Mövzu İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat)



Yüklə 2,24 Mb.
səhifə2/30
tarix08.02.2020
ölçüsü2,24 Mb.
#102005
1   2   3   4   5   6   7   8   9   ...   30

Beləliklə, yuxarıda deyilənləri ümumiləşdirərək demək olar ki, iqtisadi nəzəriyyə cəmiyyətin tələbatını maksimum dərəcədə ödəmək məqsədilə məhdud miqdarda istehsal ehtiyatlarından səmərəli istifadə olunması və onların idarə edilməsi prosesində insanlar arasında meydana çıxan qarşılıqlı münasibətləri öyrənir. İqtisadiyyatı öyrənmə, dərketmə baxımdan yanaşdıqda onu mikroiqtisadiyyat, makroiqtisadiyyat, mezoiqtisadiyyat və meqoiqtisadiyyat sahələrinə bölmək olar. İdarəetmə baxımdan da iqtisadiyyat bu hissələrə bölünür:

M İ K R O İ Q T İ S A D İ Y Y A T – istehsalın və xidmətin müəssisə, firma səviyyəsində araşdırılması, təşkili və idarə edilməsi deməkdir. Burada istehsal xərcləri, mənfəət, qiymət, əmək haqqı, tələb- təklif kimi iqtisadi amillərdən daha konkret şəkildə istifadə olunur və idarəetmədə daha çevik formalar seçilir.


M A K R O İ Q T İ S A D İ Y Y A T – həir ölkənin və regionun iqtisadiyyatının bütövlükdə öyrənilməsi, araşdırılması və təhlili deməkdir. Makroiqtisadiyyat səviyyəsində cəmiyyənin, ölkənin, milli iqtisadiyyatı ən başlıca iqtisadi problemləri dayanır. Burada ictimai istehsalın məcmusu, milli gəlir, onların artımı, bölgüsü, sosial tələbatların təmin olunması və s. kimi problemlər öyrənilir.

M E Z O İ Q T İ S A D İ Y Y A T – makroiqtisadiyyatın yarım sistemidir, bir- biri ilə üzvü bağlı sahələr kompleksidir. Bura ASK , aqrar- biznes, hərbi sənaye kompleksi və s. daxildir. Bunların maddi əsasını əmək bölgüsü və kooperativləşmə təşkil edir. Hərbi sənaye kompleksi hərbi və mülki istehsal sahələrinin qarşılıqlı əlaqəsi ifadə olunur.

M E Q O İ Q T İ S A D İ Y Y A T – dünya təsərrüfatını, yəni beynəlxalq miqyasda iqtisadiyyatı öyrənir.

2. Iqtisadi nəzəriyyənin vəzifələri və öyrənilməsinin zəruriliyi.

Iqtisadi nəzəriyyənin öyrənilməsinə vaxt ayırmağa, buna əmək sərf et­məyə dəyərmi? Bu suala tanınmış iqtisadçı Con Meynard Keyns (1889-1946) belə cavab vermişdir: «Iqtisadçı­ların və siyasi xadimlərin ide­­yaları… düşünül-düyündən daha böyük əhəmiyyətə malikdir. Dün­ya­nı məhz onlar idarə edirlər. Özlərini intellektual təsir imkanlarına malik olan əməli iş adamları hesab edənlər keçmişin hər hansı bir iq­tisad­çı­sı­nın quludur»1.

Bunun nə dərəcədə həqiqətə uyğun olduğunu əsas-landırmaq üçün iqtisadi nəzəriyyənin yerinə yetirdiyi vəzifələri nəzərdən keçirək.

Hər bir elm kimi iqtisadi nəzəriyyə də müəyyən vəzifələri ye­ri­nə yetirir. Onun başlıca vəzifələrindən biri cəmiyyətin iqtisadi həya­tın­da baş verən hadisə və prosesləri öyrənmək və aydınlaşdırmaqdan iba­rət­dir. Bu, onun idrak funksiyasıdır.

