərin satışından əldə edilən pul vəsaiti nəzərdə tutulur. Gəlirin kəmiyyətinə aşağıdakı iki amil təsir göstərir; 1) istehsal edilmiş məhsulun həcmi; 2)qiymətlərin səviyyəsi.
Firma, azad rəqabət bazarında əmələ gələn qiymətlərlə bazarın imkan verdiyi qədər məhsul reallaşdıra bildiyinə görə ümumi gəlir (TR) istehsal edilmiş məhsulun dəyərinə (QP) bərabər olur.
Yəni:
TR=QP
Firmanın orta gəliri isə məhsul vahidinə görə belə mü-əyyən edilir:
TR:Q
Lakin xalis inhisar və oliqopoliya bazarlarında gəlirin müəyyən edilməsinə yanaşmada müxtəliflik vardır. Belə ki, xalis inhisarçı daha çox məhsul satmaq üçün qiymətləri aşa-ğı salmalıdır. Qiymət satışın həcmindən asılı olan dəyişən kə-miyyət olduğu üçün, aşağıdakı bərabərliyi yazmaq olar:
TR = P (Q)Q
Inhisarçının orta gəliri isə belə müəyyən edilir:
TR / Q
Məhsulun reallaşdırıldığı orta qiyməti inhisarçının şəxsən özü müəyyən edir. Başqa sözlə, inhisarçı satışın həcmini artırmaqla qiymətləri dəyişdirir (aşağı salır). Deməli qiymət sabit kəmiyyət deyildir.
Inhisarçının son gəliri onun əlavə daha bir məhsul va-hidinin satışından əldə etdiyi əlavə gəlir deməkdir
Firmaların fəaliyyətinə qiymət verərkən istifadə olu-nan göstəricilərdən biri də mənfəətdir.
Mənfəət sahibkarlıq fəaliyyətinin iqtisadi səmərəlilik göstəricisidir. Mənfəətin aşağıdakı növləri vardır: 1) iqtisadi və ya xalis mənfəət; 2) normal mənfəət.
Bazar iqtisadiyyatı şəraitində ən mühüm anlayışlardan biri iqtisadi və ya xalis mənfəətdir. Iqtisadi mənfəət dedikdə firmanın ümumi gəliri ilə ümumi xərcləri (daxili və kənar) arasındakı fərq nəzərdə tutulur.
Iqtisadi mənfəətin müəyyən edilməsi nə qədər sadə görünsə də, onu normal mənfəətdən və ya sahibkar gəlirin-dən fərqləndirmək lazımdır. Artıq əvvəllərdə göstərildiyi ki-mi, daxili və ya kənar ödəmə olub olmamasından asılı olma-yaraq kapitala görə ödənilən faiz məbləği və iqtisadi renta kimi sahibkarın mənimsədiyi normal mənfəət də istehsal xərclərinə daxildir. Bazar nəzəriyyəsinə uyğun olaraq bütün istehsal amilləri (əmək, kapital, torpaq və sahibkarlıq qabi-liyyəti) yeni dəyər yaradır, onun konkret formaları (əmək haqqı, faiz məbləği, renta və sahibkar gəliri) isə həmin mül-kiyyət sahiblərinin gəlirlərini təşkil edir. Beləliklə, hər hansı bir sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və onu qoruyub saxlamaq üçün lazım olan mənfəət məbləğinə normal mənfəət deyilir. Normal mənfəət daxili xərclərin tərkib ünsürlərindən biridir. Normal mənfəət təmin olunmadıqda hətta bəzi hallarda muzdla işləməyə üstünlük verir.
Bazar iqtisadiyyatı şəraitində iqtisadi mənfəəti marksist siyasi iqtisaddakı üstəlik izafi dəyər anlayışı ilə mü-qayisə etmək olar. Lakin müasir bazar iqtisadiyyatı nəzəriy-yəsindəki üstəlik mənfəətin əmələ gəlməsi başqa cür aydın-laşdırılır. K.Marksın irəli sürdüyü üstəlik mənfəət məhsul vahidinin istehsalına sərf olunan xərclərin azaldılmasına imkan verən ən yeni texnika və mütərəqqi texnologiyaları tətbiq edən kapitalistin əldə etdiyi izafi dəyərdir. Əmtəələri az xərclə istehsal edən və bazar qiymətləri ilə reallaşdıran firmalar digər istehsalçılara nisbətən üstəlik mənfəət əldə edirlər ki, onun da mənbəyi muzdlu işçilərin əməyidir.
Inhisar mənfəəti ehtiyatlardan istifadə olunması və ya təbii ehtiyatların məhdudluğu şəraitində məhsullara yüksək inhisar qiymətinin müəyyən edilməsi nəticəsində əldə edilə bilər. Ehtiyatlardan istifadə olunması ilə əlaqədar məhdu-diyyətlərə patent və lisenziyaları misal göstərmək olar. Bu, imkanlı şirkətlərin yeni texnika və texnologiyalardan başqa-larının istifadə etməmələri üçün təzyiq göstərmələri for-masında həyata keçirilir. Təbii ehtiyatların məhdudluğuna gəldikdə, çox nadir ehtiyatları çox az olan nadir resurslar öz sahibinə yüksək mənfəət, renta, faiz və əmək haqqı əldə etmək imkanı verə bilər.
Beləliklə, mənfəət sahibkarlıq fəaliyyətinin iqtisadi səmərəlilik göstəricisi olduğuna görə hər bir hüquqi və ya fiziki şəxs onun artırılmasına xüsusi diqqət yetirir və bu məqsədlə müxtəlif vasitə və yollardan istifadə edir. Görün-düyü kimi, mənfəət uğrunda mübarizə aparmaq və onu artırmaq üçün müxtəlif üsullardan istifadə etmək istehsalı təşkil edən hər bir sahibkarın başlıca məqsədidir. Və buna əsasən demək olar ki, mənfəət iqtisadi mexanizmdə çox mühüm rol oynayır. Bu isə onun yerinə yetirdiyi vəzifələrdən irəli gəlir.
Mənfəətin başlıca vəzifələrindən biri, onun istehsal-da əmək məsrəflərinə qənaət edilməsinin ölçüsü olmasıdır. Bu, mənfəətin digər vəzifələrinin yerinə yetirilməsi üçün əsasdır. Çünki mənfəət əməyə qənaət olunduqda–əmək məhsuldarlığı yüksəldikdə, buraxılmış məhsulların hər va-hidinə çəkilən xərc aşağı salındıqda, kapitalverimi artırıl-dıqda–mümkündür. Mənfəətin kütləsinə təkcə əməyə qəna-ət edilməsi deyil, istehsal olunan və satılan məhsulların həcmi də təsir göstərir. Buna isə həm işçilərin sayının artı-rılması (ekstensiv amil), həm də əmək məhsuldarlığının yüksəldilməsi (intensiv amil) yolu ilə nail olmaq mümkündür.
Mənfəətin artırılmasının ikinci amilindən istifadə edilməsi iqtisadi cəhətdən daha sərfəlidir. Çünki işçilərin sayının artırılması müəyyən həddə qədər mümkündür, digər tərəfdən isə əmək məhsuldarlığının yüksəldilməsi, həm də istehsal olunan məhsulların miqdarının artırıl-masına və onların istehsalına çəkilən xərclərin aşağı salın-masına imkan verir.
Dostları ilə paylaş: |