Hər bir elmin nəzəri müddəaları ictimai həyatda nə qədər tez tət­biq edilirsə və özünü nə qədər tez doğruldursa, rəhbərlik üçün əsas və cəmiyyətin dəyişdirilməsində əməli nəticələr verirsə, onlar bir o qədər də­yərli olurlar. Ona görə də iqtisadi nəzəriyyə faktları sadəcə olaraq təs­vir etməklə kifayətlənmir. Bu fundamental elm iqtisadi həyatın də­rin­liklərinə nüfuz edir, iqtisadi prosesləri idarə edən qanunları aşkara çı­xarır və onlardan istifadə olunması yollarını göstə-rir. Bunlar iqtisadi nə­zəriyyənin idrak funksiyasının, onun, indi haqqında söhbət gedən ikin­ci – əməli funksiyası ilə əlaqədar olduğunu göstərir.

Iqtisadi nəzəriyyə həm də adamlarda siyasi və iqtisa-di şüuru, təfəkkürü formalaşdırmaq vəzifəsini yerinə yetirir. O, bu vəzifəni real ger­çəkliyi aşkara çıxarmaq və ümumi-ləşdir­mək yolu ilə həyata keçirir. Əgər o baş verən proses-ləri nəzəri cəhətdən aydınlaşdırmırsa, yığılıb qal­mış prob-lemlərə tənqidi yanaşmırsa və əməli vəzifələri düzgün həll et­mək üçün nəticə çıxarmırsa, onda onun bütün müddəaları havadan ası­lı qalır, özünün həyatiliyini itirir.

Iqtisadi nəzəriyyənin vəzifələrindən biri də onun bir sıra sahə (sə­nayenin, kənd təsərrüfatının, nəqliyyatın, təhsi­lin və s. iq­ti­sa­diy­yat­la­rı) və funksional (əmək iqtisadiyya­tı, maliyyə və kredit, pul tədavülü, marketinq, menecment və s.) elmlər üçün metodoloji əsas olmasıdır. Bu metodoloji əsas isə keç­mi­şin dahi iqti­sadçıları Adam Smitin, David Rikardonun, Con Styuart Mil­lin, Karl Marksın və Con Meynard Keynsin əsərlərinin təsiri al­tın­da yaranmışdır.

Beləliklə, iqtisadi nəzəriyyənin yerinə yetirdiyi vəzifələr belə bir nəticə çıxarmağa imkan verir deyək ki, onu öyrən­mək üçün vaxt ayır­ma­ğa, əmək sərf etməyə dəyər. Ona görə də hazırda iqtisadi siyasətlə məş­ğul olan dünya liderlərinin iqtisadçılarla məsləhətləşmələri, onların töv­siyələrini nəzə­rə almaları adi hala çevrilmişdır. Indi iqtisad-çılar hö­ku­mət or­qanlarında, parlamentlərdə yüksək vəzifə tuturlar. Məsə­lən, ABŞ prezidenti onun iqtisadi şurasına daxil olan iqtisadçı – məs­lə­hət­çi­lə­rin tövsiyələrindən daim istifadə edir. «ABŞ prezidentinin iqtisadi mə­ru­zəsində» işsizlik və inflyasiya, iqtisadi artım və məhsuldarlıq, vergilər və dövlət xərcləri, yoxsulluq və qeyri-bərabərlik, tədiyə ba-lansı və bey­nəl­xalq valyuta sistemi, iş verənlərlə işləyənlər arasında qarşılıqlı mü­na­si­bətlər, ətraf mühitin çirklənməsi, rəqabət və inhisar əleyhinə qa­nun­vericiliyə riayət olunması və b. iqtisadi problemlər xüsusi yer tutur.



Gündəlik həyatımızda rastlaşdığımız konkret prob­lem­lərin ək­sə­riyyəti iqtisadi məzmuna malikdir. Bunlar ayrı-ayrı bazarlarda, əm­­təə və fond birjalarında qiy­mətlərin qalxıb-enməsi­nin sə­bəb­ləri, ayrı-ayrı ölkələrdə xalqın ri­fa­hı­nın səviyyəsi və «key­fiy­yəti», istehsalın «Isveç modeli»nin və Azər­bay­can Demokra­tik Respublikasının (1918-1920) iqtisadi platformasında nə­zərdə tutulan iqtisadi məsələlərin və indiki Azərbaycan cəmiyyətində ge­dən sosial-iqtisadi proseslərin mahiyyəti, aztəminatlı ailələrin sosial mü­dafiəsinin təşkili, yeni iqtisadi münasibətlərin formalaşmasında döv­lət mülkiyyətinin özəl­ləş­di­rilməsinin rolu, vergilər, onların məzmunu, büd­cənin gəlirləri, xərcləri və s ibarətdir. Bütün bunlar cəmiyyətin iqtisadi həyatında çox mühüm rol oynayırlar. Təbiidir ki, cəmiyyətdə gedən so­sial-iqtisadi proseslərdən baş çıxarmaq, hərtərəfli informasiyaya ma­lik olmaq, qarşıya çıxan suallara inandı­rı­cı cavablar vermək istəyən hər kəs iqtisadi təfəkkürə malik olmalıdır.

Iqtisadi nəzəriyyənin bizneslə məşğul olanlar tərəfin-dən öy­rə­nil­məsinin xüsusilə böyük əhəmiyyəti vardır. Çünki iq­ti­sadi sistemin ma­hiyyəti və xarakterini daha yaxşı başa düşən, inflyasiyanın səbəbləri və nəticələri haqqında aydın təsəvvürə malik olan müəssisə rəhbəri, hə­min dövrdə və­ziy­yətdən çıxmaq üçün başqalarına nisbətən daha ağıllı qə­rar­lar qəbul edə bilir. Bunun nəticəsidir ki, iri şirkətələrin idarə olun­masına iqtisadçıları daha çox cəlb edirlər ki, bun­lar da in­for­ma­si­ya­ları toplamaq və təhlil etmək əsasında səmərəli qərarlar qəbul et­mək­lə məşğul olurlar.

Lakin iqtisadi nəzəriyyə çox böyük əməli əhəmiyyətə malik ol­sa da, onun tədqiqat obyektində nəzəri problemlər üstünlük təşkil edir və o, daha çox ümumi əhəmiyyət kəsb edən problemləri öyrənir. Bütün bun­lara əsasən demək olar ki, cəmiyyətdə gedən sosial-iqtisadi pro­ses­lər­dən baş çıxar­maq üçün iqtisadi nəzəriyyənin öyrənilməsinin çox bö­yük əhəmiyyəti vardır. Doğrudur, həyatda heç bir iqtisadi təlim gör­mə­miş elə adamlara, o cümlədən mütəxəssislərə rast gəlinir ki, onlar cəmiyyətdə gedən çox mürəkkəb iqtisadi proses­lərdən düzgün baş çı­xa­rır, çevikdirlər və yaranmış vəziyyətlə əlaqədar tez manevr etməyi yax­şı bacarırlar. Bütün bunlara baxmayaraq, hər cür inikas kimi, so­sial-iqtisadi münasibətlərin inikası olan iqtisadi təfəkkür də mürəkkəb və ziddiyyətli olduğu, bəzi hallarda hətta alda­dı­cı və təhrif olunmuş şə­kil­də göründüyü, cəmiyyətin inkişafı­na əks təsir göstərə bildiyi üçün iq­ti­sadi nəzəriyyənin öyrənilməsi ilə hamının müntəzəm məşğul olması ol­duq­ca vacibdir. P. Samuelsonun təbirincə, iqtisadi nəzəriyyənin öyrənilməsi ilə müntəzəm məşğul olmayan adam musiqi əsərinə qiymət verməyə cəhd göstərən kar adama bənzəyir.



Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin